“Xarıbülbül”ün səsi
Şuşadan Laçına və bütün yurda
yayılacaq
Heydər Əliyev Fondu və Mədəniyyət
Nazirliyinin təşkilatçılığı ilə 11–13
may tarixlərində “Xarıbülbül” VII Beynəlxalq
Musiqi Festivalı keçiriləcək. Bu il 35
yaşını qeyd edən festival Şuşa və
Laçın şəhərlərində gerçəkləşəcək.
Məlum olduğu kimi, Şuşa şəhəri
2024-cü il üçün “İslam dünyasının mədəniyyət
paytaxtı” elan olunub. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev ötən ilin noyabrında bununla
bağlı tədbirlər haqqında sərəncam
imzalayıb. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı
da bu il İslam dünyası ölkələri arasında mədəni
əlaqələrin inkişafına töhfə verəcək.
Festival iştirakçıları arasında həm də
ICESCO-ya üzv ölkələrdən ifaçılar və
yaradıcı kollektivlər yer alacaq.
Festivalın proqramı iştirak edəcək
ifaçılarla yanaşı, həm də repertuar və fərqli
təqdimatlarla yadda qalacaq.
Mayın 11-də Cıdır düzündə
“Şuşa – İslam dünyasının mədəniyyət
paytaxtı – 2024” ilinin və “Xarıbülbül” VII Beynəlxalq
Musiqi Festivalının açılış konserti
keçiriləcək. Ertəsi gün festival
iştirakçılarının rəngarəng
çıxışları olacaq.
Festival mayın 13-də Laçında davam edəcək.
Həkəri çayı ətrafında qonaqlara bir sıra
ölkələrdən gələn ifaçıların təqdimatında
konsert təqdim olunacaq.
Qeyd edək ki, Şuşanın rəmzi olan
gülün adını daşıyan “Xarıbülbül”
Musiqi Festivalı 1989-cu ildən keçirilir. Festival həmin
ilin may ayında məşhur xanəndə, Xalq artisti Seyid
Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar Ağdam
rayonunun Abdal Gülablı kəndində başlayıb,
Şuşada davam edib və Ağdamda yekun konsertlə başa
çatmışdı. 1990-cı ildən
“Xarıbülbül” festivalı beynəlxalq status alıb. Həmin
il və 1991-ci ildə əsas konsertlər Ağdamda təşkil
edilib. Festivalın bir sıra konsertləri Bərdə və
Ağcabədidə olub. 1992-ci ildə Şuşanın
işğalından sonra festival keçirilməyib.
2020-ci ilin Vətən müharibəsindəki tarixi Zəfərimizlə
torpaqlarımız işğaldan azad olunduqdan sonra festival yenidən
Şuşaya qayıdıb. Bu il isə festivalın məkanı
genişlənərək Laçın şəhərini də
əhatə edir.
Mədəniyyət.- 2024.- 8 may, ¹35.- S.1.