Filmlərimiz İzmirdə
keçirilən festivalda mükafat qazanıb
Kino Agentliyi də xüsusi mükafata layiq
görülüb
2-3 may tarixlərində Türkiyənin İzmir şəhərində
ilk dəfə “Qızıl alma” Beynəlxalq Turan Film
Festivalı keçirilib.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi
Kino Baş İdarəsi və Dövlət Arxivləri
Baş İdarəsinin dəstəyi, TÜRKSOY və Ege
Universitetinin təşkilatçılığı ilə
gerçəkləşən festivalda Türkiyə, Azərbaycan,
Qırğızıstan, Qazaxıstan, Özbəkistan,
Türkmənistan və digər ölkələrdən filmlər iştirak edib.
Ekran işləri Türk dünyasının kino
xadimlərindən ibarət münsiflər heyəti tərəfindən
13 kateqoriya üzrə qiymətləndirilib. Münsiflər
heyətində Azərbaycandan “Hoçazfilm”
studiyasının (Laçın şəhəri) direktoru Amil
Amal (Amil Məmibəyli) da olub.
O deyib ki, festivalda Azərbaycandan iştirak edən
ekran işlərindən Zamin Məmmədovun “Səs” (“Ən
yaxşı film”) və Ruslan İbrahimlinin “Qara bulud” (“Gənc
istedad” kateqoriyası üzrə mükafat) filmləri
mükafata layiq görülüb.
Festivalın “İnsan haqlarına töhfə” mükafatı
Azərbaycanın Qaçqın və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinə, “Kino sənətinə töhfə”
mükafatı isə Azərbaycan Respublikası Kino Agentliyinə
(ARKA) verilib.
Festivalda Qazaxıstandan “Lullaby” (“Ninni” – rejissor
Dilşad Rahmatullin), Qırğızıstandan “Hope”
(“Ümid” – Saule Mukanbetova), Özbəkistandan “Taste of Grapes”
(“Üzümün dadı” – Dmitri Lebedev), Türkiyədən
“Ənənə” (Ali Rza Bəyazid), Türkmənistandan
“Ümid” (İsgəndər Muhammet Annamuhammedov) və
İrandan “Golinin ən böyük macərası” (Elika Mehranpur)
filmləri qalib olub.
“Bizim üçün sevindirici məqamlardan biri də
“Qızıl alma” festivalının estafetinin Azərbaycana
ötürülməsi oldu. “Hoçazfilm” olaraq növbəti
festivalın təşkilində iştirak etməyi
planlaşdırırıq”, – deyə Amil Amal bildirib.
Onu da qeyd edək ki, Amil Amal münsiflər heyətinin
üzvü kimi Ege Universiteti tərəfindən xüsusi
mükafata layiq görülüb.
Festival çərçivəsində Türkiyə
Dövlət Arxivləri Baş İdarəsinin “Səssiz
şahidlər: türk boylarına səyahət” mövzusunda
fotosərgisi keçirilib. Türk dünyasının ortaq dəyər
və mədəniyyətini özündə əks etdirən
sərginin qarşıdakı dövrdə TÜRKSOY-a üzv
digər ölkələrdə də açılması nəzərdə
tutulur.
Ege Universiteti Atatürk Kültür Mərkəzində
keçirilən mükafatlandırma mərasimində türk
xalqlarının milli rəqsləri nümayiş etdirilib,
musiqilər səsləndirilib.
***
Festivalda “Kino sənətinə töhfə”
mükafatına layiq görülən ARKA da bu barədə məlumat
yayıb.
Məlumatda qeyd olunur ki, son vaxtlar Kino Agentliyi
türkdilli dövlətlərdə keçirilən
müsabiqə və festivallarda yaxından iştirak edir.
“Qızıl alma” festivalının TÜRKSOY və ARKA tərəfindən
dəstəklənməsi bu istiqamətdə tədbirlərdən
biridir. ARKA növbəti “Qızıl alma” festivalını Azərbaycanın
işğaldan azad olunmuş ərazilərində keçirmək
niyyətindədir.
Məlumatda o da vurğulanır ki, Türk
dünyasının kino bazarı Azərbaycan film
istehsalçıları üçün də maraq kəsb
edir. Bu istiqamətdə bir neçə film Qazaxıstan,
Türkiyə bazarında nümayiş olunsa da, müəyyən
problemlər ucbatından bu proses yarımçıq qaldı.
Kino Agentliyi bu problemlərin aradan qaldırılması
üçün yerli filmlərin xarici dillərə
altyazı və səsləndirmə ilə tərcüməsini
həyata keçirməyi planlaşdırır.
Lalə Azəri
Mədəniyyət.- 2024.- 8 may, ¹35.- S.3.