Qlobal mədəni intibah naminə dialoqun təşviqi

 

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 1-də Bakı Konqres Mərkəzində 5-ci Nazirlər görüşü təşkil edilib.

“Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi” mövzusuna həsr olunan görüş Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin sədrliyi ilə keçirilib.

Qonaqları salamlayan Adil Kərimli bildirib ki, dünyada etnik və milli zəmində qarşıdurmaların yaşandığı bir vaxtda Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri dinc yanaşı, mehriban bir ailə kimi yaşayırlar: “Ölkəmiz beynəlxalq aləmdə tolerantlığa örnək göstərilir. Biz öz tarixi-mədəni irsimizlə yanaşı, tolerantlıq ənənələrimizi də qoruyub təbliğ edirik”.

Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyət naziri Şeyx Salem Xalid Abdulla Məhəmməd əl-Qasimi bildirib ki, Forum əlamətdar bir dövrə təsadüf edir. Bakı eyni zamanda COP29-a ev sahibliyi etməyə hazırlaşır: “Ötən il COP28 Dubay şəhərində keçirildi. Orada da biz nazirlərin konfransını keçirərək müxtəlif istiqamətlər üzrə müzakirələr apardıq”.

Belarusun mədəniyyət naziri Anatoli Markeviç çıxışında deyib: “Belarus çoxmillətli ölkədir – 130-a yaxın icma yaşayır. Biz abidələrimizin qorunmasına xüsusi diqqət yetiririk. Qəhrəmanlarımızı unutmuruq, onları hər zaman xatırladır, gənc nəslə çatdırırıq”. Ölkəsinin Azərbaycanla mədəni əməkdaşlığı barədə də danışan nazir bu ilin 1-4 aprel tarixlərində Bakıda Belarus Mədəniyyəti Günlərinin uğurla keçirildiyini vurğulayıb.

Gürcüstan Baş nazirinin müavini, mədəniyyət və idman naziri Tea Sulukiani söyləyib ki, Cənubi Qafqazda müxtəlif din və mədəniyyətlərin nümayəndələri hər zaman yanaşı yaşayıb. Gürcüstan əsrlər boyu formalaşmış qədim mədəni ənənələrini və təcrübəsini davam etdirəcək.

Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova müzakirə olunan mövzunun aktuallığından söz açıb.

Liviyanın mədəniyyət naziri Mabruka Osman deyib ki, Forumda müzakirəyə çıxarılan mövzular bəşəriyyətin ciddi ehtiyac duyduğu sülh və əmin-amanlığa öz töhfəsini verə bilər. Bəşəriyyət rasional şəkildə fəaliyyət göstərməlidir ki, bu əsrin çağırışına cavab versin.

İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili Forumun mədəniyyətlərarası dialoqun gücləndirilməsinə xidmət etdiyini bildirib: “Dünya xalqları olaraq sülh şəraitində yaşamağımız çox vacibdir. Beynəlxalq təşkilatların əsas rollarından biri də sülh və əmin-amanlığın qorunmasıdır”.

Daha sonra ölkəmizdə akkreditə olunan səfirlərin və digər rəsmi şəxslərin mövzu üzrə məruzələri dinlənilib.

 

Mədəniyyət.-  2024.- 3 may, ¹33-34.- S.3.