Sülh və qlobal təhlükəsizlik
naminə dialoq – Azərbaycandan dünyaya
VI Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu 100-dən çox ölkənin təmsilçilərini
bir araya gətirib
2024-cü ildə dünyamız daha çox əlaqəli
görünür, lakin heç vaxt olmadığı qədər
parçalanmış qalır. Bütün
çağırışlar qarşısında bizim bir araya
gəlmək, parçalanmanı dəf etmək və daha
parlaq ümumi gələcəyə doğru yol açmaq
üçün nadir fürsətimiz var. Bu, “Bakı
Prosesi”nin özəyidir.
Mayın 1-də Bakıda işə başlayan VI
Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunun açılış mərasimində nümayiş
olunan videotəqdimatda 100-dən çox ölkənin təmsilçilərinə
və onların timsalında ümumən bəşəriyyətə
bu sözlərlə xitab edildi.
Azərbaycan paytaxtının ilk dəfə 2011-ci ildə
ev sahibliyi etdiyi Dialoq Forumunun budəfəki mövzusu –
“Sülh və qlobal təhlükəsizlik naminə dialoq” – əslində,
bu platformanın təməl dəyərini ehtiva edir.
Çünki Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
16 il əvvəl beynəlxalq gündəmə təklif edilən
“Bakı Prosesi”nin başlıca məramı mədəniyyətlər
və sivilizasiyalararası dialoq vasitəsilə dünyada
sülh və təhlükəsizliyə töhfə verməkdir.
Xatırladaq ki, bu platformanın əsası 2008-ci ilin
2-3 dekabrında Bakıda Avropa Şurası ölkələri
mədəniyyət nazirlərinin iştirakı ilə
keçirilən “Mədəniyyətlərarası dialoq
Avropa və onun qonşu regionlarında davamlı
inkişafın və sülhün əsasıdır”
mövzulu konfransda qoyulub. Azərbaycan tədbirə müsəlman
ölkələrinin mədəniyyət nazirlərini də dəvət
etməklə qlobal dialoqa pəncərə açdı.
Prezident İlham Əliyev konfransda “Bakı Prosesi” təşəbbüsünü
irəli sürdü: “Mən çox istəyirəm ki,
“Bakı Prosesi” mədəniyyətlər arasında dialoqun,
anlaşmanın möhkəmlənməsinə dəyərli
töhfəsini versin. Belə tədbirlərin keçirilməsi
ənənəyə çevrilsin”. Konfransda “Bakı Bəyannaməsi”
qəbul olundu və tarixi proses başlandı.
“Bakı Prosesi” təşəbbüsü daha sonra
2009-cu ilin oktyabrında İslam ölkələri mədəniyyət
nazirlərinin paytaxtımızda keçirilən
konfransında müzakirə olundu. Azərbaycan ənənəyə
sadiq qalaraq tədbirə Avropa Şurasından qonaqlar da dəvət
etmişdi. Konfransda “Bakı Prosesi” – sivilizasiyalar arasında
dialoqa yeni çağırış” adlı sənəd qəbul
olundu.
2010-cu ilin sentyabrında BMT Baş Məclisinin 65-ci
sessiyasında çıxış edən Prezident İlham
Əliyev ölkəmizin mədəniyyətlərarası
dialoq üzrə ilk Dünya Forumunu keçirmək niyyətini
bəyan etdi.
2011-ci ilin 7-9 aprelində gerçəkləşən
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
Azərbaycan paytaxtından dünyaya tolerantlıq mesajı
oldu. Beş qitədən 80-dək ölkənin təmsil
olunduğu, BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, ICESCO və digər
təşkilatların dəstək verdiyi Forumun
açılış sessiyası “Sərhədsiz dünyaya
doğru” mövzusunda idi.
29 may – 1 iyun 2013-cü il tarixlərində Bakı
“Çoxmədəniyyətli dünyada sülh şəraitində
birgə yaşama” mövzulu II Dialoq Forumuna ev sahibliyi etdi.
18-19 may 2015-ci ildə III Dialoq Forumu “Mədəniyyəti ortaq
təhlükəsizlik naminə paylaşaq” mövzusuna həsr
olunmuşdu. 4-6 may 2017-ci ildə Bakıda “Mədəniyyətlərarası
dialoqun inkişafı: insan təhlükəsizliyi, sülh və
davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda
IV Dialoq Forumu keçirildi.
2-3 may 2019-cu ildə V Forum “Ayrı-seçkilik, qeyri-bərabərlik
və zorakı münaqişəyə qarşı fəaliyyət
naminə dialoq quraq” şüarı altında gerçəkləşdi.
Nəhayət, pandemiya ilə bir neçə il ertələnən
növbəti Dialoq Forumu yenidən Bakıda toplanıb.
Qeyd edək ki, ötən müddətdə Dialoq
Forumunun yer-məkanları da yenilənib. İlki
“Gülüstan” Sarayında gerçəkləşən,
daha sonra iki dəfə Heydər Əliyev Mərkəzində
təşkil olunan tədbirlər artıq
üçüncü dəfədir Bakı Konqres Mərkəzində
keçirilir.
Beləliklə, “Bakı Prosesi” mədəniyyətlərarası
dialoq platformasında altıncı dəfə dünya ölkələrini
bir araya gətirib. Forumun açılış tədbirinin
moderatoru, ABŞ-nin Corc Meyson Universitetinin professoru Alpaslan
Özerdemin vurğuladığı kimi, 2008-ci ildə
Prezident Əliyevin irəli sürdüyü “Bakı Prosesi” təşəbbüsü
sərhədləri aşan və dünyada
parçalanmanı aradan qaldırmaq məramı
daşıyan uzaqgörən addım idi. Bu təşəbbüs
indi dünənkindən daha da aktualdır. Azərbaycan lideri
açılış tədbirindəki
çıxışında da bunu diqqətə
çatdırıb.
Prezident İlham Əliyevin nitqindən
Çox şadam ki, Forum yenidən canlanır.
Bildiyiniz kimi, bir neçə il ərzində fasiləmiz oldu.
Bu, COVID-lə və post-COVID vəziyyətlə bağlı
oldu. İndi isə əminəm ki, bizim ənənəvi cədvəlimiz
tamamilə bərpa olunub.
Forumun gündəliyi genişdir – mədəniyyətlərarası
dialoq, müxtəliflik, iqlim dəyişmələri,
miqrasiya, sülh və təhlükəsizlik,
postmünaqişə vəziyyəti, turizm, süni zəka.
Əminəm ki, bu müzakirələr və o cümlədən
Forum zamanı irəli sürülən ideyalar bizə
yanaşmaları formalaşdırmağa imkan verəcək
ki, mədəniyyətlərarası dialoqu necə gücləndirək,
biz necə edək ki, mövcud və potensial hədələri
aradan qaldıraq?
2019-cu ildə Bakıda görüşümüzdən
sonra, əfsuslar olsun ki, dünya təhlükəsiz
olmayıb. Əfsuslar olsun ki, biz yeni münaqişələri
görürük, yeni qeyri-sabitlik məkanlarını
görürük və yeni təhdidləri
görürük.
Çoxmədəniyyətlilik və etnik müxtəliflik
ölkəmizin dəyəridir
Gündəlikdə olan məsələlərin
müzakirəsində Azərbaycanın öz təcrübəsi
var. Çoxmədəniyyətli və böyük etnik
müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər
boyu ən mühüm dəyərləri –
tolerantlığı, qarşılıqlı hörməti,
dostluq və tərəfdaşlıq kimi dəyərləri
qoruyub. Müstəqil ölkə kimi Azərbaycanın
uğurlu inkişafını şərtləndirən məsələ
məhz bunlardan ibarətdir. Azərbaycanda yaşayan insanlar,
müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri
bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli
vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin
əsl vətənpərvər insanlarıdır. Biz bu
müsbət tendensiyaları, bu mədəni dialoqu, mədəni
müxtəlifliyi gücləndirməliyik. Ona görə də
biz mütləq məhz bu təşəbbüsü irəli
sürməli, “Bakı Prosesi”ni başlamalı idik...
Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası
dialoq olub. Biz bunu gündəlik həyatımızda
nümayiş etdirmişik. Biz multikulturalizm haqqında söhbət
açanda nəzərdə tuturuq ki, bu, Azərbaycan vətəndaşları
üçün nə isə bir abstrakt məfhum deyil, nə
isə bir şeyi öyrənmək kimi deyil, bu, məhz bizim
həyat tərzimizdir və biz bundan fərəhlənirik.
Biz, həmçinin fərəhlənirik ki, bu dəyərləri
əsrlər boyu və çox keşməkeşli vaxtlarda –
toqquşmalar, münaqişələr, müharibələr
vaxtında qoruyub saxlaya bilmişik.
Biz müstəqilliyin ilk illərində çox
çətinliklər yaşadıq və bu vəziyyətdən
çıxa bildik. O vaxt işğal var idi, çox iqtisadi və
sosial çətinliklər özünü büruzə
verirdi. Azərbaycanı parçalamaq cəhdləri, aqressiv
separatçılıq var idi. Bütün bunlar Azərbaycan
xalqının məhz həmrəyliyini, birliyini sınağa
çəkdi...
Beynəlxalq hüquq və ədalət
carçısı – Azərbaycan təcrübəsi
Müzakirə olunacaq məsələlərdən
biri də çoxtərəflilikdir. Azərbaycan öz təcrübəsini
göstərib. Biz qəti şəkildə çoxtərəfliliyə
sadiqik. Biz çoxtərəflilik dəyərlərini 120
ölkənin üzv olduğu Qoşulmama Hərəkatında
2019-cu ildən bu ilin əvvəlinə qədər təşviq
etmişik. O, BMT-dən sonra ikinci ən böyük təşkilatdır.
Qoşulmama Hərəkatının vacib təməl dəyərləri
məhz suverenlik, ölkələrin ərazi
bütövlüyü, daxili işlərə
qarışmamaqdır. Biz həmin Hərəkatın təsisatlanması
seqmentinin gücləndirilməsinə
çalışdıq və bununla bağlı daxildə
şəbəkə yaratdıq, qadınların və gənclərin
təşkilatlarını təsis etdik.
Qoşulmama Hərəkatının sədri kimi yeni
müstəmləkə tendensiyalarına qarşı
mübarizəni də daima diqqətdə
saxlamışıq. Hərəkatın üzvlərinin əksər
hissəsinin çox ağır, qaranlıq müstəmləkə
tarixçəsi olub. Biz ədalət naminə
danışırıq, beynəlxalq hüquq naminə
danışırıq. Yəni, biz belə bir məsələyə
imkan verə bilmərik ki, indi – XXI əsrdə bəzi Avropa
ölkələri digər xalqlara müstəmləkə kimi
yanaşsın. Dünya məcburi assimilyasiyaya aparan belə
bir iyrənc neokolonializm təcrübəsinə göz
yummamalıdır. Fransız dənizaşırı ərazisində
həyata keçirilən məcburi assimilyasiya əsla qəbuledilməzdir
və buna son qoyulmalıdır. Avropa təsisatları bəzən
çalışırlar Avropada olmayan ölkələrin
daxili işlərinə müdaxilə etsinlər. Amma Avropa
Parlamenti və AŞPA bununla bağlı səsini
çıxarmır. Biz sədr olaraq Hərəkat daxilində
bu işi gördük. Biz bilirik ki, azad və müstəqil
olmaq nə deməkdir. Biz bunu bilirik və həmin insanlara
kömək etmək istəyirik. Çünki onlar öz
hüquqlarını müdafiə etmək, müstəqilliyə
qovuşmaq, öz mədəniyyətlərini, öz dillərini
qorumaq istəyirlər. Bu, həmçinin mədəniyyətlərarası
dialoq üçün vacibdir. Biz burada ikiüzlü ola bilmərik,
ikili standartları tətbiq edə bilmərik. Yaxud da ki, əgər
görürüksə ikili standartlar nümayiş etdirilir,
biz buna göz yuma bilmərik…
Bir məsələni də qeyd edim. Bu da sizin
müzakirələr gündəliyinizə aiddir ki, sülh və
təhlükəsizlik münaqişədən sonrakı vəziyyətlə
bağlı olan məsələlərdir. Bütün əvvəlki
dialoq forumlarında mən işğal və ədalətsizlik
haqqında danışmışam. Bizim beynəlxalq səviyyədə
tanınmış ərazimizin 20 faizi, demək olar ki, müstəqilliyin
ilk illərindən 2020-ci ilədək işğal altında
qalıb və bir milyona yaxın azərbaycanlı
qaçqın və məcburi köçkün olub, biz etnik
təmizləməyə məruz qalmışıq. Biz öz
səsimizi ucaltmışıq, biz ürəkdən
çalışdıq, diplomatiya sahəsində işlədik,
bütün beynəlxalq təşkilatlar qətnamələri
və qərarları qəbul etdi və orada erməni qüvvələrinin
çıxarılması tələb olunurdu. O cümlədən
BMT-nin Təhlükəsizlik Şurası dörd qətnamə
qəbul etdi. Amma bu, işləmədi, çünki
implementasiya mexanizmi yox idi. Bu, bizim diqqətimizdən kənarda
qala bilməzdi. Həmin qətnamələri qəbul edənlər
heç bir şey etmədilər ki, onlar icra olunsun. Odur ki,
biz sülhə müharibə yolu ilə nail olmalı idik və
2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində
ərazilərimizin böyük hissəsini azad etdik. Ötən
ilin sentyabr ayında isə biz öz ərazi
bütövlüyümüzü, suverenliyimizi tam şəkildə
bərpa etdik…
Vasitəçi olmadan sülhə doğru gedirik
Münaqişədən sonrakı vəziyyətə
gəldikdə, bir daha deyirəm, Azərbaycan çox fəal
çalışır, məhz
Azərbaycan Ermənistana sülh sazişi ilə bağlı
danışıqlara başlamaq təşəbbüsünü
irəli sürdü. İndi isə biz, əslində,
müsbət tendensiyaya və sülhə doğru gedirik, sərhədlərin
delimitasiyası başlayıb. Buna iki ölkə tərəfindən
hər hansı bir vasitəçi olmadan nail olunub. Bu, bir daha
onu göstərir ki, bizə vasitəçi lazım deyil.
Xüsusən də o insanlar ki, məhz öz məqsədlərini
güdürlər və yardım etmək istəmirlər.
Onlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi
maraqları naminə müdaxilə etmək istəyirlər.
Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi
Qafqazda buna icazə verməyəcəyik, imkan verməyəcəyik.
Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə
anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və
sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan
arasında normallaşma vasitəsilə həll oluna bilər.
***
Forumun açılış tədbirində
çıxış edən BMT Sivilizasiyalar Alyansının
Ali nümayəndəsi Migel Anxel Moratinos da sülhə aparan
yolda və parçalanmış keçmişdən
ümumi ortaq gələcəyə addımlamaqda dialoqun və
bu platformanın əhəmiyyətini vurğulayıb: “Bakı
Prosesi” bizə lazımdır. Ümid edirəm ki, burada
aparılan müzakirələr və bu Forum parlaq gələcəyimizə
töhfə verəcək”.
ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik
Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli
sürülmüş mədəniyyətlərarası
dialoqa dair “Bakı Prosesi”nin iqtisadiyyat, elm, iqlim sahələri
kimi qlobal çağırışların səsləndiyi
mühüm platforma olduğunu bildirib. O, həmçinin
ICESCO-nun Azərbaycanla sıx əməkdaşlığından
bəhs edərək mayın 11-də “Şuşa – İslam
dünyasının mədəniyyət paytaxtı” ilinin
açılışının keçiriləcəyini də
diqqətə çatdırıb.
UNESCO baş direktorunun sosial və humanitar elmlər
üzrə müavini xanım Qabriela Ramos da Azərbaycanla əməkdaşlığa
önəm verdiklərini deyib: “İstəyirik ki, burada məhz
incəsənət, mədəniyyət, elm sahələrində
fəaliyyət göstərən xadimlər bir araya gəlsinlər,
öz fərqli identikliklərini bölüşsünlər.
Hesab edirəm ki, Azərbaycan bu baxımdan çox gözəl
tanınan ölkədir”.
Forum çərçivəsində aparılan
müzakirələrin rolundan danışan Dünya Turizm Təşkilatının
icraçı direktoru Zoritsa Uroseviç Azərbaycanın ev
sahibliyi etdiyi qlobal tədbirlərin turizm və miqrasiya sahəsində
də mövcud problemlərin həllində əhəmiyyətini,
eləcə də noyabrda Bakıda keçiriləcək
COP29-un önəminə diqqət çəkib.
***
Forum açılış mərasimindən sonra
işini plenar və panel sessiyalarla davam etdirib.
Qeyd edək ki, Azərbaycan Hökumətinin təşkilatçılığı,
UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı
və ICESCO-nun tərəfdaşlığı ilə
keçirilən, 100-dən çox ölkəni təmsil edən
700 qonağın qatıldığı VI Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun üçgünlük proqramına 4 plenar
sessiya və 12 panel daxildir.
1-2 mayda Bakıda keçirilən tədbirlər
mayın 3-də Ağdamda xüsusi sessiya ilə
yekunlaşacaq. Forum iştirakçıları Azərbaycanın
mədəniyyət paytaxtı Şuşada olacaqlar. Bu, eyni
zamanda, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən
beynəlxalq ictimaiyyətə müraciət üçün
bir platforma yaratmaq fürsətidir.