Vindzor Kral Atçılıq
Şousunda Azərbaycan şöləni
Böyük Britaniyada ənənəvi olaraq təşkil
olunan “Vindzor Kral Atçılıq Şousu”nda (1–5 may) Azərbaycan
nümayəndə heyəti bu il də böyük coşqu
ilə qarşılanan proqramla iştirak edib.
Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan
Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı
ilə Dövlət Sərhəd Xidmətinin (DSX) rəqs
ansamblı, 20 Qarabağ atından ibarət süvarilər dəstəsi
və “Land of Fire” polo komandasının daxil olduğu nümayəndə
heyəti 1–5 may tarixlərində keçirilən tədbirə
qatılıb.
Qarabağ atları, milli musiqimiz və Azərbaycan rəqslərindən
ibarət “Koroğlu” adlı şou-kompozisiya izləyiciləri
heyran edib. 100 mindən artıq tamaşaçının izlədiyi
şou-kompozisiyada Koroğlu rolunu Xalq artisti Yusif Eyvazov və
Əməkdar artist Tural Ağasiyev, Nigar rolunu Əməkdar
artist Afaq Abbasova və Fatimə Cəfərzadə peşəkarlıqla
ifa ediblər.
Milli musiqi alətlərimizlə səslənən
“Qarabağ cəngisi”nin sədası altında Əməkdar
artist Fərid İbrahimovun rəhbərliyi ilə “Sərhədçi”
rəqs ansamblının ifası, DSX süvarilər dəstəsinin
Qarabağ atları üzərində hünər
nümayişi böyük maraq doğurub. Şou müddətində
süvarilərimiz Azərbaycanın və Böyük
Britaniyanın bayraqlarını dalğalandırıblar.
Tədbir çərçivəsində Heydər
Əliyev Fondunun dəstəyi ilə qurulan, tarix və mədəniyyətimizi,
milli xalçaçılıq sənətini tərənnüm
edən “Azerbaijan Cultural” tenti də maraqla
qarşılanıb.
Kral ailəsinin üzvlərinin də iştirak etdiyi
Azərbaycan naharında milli mətbəximizin ləziz
nümunələri təqdim olunub. Nahar zamanı təmsilçilərimizin
ifasında şou-kompozisiya maraqla izlənilib.
“Vindzor Kral Atçılıq Şousu” çərçivəsində
Azərbaycan nümayəndə heyəti Böyük
Britaniyanın Kralı III Çarlz ilə
görüşüb. Krala tanınmış heykəltaraş
Faiq Hacıyevin “Zəfər adlı Dilbaz atı” əsəri
və Rəssamlar İttifaqının üzvü Elnur
Mahmudovun qədim gümüş alətlərinin təsvir
olunduğu rəsm əsəri hədiyyə edilib.
Mayın 4-də Elçin Camallının baş məşqçisi
və kapitanı olduğu “Land of Fire” komandası ilə
Böyük Britaniyanın “Guards Polo Club” komandası
arasında yoldaşlıq oyunu baş tutub. Dünya
atçılığına çövkən oyununu bəxş
etmiş Azərbaycanın təmsilçiləri ilə
Avropada polo oyununun təşəkkül tapdığı
Böyük Britaniyanın komandası arasında ilk
yoldaşlıq görüşü komandamızın xeyrinə
6:4 hesabı ilə başa çatıb.
Mədəniyyət.- 2024.- 8 may, ¹35.- S.8.