Xalq yazıçısı
İsmayıl Şıxlının 105 illiyinə həsr
olunmuş tədbir
Mayın 7-də Yasamal rayon Heydər Əliyev Mərkəzində
Xalq yazıçısı İsmayıl
Şıxlının (1919–1995) anadan olmasının 105 illiyinə
həsr olunmuş tədbir keçirilib.
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana
Sisteminin direktoru Lətifə Məmmədova görkəmli
yazıçının həyat və fəaliyyətindən
danışıb, onun tarixi şəxsiyyət kimi Azərbaycanın
müstəqilliyi yolunda böyük xidmətlərinin
olduğunu vurğulayıb.
Sonra İsmayıl Şıxlının 105 illiyinə
həsr olunmuş videoçarx nümayiş etdirilib.
Milli Məclisin deputatı Aydın Mirzəzadə
çıxışında İsmayıl Şıxlı
yaradıcılığının çox zəngin
olduğunu bildirib. Qeyd edib ki, yazıçının “Dəli
Kür” romanı Azərbaycan ədəbiyyatında bu
janrın ən uğurlu nümunəsidir. XIX əsrdə
baş verən mürəkkəb tarixi proseslərdən
geniş şəkildə bəhs edən əsər Azərbaycan
ədəbiyyatı üçün olduqca böyük önəm
daşıyır.
Filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli,
“Dədə Qorqud” Milli Fondunun rəhbəri, “Azərbaycan
dünyası” jurnalının təsisçisi Eldar
İsmayıl, Moldovanın Azərbaycandakı səfiri
Aleksandr Esaulenko və digər çıxış edənlər
ədibin yaradıcılığından söhbət
açıblar.
Qeyd edilib ki, ədəbiyyat tariximizə dəyərli
əsərlər bəxş etmiş İsmayıl
Şıxlı həm də azərbaycançılıq məfkurəsinin
formalaşmasında, müstəqillik hərəkatında
mühüm fəaliyyət göstərib, fəal
ictimai-siyasi xadim olub.
Sonda çıxış edən ədibin oğlu, Azərbaycan
Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı
atasının ömür yolundan bəhs edib, tədbirin təşkilatçılarına
və iştirakçılarına minnətdarlığını
bildirib.
Mədəniyyət.- 2024.- 8 may, ¹35.- S.2.