Üç şəhəri əhatə edən kuklaçı bayramı

 

Xəbər verdiyimiz kimi, qardaş Türkiyədə start götürən III Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı Bakıda davam edib.

22 aprel – 1 may tarixlərini əhatə edən festivalın ilk mərhələsi Ankarada, ikinci mərhələsi İstanbulda olub. Festivalda Türkiyə, Azərbaycan, İtaliya və Almaniyadan müxtəlif kukla teatrları və sənətçi qrupları iştirak ediblər.

Ənənəvi festivala bu dəfə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin UNESCO üzrə Milli Komissiyası və TİKA ilə yanaşı, Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Kukla Teatrı da dəstək verib.

Azərbaycandan gedən yaradıcı heyət qardaş ölkə tamaşaçıları qarşısında repertuardakı iki maraqlı nümunə – “Müsyö Jordan və dərviş Məstəli şah”  (M.F.Axundzadə) marionet və “Məlikməmməd” (Azərbaycan xalq nağılı) kukla tamaşaları ilə çıxış edib və böyük maraqla qarşılanıb.

Ankara və İstanbuldan sonra festival təşkilatçıları və qardaş ölkənin teatr xadimləri Azərbaycana səfər ediblər. 30 aprel – 1 may tarixlərində Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində hər gün iki seans olmaqla türkiyəli teatr təmsilçilərinin tamaşa-performansları nümayiş olunub. Tamaşaçılar həm məşhur Hacıvat və Qaragözün – iki əzəli və əbədi sevimli düşmənin macəralarını xəyal oyunu dedikləri bəyaz pərdə arxasından izləyib, həm də yeni nəsil kukla sənəti ilə klassik xalq oyunlarının sintezində səhnəcikləri alqışlayıblar.

Mayın 1-də festivalın  bağlanış mərasimi olub. Azərbaycan Mədəniyyət Nazirliyi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təmsilçiləri, Türkiyənin Bakıdakı səfirliyinin nümayəndələri, incəsənət xadimləri və uşaq yazarlarının qatıldığı tədbirdə qonaqların təqdimatında rəngarəng səhnəciklərlə yanaşı, ev sahibinin “Oyuq” teatr-studiyasının konsert proqramı da nümayiş olunub.

Sonda qardaş ölkədən gələn sənət təmsilçilərinə Azərbaycan Dövlət Kukla Teatrı tərəfindən təşəkkürnamə və kuboklar verilib.

Qeyd edək ki, Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalının təşkilatçıları bundan sonra hər il bir türk dövlətini tərəfdaş seçməklə festivalın bağlanış mərasimini məhz qastrol ovqatında tamamlamaq niyyətindədir.

 

Mədəniyyət.-  2024.- 3 may, ¹33-34.- S.1.