Sənətkar səmimiyyətinə məhəbbət nümayişi

 

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi sənətə xidmətdə keçən ömrə həsr olunmuş daha bir yubiley tədbirinə ev sahibliyi etdi. Aprelin 29-da sənətsevərlər görkəmli teatr və kino aktyoru, Xalq artisti, “Şöhrət” ordenli Hacı İsmayılovun anadan olmasının 80 illiyi münasibətilə keçirilən tədbirdə bir araya gəldilər.

Yubilyarın sənət dostlarının, səhnədə və ekranda tərəf-müqabillərinin, Mədəniyyət Nazirliyi nümayəndələrinin, media mənsublarının qatıldığı tədbiri muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova açaraq sənətkara xoş diləklərini çatdırdı, onun yaradıcılığından bəhs etdi.

Sənətşünaslıq doktoru, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və yaradıcılıq işləri üzrə prorektoru Məryəm Əlizadə, rejissor, Xalq artisti Mərahim Fərzəlibəyov, Xalq artistləri İlham Namiq Kamal, Cəfər Namiq Kamal, Həmidə Ömərova, Əli Nur və başqaları ustad aktyorun sənətkarlıq məziyyətlərindən söz açdılar.

Hacı İsmayılovun istər teatr, istərsə də kino sahəsində oynadığı, hər biri onun aktyor tərcümeyi-halında yeni cığır açan rollardan bəhs edildi. Vurğulandı ki, onun sadə, həlim, kövrək, bəzən də qorxmaz, əzmkar, dönməz qəhrəmanları sayəsində tamaşaçılar fərqli insan talelərinə dərindən nüfuz edir, hətta bunun sayəsində həyata münasibətlərini bəlli  edirlər.

Tədbir çərçivəsində Teatr Muzeyinin fondundan aktyorun həyat və yaradıcılığı ilə bağlı eksponatlardan hazırlanmış videoçarx, həmçinin oynadığı tamaşalardan, bədii filmlərdən fraqmentlər nümayiş olundu.

Xoş sözlərə, təşkil olunan mərasimə görə hər kəsə təşəkkürünü bildirən Hacı İsmayılov yaş ötdükcə ad günlərinin, yubiley tədbirlərinin onu kövrəltdiyini, artıq başqa bir ovqat yaratdığını da dilə gətirdi.

İyirmi il əvvələ qayıdaraq təntənə ilə qeyd edilən 60 illik yubileyini yada saldı, o zaman indi çoxu həyatda olmayan səhnə və ömür dostlarını bir araya gətirdiyini dedi. Bu gün  dünyada olmayan sənət dostları üçün çox darıxdığını, onlarla bağlı xoş xatirələrin yaddaşında əbədi iz buraxdığını deyən aktyor onu bu yubileyində tək buraxmayan həmkarlarına təşəkkür etdi, özünə də, onlara da yeni rollar arzuladı.

Xatirələrin, dünənlə bu gün arasındakı xoş təmasın hakim olduğu tədbirə xanəndə, Əməkdar artist Zakir Əliyevin ifaları xüsusi rəng qatdı.

 

H.Nizamiqızı

Mədəniyyət.-  2024.- 3 may, №33-34.- S.5.