Ölkəmiz Ankarada mədəniyyət
festivalında təmsil olunub
Ankara Keçiören Bələdiyyəsi
Hıdırellez mövsümi bayramı münasibətilə
beynəlxalq mədəniyyət festivalı keçirib.
Festival çərçivəsində Azərbaycan,
Qazaxıstan, Qırğızıstan və Şimali Kipr
Türk Cümhuriyyətinin diplomatik nümayəndəlikləri
milli stendlərini təqdim ediblər.
Ölkəmizi tədbirdə səfirliyimiz və onun
nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi
təmsil edib. Qonaqlar Azərbaycan stendində milli mədəniyyətimizə
dair suvenirlər, nəşrlərlə tanış olub, milli
mətbəximizə aid yemək və şirniyyatlara qonaq
ediliblər.
Keçiören Bələdiyyəsinin sədri Mesut
Özarslan Türk dünyasında baharın gəlişi kimi
qeyd olunan Hıdırellez bayramı haqqında məlumat verərək,
unudulmaqda olan adət və ənənələrin bərpasının
önəmindən danışıb, bu bayramların gözəl
ənənələrin göstəricisi olduğunu söyləyib.
İştirakçı ölkələrin
diplomatları, o cümlədən Azərbaycan səfiri Rəşad
Məmmədov bələdiyyənin fəxri diplomu ilə təltif
olunub.
Bədii proqramda bir sıra ölkələrin rəqs
kollektivləri milli rəqslərini təqdim ediblər. AMM-in
təqdimatı da maraqla qarşılanıb. Konsert
proqramından sonra Hıdırellez bayramının müxtəlif
adət-ənənələri icra olunub.
Mədəniyyət.- 2024.- 8 may, №35.- S.1.