Üzeyir Hacıbəyli
dünyasına düşən işıq
Azərbaycan musiqi mədəniyyətinin görkəmli
nümayəndəsi, dahi bəstəkar, musiqişünas,
pedaqoq Üzeyir Hacıbəylinin (1885–1948) həyat və
yaradıcılığı haqqında çoxsaylı nəşrlər
işıq üzü görüb. Üzeyir bəy elə bir
zəngin mədəni-elmi, publisistik irs yadigar qoyub ki, bundan
sonra da neçə-neçə nəşrlərin
mövzusuna çevriləcək.
Ötən il böyük musiqi xadimi haqqında olan ədəbiyyatların
sırası daha bir nəşrlə zənginləşib. Sənətşünaslıq
doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan
Əliyevin “Üzeyir Hacıbəyli təsviri sənətdə”
kitabı işıq üzü görüb. Üzeyirşünaslığa
dəyərli töhfə olan kitab 2023-cü ilin 18 sentyabr
tarixində Üzeyir bəyin anadan olmasının 138-ci
ildönümü münasibətilə bəstəkarın
Bakıdakı ev-muzeyində keçirilən tədbirdə təqdim
olunmuşdu.
Kitabın layihə rəhbəri Tural Axundov, məsləhətçisi
ev-muzeyin direktoru Xalq artisti Sərdar Fərəcov, redaktoru
Aslan Xəlilov, dizayneri Təhmasib Mehdiyevdir.
Nəşrdə həm Ü.Hacıbəylinin
müxtəlif rəssamlar tərəfindən işlənmiş
portretləri, həm əsərlərinin bədii qəhrəmanlarının
obrazları, eləcə də heykəltaraşlıq nümunələri,
barelyeflər, medallar, dekorativ-tətbiqi sənətdə təcəssüm
tapan obrazlar, xalçalar və s. haqqında məlumat yer
alıb. Əslində, Ziyadxan Əliyevin bu kitabı
bütövlükdə üzeyirşünaslıqda yeni bir səhifədir
desək, heç yanılmarıq. Böyük səbirlə,
həvəslə, zövqlə muzeylərdən, rəssamların
emalatxanalarından, şəxsi kolleksiyalardan əsərlərin
və onların haqqında məlumatın toplanılması
asan deyil. Çünki bəzən naməlum müəllifin
kimliyini təyin etmək və ya hər hansı bir rəsm əsərinin
sorağına düşüb onu yeni kitaba salmaq
üçün əsl “detektiv” kimi səy göstərməsi
müəllifin çəkdiyi zəhmətin miqyasını əks
etdirir.
Məlumdur ki, Ü.Hacıbəylinin naturadan portretini
ilk dəfə SSRİ Xalq rəssamı Mikayıl Abdullayev
çəkib. 1943-cü ildə Moskvada Rəssamlıq
Akademiyasında təhsil alan gənc M.Abdullayev qış tətilində
Bakıya gəlir. O zaman Dövlət Teatr Muzeyinin direktoru Sona
Cabbarlı muzeydə nümayiş etdirməkdən
ötrü M.Abdullayevə Ü.Hacıbəylinin portretini
işləməsini xahiş edir. Təvazökar insan olan
Üzeyir bəy əvvəlcə bu təklifə razı
olmur, Sona xanımın təkrar xahişindən sonra o, gənc
rəssamı qəbul edir. Qısa zamanda diqqətəlayiq bir
sənət əsəri yaranır. Portreti bəyənən
Ü.Hacıbəyli onu özündə saxlayır və gənc
rəssam daha yeni bir portret işləməyə məcbur
olur. Bu portretlər çox məşhurlaşır və
tezliklə Moskvada sərgilənir. Bununla, Üzeyir bəy
obrazına maraq artıq. Rəssamlar, heykəltaraşlar,
xalçaçı-rəssamlar ona müraciət edirlər.
Bu gün Üzeyir bəyin obrazını yaradan
yüzlərlə rəssam var. Bunların arasında Tahir
Salahov, Nəcəfqulu İsmayılov, Tofiq Kərimov, Arif
Hüseynov, Hüseyn Hacıyev, Ənvər Əliyev,
Yaşar Səmədov, Altay Hacıyev və başqalarının
adlarını çəkə bilərik.
Doğrudan da, kitabı vərəqləyərkən
bizim istedadlı rəssam və ustaların sənətinə
və Üzeyir bəyə olan sevgi və rəğbətlərinə
valeh olmamaq mümkün deyil.
Xalq rəssamı Oqtay Şıxəliyevin 220 mərmər
parçası ilə Florensiya mozaikası texnikasında
yaratdığı portret tamaşaçıları öz
cazibəsində saxlayır. Ağacoyma ustası Seyfəddin Mənsimoğlunun
“Üzeyir Hacıbəyli” bədii lövhəsi də
yüksək sənət nümunəsidir. Kitabda oxucuları
valeh edəcək çoxlu sayda təsviri sənət
nümunələri vardır.
Bir daha qeyd edirəm ki, “Üzeyir Hacıbəyli təsviri
sənətdə” kitabı Üzeyir bəyi sevənlərə,
onun irsinə maraq göstərənlərə gözəl ərməğan
olmaqla bərabər, həm də böyük zövq, sevinc və
bilgi mənbəyidir.
Selcan Heydərova
Üzeyir Hacıbəylinin Ev-Muzeyinin böyük elmi
işçisi
Mədəniyyət.-
2024.- 3 may, ¹33-34.- S.6.