Tanınmış
xanəndənin yaradıcılıq gecəsi
Aprelin 29-da Beynəlxalq Muğam Mərkəzində
tanınmış xanəndə, bəstəkar, pedaqoq, Əməkdar
artist Nuriyyə Hüseynovanın yaradıcılıq gecəsi
keçirilib.
Gecədə xanəndənin sənət dostları və
tələbələrinin çıxışları təqdim
olunub.
Müdafiə Nazirliyinin nümayəndəsi Əməkdar
incəsənət xadimi, polkovnik Abdulla Qurbani
çıxış edərək xanəndəyə təbriklərini
çatdırıb, onun hərbi hissələrdəki konsertləri
ilə hər zaman əsgərlərdə ruh yüksəkliyi
yaratdığını bildirib.
A.Qurbani xanəndəyə Müdafiə Nazirliyinin fəxri
fərmanını təqdim edib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri
Fazil Mustafa çıxışında xanəndənin sənəti,
ictimai və pedaqoji fəaliyyətindən söz
açıb. Bildirib ki, akademik Teymur Bünyadovun “Sən
olmasaydın”, yazıçı Rasim Gənzəlinin “Qəlbi
asiman kimi” kitabları xanəndənin həyat və
yaradıcılığına həsr olunub. Millət vəkili
muğam ifaçısının sənət yolunun yeni nəsil
xanımlar üçün nümunə ola biləcəyini
qeyd edib.
Azərbaycan Milli Konservatoriyasının rektoru Xalq
artisti Səyavuş Kərimi, professor Qəzənfər
Paşayev, ictimai xadim, tarixçi, professor Həsən Həsənov,
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru sənətşünaslıq
elmləri doktoru Alla Bayramova, Xalq artistləri Mənsum
İbrahimov, Nurəddin Mehdixanlı, Teyyub Aslanov, Munis Şərifov
və başqaları Nuriyyə Hüseynovanın
ifaçılıq manerasından, ölkəmizdə və
xaricdə muğam sənətinin təbliğinə töhfələrindən
bəhs ediblər. Bildirilib ki, Nuriyyə Hüseynova
ifaçılıqla yanaşı, uzun illərdir ölkəmizdə
muğamın tədrisi sahəsində də yorulmadan
çalışır.
Tədbirdə Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyi
adından xanəndəyə təbrik ünvanlanıb.
Gecənin konsert proqramı hissəsində Nuriyyə
Hüseynova tələbələri və sənət
dostları ilə birlikdə ifalar təqdim edib.
Özünün bəstələrinin də yer
aldığı proqram alqışlarla qarşılanıb.
Tədbirdə həmçinin xanəndənin bəstələrinin
not məcmuəsi də təqdim olunub. Müəllifin 25
mahnısının yer aldığı “İllərim, xatirələrim”
adlı məcmuəyə Xalq artisti Siyavuş Kərimi ön
söz yazıb. Mahnıları Naxçıvan Musiqi Kollecinin
müəllimi, Əməkdar artist Elman Əliyev nota
köçürüb.
Lalə
Mədəniyyət.-
2024.- 3 may, ¹33-34.- S.5.