Milli incəsənətin inkişafında xidmətlərinə görə

 

Xalq artistinə “Vətən övladı” ordeni təqdim olundu

 

“Azərbaycan dünyası” beynəlxalq dərgisi və “Dədə Qorqud” Milli Fondu idarə heyətinin birgə qərarı ilə milli incəsənətimizin inkişafına göstərdiyi mühüm xidmətlərə görə görkəmli kino və teatr aktyoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) professoru, Xalq artisti Məmmədsəfa Qasımov “Vətən övladı” ictimai ordeni ilə təltif edilib.

Aprelin 29-da ADMİU-da orden aktyora təqdim olundu. Tədbirdə həmçinin “Azərbaycan dünyası” jurnalının sənətkara həsr olunan buraxılışının təqdimat mərasimi keçirildi.

Mərasimdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, tanınmış incəsənət nümayəndələri və media mənsubları iştirak edirdilər.

ADMİU-nun rektoru professor Ceyran Mahmudova Məmmədsəfa Qasımovun çoxşaxəli yaradıcılığından danışdı, onun həm aktyor, həm də pedaqoq kimi peşəkarlıq keyfiyyətlərini vurğuladı.

“Dədə Qorqud” Milli Fondunun prezidenti, “Azərbaycan dünyası” dərgisinin təsisçisi və baş redaktoru Eldar İsmayıl rəhbəri olduğu fondun və nəşrin fəaliyyəti haqqında məlumat verdi, Məmmədsəfa Qasımovun səhnə və ekranda bənzərsiz sənətkarlığından söz açdı.

Aktyor yaradıcılığına göstərilən diqqətə görə təşəkkürünü bildirdi. Dedi ki, sənət adamının ən böyük mükafatı tamaşaçı sevgisi və oynadığı yeni-yeni rollardır.

Xalq artistləri İlham Namiq Kamal, Həmidə Ömərova, Oqtay Mirqasımov, Əməkdar incəsənət xadimləri Məryəm Əlizadə, Əli Əmirli, rejissor Tahir Tahiroviç və başqaları Məmmədsəfa Qasımovun yaradıcılığından, insani keyfiyyətlərindən danışdılar.

Tədbir boyunca sənətkarın unudulmaz obrazlar canlandırdığı “Cavid ömrü”, “Günaydın, mələyim!”, “Qütb ulduzu”, “Köhnə çamadanlar” və “Dolu” filmlərindən fraqmentlər nümayiş etdirildi.

 

Həmidə

Mədəniyyət.-  2024.- 3 may, ¹33-34.- S.5.