İllər öncə qəzetlər nədən yazırdı?

 

Milli Kitabxananın dövri mətbuat arxivindən (14)

 

Mətbuat xronikasından budəfəki seçmələr 88 il öncəyə aiddir. 1936-cı il... Məşum repressiya dalğası mədəniyyət və sənət aləminin üstünü hələ almayıb. Amma havası hiss olunur. Bununla belə, mədəni həyat davam edir, yeni quruluşun ədəbiyyat və incəsənət əsərlərində tərənnümü vüsət alır...

Seçmələr “Ədəbiyyat” qəzetinin bir sayından götürülüb. Dövrün orfoqrafiyası saxlanılıb.

Kürdəmirdə ədəbi gecə

Bu aprel ayının 8-də Kürdəmir rayonu mərkəzindəki klubda rayonun adlı-sanlı kalxozçuları və dəmiryolçuları üçün böyük ədəbi gecə təşkil edilmişdi.

Gecədə şair Ə.Fevzi iştirak etmişdir. Gecəyə toplaşanlara Azərbaycan ədəbiyyatı haqqında məlumat veriləndən sonra 9 nəfər çıxışda bulunmuş. Gecədə Səməd Vurğunun “Stalinə salam”, “Qafqaz”, S.Rüstəmin “Çapayev”, “Ulduzlar”, Müşfiqin “Stalin”, M.Rahimin “Ölməz qəhrəman”, Fevzinin “Qaçay”, “Alışan ölkələr” adlı şeirləri və Aşıq Ələsgərin bir sıra qoşmaları oxunmuş.

Ədəbi gecə Kürdəmir rayonunda əməkçi kütlənin ədəbiyyat bayramı şənliyinə çevrilmiş.

Gənc tamaşaçılar teatrosunda

Gənc tamaşaçılar teatrosu türk sektorunun məktəb cocuqlarına məşhur fransız ədibi Jül Vernin yaradıcılığı ilə tanış etmək məqsədilə onun “Kaptan Qrantın uşaqları” adlı romanı üzrə düzəlmiş pyesi göstərməsi gözəl bir təşəbbüs kimi alqışlanmalıdır.

İki hissəyə bölünmüş bu pyes aprelin 6 və 8-də tamaşaya qoyuldu. Bu tamaşa bu il içərisində gənc tamaşaçılar teatrosunun ikinci premyeridir. Teatronun birinci premyeri Seyidzadə yoldaşın “Nərgiz” əsəri üzrə tərtib olunmuş pyesi olmuşdur.

Teatronun bu mevsimde yalnız iki premyer qoyması heç də kafi deyildir. Birinci və ikinci premyer arasında uzun bir fasilə buraxılması teatro müdriyyətinin fəaliyyətində böyük bir nöqsandır. Gələcəkdə bunun təkrar olunmaması üçün müdriyyət və bütün teatro kollektivi təşəbbüs göstərməlidirlər. Bunun üçün teatronun imkanı vardır.

Yazıçılarımız da, xüsusilə cocuq ədəbiyyatı və dramaturgiya sahəsində çalışan yazıçılarımız gənc tamaşaçılar teatrosunun repertuarını zənginləşdirmək məsələsini unutmamalı və cocuq səhnəsi üçün yeni və orijinal əsərlər yaratmağa çalışmalıdırlar. Bu vaxta qədər yazıçılarla gənc tamaşaçı teatrosu arasında sıx əlaqənin olmaması hər iki tərəfin təqsiridir. Bu əlaqəni tezliklə yaratmaq lazımdır.

“Almaz” filmi qutardı

Rejissor A.R.Quliyev və Braginskinin çəkməkdə olduğu “Almaz” kino filmi çəkilib qutarmışdır.

Şəkilin əsas montaj işləri qutarmış, aprelin 7-də SŞÇI kino sənayesi baş idarəsi nümayəndəsi filmə baxmışdır. Film bu günlərdə tamamilə hazır olacaq və baxılmaq üçün Moskvaya göndəriləcəkdir.

“Ədəbiyyat” qəzeti, 1 may 1936-cı il

 

Mədəniyyət.- 2024.- 8 may, ¹35.- S.6.