“Çün bahar oldu...”

 

Muzeydə “Yaşıl dünya naminə həmrəylik ili” konserti

 

Mayın 7-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil-Muzeyində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş tədbirlər çərçivəsində “Çün bahar oldu...” adlı musiqi axşamı təşkil edilib.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova giriş sözündə ölkə başçısının müvafiq sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi barədə danışıb, yeniyetmə və gənclərə ekoloji tərbiyənin aşılanması və ekoloji maarifləndirmənin əhəmiyyətindən söz açıb. Təbiətin tərənnümü mövzusunun Azərbaycan incəsənətində, o cümlədən musiqi sənətində xüsusi yer tutduğu vurğulanıb.

Musiqişünas və vokalçı Sevinc İbrahimovanın iştirakı ilə keçirilən konsert proqramında Azərbaycan bəstəkarlarının doğma vətənimizi, təbiətimizi, baharı vəsf etdikləri mahnı və romanslar səslənib. Vokalçılar Aysel Abdullayeva və Adil Həsənov da ifaları ilə musiqi axşamına rəng qatıblar.

Sonda Niyazinin Mənzil-Muzeyinin müdiri Əməkdar mədəniyyət işçisi Rza Bayramov Sevinc İbrahimovaya təşəkkürünü bildirib və “Niyazi xatirələrdə” kitabını hədiyyə edib.

 

Mədəniyyət.- 2024.- 8 may, ¹35.- S.2.