Türk Mədəniyyəti və
İrsi Fondu fəaliyyətini genişləndirəcək
Fondun Nazirlər Şurasının toplantısı
keçirilib
Türk dünyasının əməkdaşlıq təşkilatları
arasında xüsusi yeri olan Türk Mədəniyyəti və
İrsi Fondu 2015-ci ildən fəaliyyət göstərir. Azərbaycanın
təşəbbüsü ilə yaradılan təşkilatın
mənzil-qərargahı Bakıda yerləşir.
2015–2023-cü illərdə qurumun ilk prezidenti Günay Əfəndiyeva
(Azərbaycan) olub. 2024-cü ildən Türk Mədəniyyəti
və İrsi Fonduna
Qazaxıstanın Əməkdar incəsənət
xadimi, sənətşünaslıq elmləri doktoru Aktotı
Raimkulova rəhbərlik edir.
Fond cari ildən yeni layihələrlə
yanaşı, özünün nizamnaməsinə əsasən
müvafiq formatlarda da fəaliyyətini genişləndirmək
niyyətindədir. Fondun mənzil-qərargahında ilk Nazirlər
Şurası toplantısının keçirilməsi də
bu mərama xidmət edir. Aprelin 30-da keçirilən
toplantıda təşkilata üzv ölkələrin mədəniyyət
sahəsi üzrə məsul şəxsləri ilə ölkəmizdə
akkreditə olunmuş diplomatları da iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycanın
mədəniyyət naziri Adil Kərimli bildirib ki, Türk Mədəniyyəti
və İrsi Fondu ötən on ilə yaxın müddətdə
uğurlu inkişaf yolu keçib, çoxsaylı layihələr
reallaşdırıb, elmi-mədəni tədbirlər təşkil
edib: “Türk coğrafiyasında, Türk dövlətlərini
birləşdirən digər təşkilatlarla birlikdə
Türk Mədəniyyəti və İrsi Fondunun önəmli
fəaliyyəti özünəməxsus yer tutur. Bundan
sonrakı fəaliyyətində fondun qarşısında
Türk dünyasının, xüsusilə beynəlxalq və
regional çağırışlara cavab verən yeni fəaliyyətin
qurulması istiqamətində mühüm vəzifələr
durur. Türk Mədəniyyəti və İrsi Fondunun gələcək
fəaliyyəti, onun yeni strategiyası, ideya əsasları hər
birimiz üçün çox önəmlidir”.
Nazir qeyd edib ki, Türk Mədəniyyəti və
İrsi Fondu, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı
(TÜRKSOY), Türk Akademiyası kimi təşkilatların fəaliyyəti
bir-birini tamamlamalıdır, onlar qarşılıqlı əlaqədə
çalışaraq bir-birini gücləndirməlidir.
Türk Mədəniyyəti və İrsi Fondunun
prezidenti Aktotı Raimkulova qurumun tarixi və fəaliyyəti
barədə qısa təqdimat edib. Bildirib ki, bundan sonra fondun
Nazirlər şurası hər il toplanaraq, təşkilatın
fəaliyyətinə töhfəsini verəcək. “Qədim
və zəngin türk mədəni irsini qoruyan, təbliğ
edən Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti
hazırda dünyanı narahat edən mədəni kimliyin yoxa
çıxması fonunda xüsusi əhəmiyyət
daşıyır. Türk əməkdaşlıq təşkilatlarının
qarşılıqlı əlaqələri türk
xalqlarının ortaq tarixinə, ortaq mədəniyyətə
söykənir. Bu baxımdan bizim birgə
addımlamağımız önəmlidir”, – deyə o
vurğulayıb.
Fondun beynəlxalq səviyyədə türk dövlətlərinin
birliyinin nümunəsi kimi çıxış etdiyini bildirən
Qazaxıstanın mədəniyyət naziri Aida Balayeva deyib:
“Fond mədəniyyətlərimizi və ümumilikdə,
ölkələrimizi daha da birləşdirir. Fondun təşkilatçılığı
ilə keçirilən mədəni, elmi tədbirlərdə,
sərgilərdə mövcud əlaqələrimiz möhkəmlənir
və daha sıx əməkdaşlığa fürsət
yaranır”.
Qırğız Respublikasının mədəniyyət,
informasiya, idman və gənclər siyasəti nazirinin
müavini Çingiz Esenqul da Türk Mədəniyyəti və
İrsi Fondunun fəaliyyətini təqdir edib və gələcəkdə
daha səmərəli əməkdaşlıqda vacib rolunu
vurğulayıb. O, həmçinin bu günlərdə
Bakıda Qırğız Mədəniyyəti Günlərinin
yüksək səviyyədə keçirildiyini məmnunluqla
qeyd edib.
Türkiyə mədəniyyət və turizm nazirinin
müavini Serdar Çam toplantının türk dövlətləri
arasında əməkdaşlığın inkişafı
üçün yeni imkanlar açacağına ümidvar
olduğunu bildirib.
Toplantıda 3 noyabr 2023-cü ildə Astanada
keçirilmiş Türk Dövlətləri Təşkilatının
X Zirvə görüşündən irəli gələn vəzifələr,
o cümlədən Türk Mədəniyyəti və
İrsi Fondunun 2024 və 2025-ci illər üzrə Fəaliyyət
Planı, Türk Mədəni İrsi Konvensiyasının
hazırlanması məsələləri ətrafında
müzakirələr aparılıb.
Mədəniyyət.-
2024.- 3 may, ¹33-34.- S.8.