Ankaradan Bakıya kuklaçı sovqatı

 

22 aprel – 1 may tarixlərini əhatə edən III Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı barədə xəbər vermişdik. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, UNESCO üzrə Türkiyə Milli Komissiyası, TİKA, həmçinin Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Kukla Teatrının da dəstək verdiyi sənət festivalının təşkilində məqsəd milli kukla teatrı və oyunları ənənələrini təbliğ etmək və yeni müştərək layihələrin reallaşmasına zəmin yaratmaq idi.

Ankara və İstanbulda tamaşa nümayişlərindən sonra festival təşkilatçıları və qardaş ölkənin teatr və mədəniyyət xadimləri Bakıya gələrək iki gün sənətsevərlər qarşısında çıxış etdilər.

Festival təşkilatçıları öz təəssüratlarını bizimlə bölüşdülər.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin idarə rəisi Sanem Arıkan festival sayəsində ölkəmizin qədim, əsrarəngiz mədəniyyəti, səhnə sənəti ilə yaxından tanış olmaq imkanı qazandığını dedi: “Can Azərbaycana bu gəlişim mənim üçün ayrıca yaddaqalandır. Zatən bu isti, sevgi dolu münasibəti hər zaman hiss etmişəm. Çünki bizi birləşdirən qırılmaz tellər var. Bu gəlişim yeni insanlar, Azərbaycan Dövlət Kukla Teatrı sayəsində zəngin ənənələri olan teatrınızla, səhnə sənətinizlə tanışlıq imkanı yaratdı. Düşünürəm ki, festival, müsabiqə, ustad-dərsləri, qarşılıqlı qastrollarla teatrlarımız arasında əlaqələr dərinləşəcək. Ortaq layihələr və yaradıcı təkliflərin sayı artacaq”.

S.Arıkan Azərbaycan mədəniyyət nazirinin müavini Səadət Yusifova ilə görüşlərində də əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu dedi: “Düşünürəm ki, bu festival yeni təşəbbüslərin başlanğıcı kimi məhsuldarlığı ilə seçiləcək. Fürsətdən istifadə edib bizi səmimi, isti qarşılayan dəyərli bacı və qardaşlarıma sayğımı çatdırıram. İnanıram ki, növbəti səfərimizdə daha əhatəli və maraqlı ideyalarımızı reallaşdıracağıq”.

Festivala maddi-mənəvi dəstəyini əsirgəməyən Hilmi Yaman bildirdi ki, layihə Azərbaycan-Türkiyə mədəni əlaqələrinin inkişafına töhfə olacaq: “Bu gün dünyada dəyərlər sistemi dəyişsə də, mədəniyyət bir bağlayıcı, körpü funksiyasını yerinə yetirir. İnsanların düşüncə fərqliliklərini aradan qaldıran mədəniyyət sayəsində, xüsusən yaradıcılıq istiqaməti kimi teatr vasitəsilə mütəmadi bir araya gəlməklə daha böyük uğurlara imza ata bilərik”.

Pandemiyadan sonra yaranmış durğunluğa cavab

İki gün ərzində rəngarəng səhnə işləri ilə bakılı teatrsevərlərə xoş anlar bəxş edən festivalın layihə müəllifi, eyni zamanda Türkiyənin məşhur kuklaçısı Hadi Poyrazoğlunun nəvəsi, onun ənənəsini sevə-sevə davam etdirən Şafak Poyrazoğlu da tədbirdən sevgi ilə söz açdı: “Biz bu layihəyə pandemiyadan sonra yaranmış durğunluğa cavab olaraq başladıq. Doğrudur, Türkiyədə bu kimi xeyli festival var. Odur ki, biz fərqliliyə can atdıq. Həm də festivalı Türkiyə miqyasından çıxardıq. İlk səfərimiz qardaş Azərbaycana oldu. Biz bu səfərə sevinə-sevinə gəldik. Çünki bizlər sözdə deyil, əməldə də bir millət, iki dövlətik. Burada olduğum müddətdə bunu əyani şəkildə bir daha gördük. İnşallah, növbəti ildə bu layihəni başqa bir türk respublikasında davam etdirəcəyik”.

Müsahibimlə özünü kukla sənətində tapan, Mustafa Kamal Atatürkün və digər dövlət başçılarının qarısında çıxış edərək kukla sənətinə özünəməxsus meydan verməyə, onu diqqət mərkəzinə gətirməklə unudulmağa qoymayan babası Hadi Poyrazoğlunu da xatırladıq: “Babam hələ uşaqlıqdan bu sənətə maraq göstərib. Bizim məşhur Hacıvat və Qaragözlə yanaşı, əlcək kuklalar, balaca, texniki baxımdan elə də mükəmməl, əlverişli olmayan personajlar vasitəsilə də Türkiyədə uşaqdan-böyüyə hər kəsə kukla sənətini sevdirməyə çalışıb. O bu işin ustası kimi xeyli sayda insana bu sənəti öyrədib və onların əksəriyyəti Qaragöz ustası kimi bu ənənəni davam etdirirlər. Babam zaman-zaman müxtəlif kuklalar və tamaşalar qursa da, onun ən sevimli qəhrəmanı İbişdir. Yaşı 100-ü adlayan, babamdan mənə miras qalan o kukla daim böyük maraq yaradır. Bilirsiniz ki, Hacıvat və Qaragöz bizim qeyri-maddi mədəni irsimiz kimi artıq UNESCO-nun da siyahısındadır. Biz kukla sənətçiləri daim bu qədim teatr ənənəsini yaşatmaqla yetişən nəsillərə sevdirməliyik. Doğrudur, dövlətimiz, bu sahəyə bağlı insanlar, yaşlı nəsil buna imkan vermir. Amma bütün hallarda biz həmişə bunun deyirik ki, Hacıvatla Qaragözü yalnız ramazanlarda yada salmayaq, onu uşaqlarımıza, gənclərimizə sevdirmək üçün daim göz önündə saxlayaq. Biz sənətçilər əlimizdən gələni etməklə bu irsimizə sahib çıxmağa çalışırıq”.

Bildiyiniz kimi, məşhur Hacıvat və Qaragözün – iki əzəli və əbədi sevimli düşmənin macəralarını bəyaz pərdə arxasından izləyirik. Ona görə də Türkiyədə buna “xəyal oyunu”, oyunçusuna isə “xəyalpərəst” deyirlər. Əslində, Hacıvatla Qaragöz çox cəsarətli, hər kəsin deyə bilmədiyi həqiqətləri o xəyal oyunu arxasından deyə bilən görünməz qəhrəmanlardır.

Təqlid və söhbətə əsaslanan kölgə oyunu

Daha bir həmsöhbətim, kuklaçı aktyor, Türkiyədə sevilən Qaragöz ustası  Bahadır Bıyıklı da çox cəsarətlidir.

Bizimlə söhbətinə ilk olaraq iki personajın əsrlərdir gəldiyi yolla nəzər saldı: “Hacıvat və Qaragöz ikiölçülü təsvirlərlə ekranda nümayiş etdirilən təqlid və söhbətə əsaslanan kölgə oyunudur. Dəridən hazırlanan və təbii boyalardan istifadə olunan qəhrəmanlar xəyalpərəst, geniş dünyagörüşlü, cəsarətli və mübarizdirlər. Bu iki qəhrəmanın, həqiqətən, yaşayıb-yaşamadığı, yaşayıblarsa, harada və necə yaşadıqları tam məlum deyil. Bununla bağlı bölgələrimizdə fərqli rəvayətlər var. Ən yayğın rəvayətə görə, Hacı İvaz Ağa və ya xalq arasında tanınan adı ilə Hacıvat və Trakyanın Samakol kəndindən olan dəmirçi Qaragöz Orxan Qazi dövründə Bursada yaşayıb məscid tikintisində çalışmış iki fəhlədir. Bütün günü deyib-gülən bu ikili nəinki işləmir, hətta digər işçilərə də mane olurlar. Nəticədə tikinti də yubanır. Bundan qəzəblənən Orxan Qazi deyir ki, məscid vaxtında bitməsə, sizi edam etdirəcəyəm...  Nəhayət, hər ikisi edam olunur. Hacıvat və Qaragözü çox sevən və ölümlərinə çox üzülən Şeyx Küsteri onların kuklalarını düzəltməyə və pərdə arxasında oynatmağa başlayır. Beləcə, tragik bitən zarafat sonradan belə bir teatr qoluna çevrilir.

Bahadır bəy uşaq yaşlarında bu rəvayəti eşidəndə çox sarsıldığını, onun təsirindən bu sənəti öyrənməyə başladığını deyir: “20 ildən artıqdır ki, bu sənəti sevərək təbliğ edirəm. Doğrudur, zaman-zaman biz bu sənəti yaşatmaq üçün çətinliklər çəkirik. Amma alıcısı, yəni tamaşaçısı həmişə var. Gərək sənəti doğru icra edəsən. Belə olduqda tələbat da daim olacaq. Çünki onun hər oyununun bir hekayəsi, ana ideyası və məramı var. Öyrətməklə əyləndirmək mümkündür. Sözsüz ki, bizlər təməl ünsürlərini pozmadan onu hər cür hekayənin qəhrəmanı edə bilərik. Çünki indi zaman dəyişib, uşaqların dünyagörüşü, vizual tələbləri çox-çox irəli gedib. Belə olduqda biz də sintez dediyimiz üsulla tamaşaçılarımıza xitab etməyə çalışırıq və şükürlər olsun ki, hər zaman da müsbət qarşılanır”.

İki gün boyunca səhnəyə Hacıvat və Qaragözlə bərabər müxtəlif kuklaları çıxaran, uşaqları Türkiyənin teatr sənəti, milli musiqisi ilə tanış etməyə çalışan festival və onun sayəsində Bakıya gələn sənətçilər bir mətləb hasil etdilər: ənənəvi sənət bütün zamanlarda müasir və maraqlıdır.

 

Həmidə Nizamiqızı

Mədəniyyət.- 2024.- 8 may, ¹35.- S.5.