Rostropoviçlərin muzeyində Ulu öndərə ithaf edilmiş konsert

 

“Dünyaya çox sayda ədəbiyyat və mədəniyyət korifeyləri vermiş qədim Azərbaycan torpağı haqlı olaraq Sizinlə öz layiqli oğlu kimi fəxr edir” – bu sözlər Ümummilli lider Heydər Əliyevin 70 illik yubileyi münasibətilə dünyaşöhrətli violonçel ifaçısı, dirijor  Mstislav Rostropoviçə göndərdiyi təbrik məktubundandır.

Mədəniyyət və incəsənət xadimlərini daim diqqətdə saxlayan Heydər Əliyevin xüsusi rəğbət və ehtiram bəslədiyi korifey sənətkarlardan biri də maestro Mstislav Rostropoviç idi. Məhz Heydər Əliyevin dəvəti ilə Mstislav Rostropoviç uzun illərdən sonra, 1997-ci ildə yenidən Azərbaycana gəlmişdi. Bu iki böyük şəxsiyyətin dostluğu Azərbaycanın mədəniyyət və incəsənətinin inkişafına da böyük töhfə idi.

Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyində bu dostluğu əks etdirən dəyərli əlyazma məktublar, fotoşəkillər, sənədlər və başqa maraqlı eksponatlar qorunub saxlanılır. Hər il muzeydə Ulu öndərin əziz xatirəsinə həsr edilmiş tədbirlər təşkil olunur.

Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə muzeydə keçirilən klassik musiqi konserti də bu qəbildəndir.

Konsertdə fleyta ifaçıları – Əməkdar artist Nicat Salmanov və respublika müsabiqələri laureatı Nərminə Salmanova çıxış ediblər. Onların ifasında F.Əmirovun “Aşıqsayağı”, P.Taffanelin “Andante Pastoral et Scherzettino”, F.Şopenin “Noktürn”, Q.Faurenin “Fantaziya” və başqa dünya klassiklərinin əsərləri konsertmeyster Leyla Zeynalovanın müşayiəti ilə səsləndirilib.

 

Mədəniyyət.- 2024.- 8 may, ¹35.- S.2.