13 yaşında səhnəyə çıxan dünyaşöhrətli kinorejissor

 

Əjdər İbrahimov-105

 

Əjdər İbrahimovun adı çəkiləndə təkcə Azərbaycanda deyil, bir sıra yaxın-uzaq ölkələrdə kino sənəti yada düşür. Kino təşkilatçısı kimi də tanınan, Azərbaycanın və SSRİ-nin Xalq artisti olan sənətkar diqqətəlayiq ekran əsərləri ilə tamaşaçıların rəğbətini qazanıb. Görkəmli rejissoru anadan olmasının 105 illiyi münasibətilə anırıq.

Əjdər Mütəllim oğlu İbrahimov 19 aprel 1919-cu ildə Aşqabadda dünyaya göz açıb. Ancaq o, əslən təbrizlidir. Valideynləri ötən əsrin əvvəllərində Türkmənistana köçmüşdü.

Uşaqlıqdan öz böyüklərindən ədəbiyyat və folklor nümunələrimizi eşidən Əjdər eyni zamanda muğamlarımızı da həvəslə dinləyir və milli-mənəvi dəyərlərimizin əhatəsində boya-başa çatır.

Teatra qəlbən bağlanan Əjdər 13 yaşında səhnədə ilk rolunu oynayır. Sonra Aşqabad Teatr Məktəbinə daxil olur. 1940-cı ildə təhsilini başa vurur. Teatr təhsili alsa da, kinoya daha çox maraq göstərir. Bu həvəslə də Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsinə daxil olur. 1952-ci ildə təhsilini tamamlayır və təyinatla Aşqabad kinostudiyasında işə başlayır. “Türkmənfilm” onun yaradıcılıq həyatında müəyyən rol oynayır. Ona yalnız sənədli filmlər çəkməyə icazə verilir. O, ilk yaradıcılıq fəaliyyəti kimi “Füruzə”, “Xəzərin şərqində” və s. filmlərə quruluş verir.

Əjdər İbrahimov Aşqabadda gələcək işlərinin çətin olacağını düşünür. Buna görə də Bakıya can atır. 1954-cü ildə Azərbaycana gələn rejissor həmin il tanınmış kinorejissorlar Lətif Səfərovun quruluş verdiyi “Mahnı belə yaranır” və Tofiq Tağızadənin 1955-ci ildə çəkdiyi “Görüş” filmlərində ikinci rejissor kimi çalışır.

Bakı kinostudiyasında quruluşçu rejissor olaraq ilk böyük işini 1957-ci ildə reallaşdırır. “Mosfilm”in iştirakı ilə ekranlaşdırılan “Bir məhəllədən iki nəfər” filminə İlya Qurinlə birlikdə quruluş verir. Bir il sonra yazıçı İmran Qasımovun ssenarisi əsasında “Onun böyük ürəyi” filmini çəkir. Film yeni salınan Sumqayıt şəhərindəki quruculuq işlərindən bəhs edir. Süjetdə İkinci Dünya müharibəsi, ondan əvvəlki və sonrakı dövrlərə də yer verilir. Burada rejissor özü də Rəsulov rolunda çəkilir. Filmə tamaşa edən Vyetnam mədəniyyət xadimləri Sovet İttifaqının müvafiq qurumlarına müraciət edərək rejissorun bu ölkədə kinematoqrafiyanın formalaşmasına yardım etməsini istəyirlər. Beləliklə, Əjdər İbrahimov Vyetnam incəsənətində yeni səhifələr açmağa başlayır. Hanoyda açılan kino məktəbinə minlərlə vyetnamlı ərizə verir.

Qeyd edək ki, o zaman Vyetnamda kino sənəti təzəcə yaranırdı və hələlik sənədli film çəkilirdi. Ölkə kinoteatrlarında isə ancaq yapon və fransız filmləri göstərilirdi. Əjdər İbrahimov Hanoya gələndən sonra Vyetnamın öz kinosu yaradılır.

Əjdər İbrahimov Vyetnamın əksər rayonlarını, ucqar yaşayış məntəqələrini gəzir. Xalqın adət-ənənələrini və milli-mənəvi dəyərlərini öyrənir. Həmçinin kino məktəbi üçün uşaqlar toplayır. Bu məktəbə minlərlə gənc müraciət edir. Təhsildən sonra onların hamısına – Vyetnamın ilk peşəkar kinoaktyor və rejissorlarına diplomlar verilir. Beləliklə, Əjdər İbrahimov 1959–1962-ci illərdə Vyetnamda ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanmasında yaxından iştirak edir. Onun bədii rəhbərliyi ilə “İki əsgər”, “Acgöz quş” və “Bir payız günündə” filmləri lentə alınır.

Bakıya qayıtdıqdan sonra rejissor “İyirmialtılar” filmini (1965) ekranlaşdırır. Yazıçı İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi film Leninqradda keçirilən Ümumittifaq festivalında (1968) mükafata layiq görülür. Az sonra Əjdər İbrahimov həmin filmin davamı kimi “Ulduzlar sönmür” (1971) tarixi ekran əsərini çəkir. Film görkəmli yazıçı-dramaturq və dövlət xadimi Nəriman Nərimanovun həyat və fəaliyyətindən bəhs edir.

Əjdər İbrahimov sonralar “Mosfilm”də rejissor kimi fəaliyyətini davam etdirir. Onun “Ürək əhvalatları”, “Məhəbbətim mənim, kədərim mənim” (Nazim Hikmətin “Fərhad və Şirin” pyesi əsasında, SSRİ-Türkiyə birgə filmi, 1978) filmləri rejissora geniş şöhrət gətirir.

Sənətkarın kino sahəsində fəaliyyəti yüksək qiymətləndirilib. O, 1960-cı ildə Azərbaycanın “Əməkdar incəsənət xadimi”,  1967-ci ildə “Xalq artisti” fəxri adlarına, eyni zamanda keçmiş ittifaqın bir sıra orden və medallarına layiq görülür. İttifaqın dağıldığı ərəfədə – 28 noyabr 1991-ci ildə ona “SSRİ Xalq artisti” fəxri adı verilir.

Görkəmli rejissor eyni zamanda Vyetnam səfərində gördüklərini qələmə alıb. İşıq üzü görən “Vyetnamda gördüklərim”, “Günəş ağlayır”, “Döyüşən Vyetnamın kino sənəti”, “Tai qəbiləsindən olan qız” adlı kitabları oxucular tərəfindən maraqla qarşılanıb.

Əjdər İbrahimov 20 sentyabr 1993-cü ildə Moskvada vəfat edib. Xatirəsi kinosevərlərin qəlbində əbədi yaşayan sənətkar Bakıda Fəxri xiyabanda dəfn olunub.

 

Savalan

Mədəniyyət.- 2024.- 8 may, ¹35.- S.6.