Rəssam Tahir Ələkbərovun sənət
dünyası
Uşaqlıqdan rəssam olmağı arzulayan Tahir
Ələkbərov 1975-ci ildə Bakının Balaxanı kəndində
rəssam Akif Ələkbərovun ailəsində dünyaya
göz açıb. Bu yolda ilk addımlarını atası
ilə atan Tahir məktəb illərindən Pionerlər evində
Xəyyam müəllimin yanında sənətin sirlərini
öyrənib. Atasının sənət dostları,
onların maraqlı söhbətləri, Xalq rəssamları
Tahir Salahov, Toğrul Nərimanbəyov, Mikayıl Abdullayevin
kitabları ilə böyüyüb.
1990-cı ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq
Məktəbinə daxil olub. Burada ilk müəllimi Əməkdar
incəsənət xadimi Əyyub Hüseynov, daha sonra Kamil
Ramazanov olub. Bağ mövzusunda diplom işində (Kürdəxanı,
Ləhiş bağlarının təsviri, quyudan suçəkən
oğlan) öz uşaqlıq xatirələrini də
canlandırıb.
Tahir Ələkbərov daha sonra təhsilini Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetində xalça rəssam ixtisası üzrə
davam etdirir. 1998-ci ildə universitetin bakalavr, 2001-ci ildə
magistr pillələrini başa vurub. Bakalavr diplom işi
namazlıq xalça, magistr diplom işi karvan təsvirli dekor
xalça olub.
1995-ci ildə Balaxanı kəndində 4 saylı orta
məktəbdə təsviri incəsənət müəllimi
kimi pedaqoji fəaliyyətə başlayan Tahir Ələkbərov
2018-ci ildən Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasında çalışır. 1998-ci ildən Azərbaycan
Rəssamlar İttifaqının üzvüdür.
Əsasən rəngkarlıqla məşğul olan rəssam,
eyni zamanda xəttatlıq, xalça sənəti ilə də
məşğuldur. Əl işlərini müxtəlif sərgilərdə
təqdim edib. “Ghadir International Calligraphy Festival” (Təbriz,
İran, 2004), “Capadokia I Internationale Tradisional Art Camp” (Kapadokya, Türkiyə,
2019) sərgilərinin iştirakçısı olub.
“International Calligraphy Exhibition” (Bakı, 1996) sərgisində
qızıl medal qazanıb. Şərur, Göygöl
rayonlarında və Bakı
şəhərindəki bir neçə məscidin bədii tərtibatını
verib. Son zamanlar əsasən freska – divar rəsmləri üzrə
çalışan rəssam italiyalı Stefano Lukanın
yaradıcılığından bəhrələnib.
Tahir Ələkbərov “Mənim
narahatlığım”, “Atəşi-eşq”, “Səmimiyyət”,
“Ümid”, “Məbəd”, “Ləhiş bağları” və s. əsərlərin
müəllifidir.
“Məbəd” əsəri COVID-19 pandemiyası
dövründə ABŞ-nin Sent-Luis şəhərində
festivalda sərgilənib. Əsərdə təsvir olunan məbəd
Balaxanı qəbiristanlığında yerləşən
kiçik abidədir. Abidənin
xəzri küləyinin daim döyəclədiyi tərəfini
təsvir edən rəssam əsərin aşağı hissəsindəki
divar effektini boya ilə kvars qumunun
qarışığından əldə edib. Əslində,
içəri hissədəki qəbirdaşı abidənin
daxilində deyil. Kompozisiyanı tamamlamaq məqsədilə təsvirdə
həmin daşı məbədin interyerinə yerləşdirən
rəssam məhz bu məkanı dünyanın mərkəzi
kimi görür. Abidənin forması dünyanın dörd cəhətini
simvolizə edir. Bu dörd cəhət həm də 4
ünsürə işarədir. Abidənin aşağı
hissəsində üç sıra daş var ki, bu da atəşpərəstlikdən
irəli gələn – düzgün düşün,
düzgün yaşa, düzgün danış prinsipinə
uyğundur.
Sent-Luis şəhərindəki sərgidə “Məbəd”
əsəri haqqında çox maraqlı rəylər qəbul
edən rəssamın ən təsirləndiyi fikir – “sən bədii
ifadənin gücü ilə kiçik bir abidəni müqəddəs
ocağa çevirmisən” olub.
Tahir Ələkbərovun
yaradıcılığında izləyicilərini təəccübləndirərək
düşünməyə vadar edən, intuitiv səciyyəyə
malik əsərlər də mövcuddur. “Ekzistensiya” əsəri
belə örnəklərdən biridir. Əsər, adından
da bəlli olduğu kimi, müəllifin mövcudluq fenomenini,
yəni varlıq səbəbini kəşf etmə cəhdinin
təsviri nümunəsidir. Mərkəzində qadın
başı təsvir olunan kompozisiyada istifadə olunan forma və
rənglər xüsusi emosional təsir gücünə
malikdir. Burada qadın fiqurunun daxili enerjisi ilə dinamikası
ön planda çıxış edir. Müəllifin əsər
üçün seçdiyi təzadlı və cəsarətli
kolorit həlli izləyicilərin təxəyyülündə
yeni bir kəşf, maraq, estetik zövq yaradır.
Rəssamın akvarel texnikası ilə icra etdiyi rəsm
əsərləri maraqlı mövzular ilə yanaşı,
xeyli əhatəli olan janr müxtəlifliyi ilə də
seçilir. Mənzərə əsərləri içərisində
“Ləhiş bağları” realist xüsusiyyətləri ilə
diqqət çəkir. Bağ evi rəssamın tündvari və
açıq rənglərdən ibarət palitrasında
özünəməxsus duyumla təsvir olunub. Abşeronun
susuz torpaqlarında yetişib, bir növ mübarizə aparan
ağaclar, kol-kos sanki ətrafa sirli-soraqlı bir ab-hava, poetik
ovqat bəxş edir. Sulu boya texnikasının bəxş
etdiyi imkanlardan məharətlə istifadə edən rəssam
Tahir Ələkbərov peyzaj əsərində emosional dərinliyi
olduqca dolğun bir şəkildə təqdim edib.
Gələcəyə nikbin köklənən rəssam
daim öz üzərində işləyir,
yaradıcılıq axtarışlarını davam etdirir. Bu
yolda rəssama uğurlar arzulayırıq.
Lamiyə Əliyeva
Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı
Mədəniyyət.- 2024.- 8 may, ¹35.- S.7.