“20 ilin sədası”
– Heydər Əliyev Fondunun yubileyinə həsr edilmiş
konsert
Mayın 4-də Heydər Əliyev Mərkəzində
“20 ilin sədası” adlı konsert proqramı təqdim olunub.
Konsert Heydər Əliyev Fondunun yaradılmasının 20
illiyinə həsr edilib.
Konserti Azərbaycan Respublikası Prezidentinin köməkçisi,
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov,
mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin deputatları
və digər qonaqlar izləyiblər.
Proqram Heydər Əliyev Fondunun fəaliyyətinə,
mədəniyyət sahəsində gördüyü işlərə
dair videoçarxın nümayişi ilə başlayıb.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev
Fondu 2004-cü ildə Ulu öndərin siyasətini əks
etdirmək, milli dövlətçilik ideyalarını yeni nəsillərə
daim aşılamaq niyyətindən irəli gələrək
yaradılıb. Mehriban xanım Əliyevanın rəhbərlik
etdiyi Fond 20 il ərzində çoxsaylı uğurlara nail
olub, mədəniyyət, təhsil, səhiyyə və digər
sahələrdə ciddi islahatların aparılmasına
töhfəsini verib. Heydər Əliyev Fondu ölkəmizin
dünyada təbliği və zəngin dəyərlərimizin
tanıdılması istiqamətində də fəaliyyət
göstərir.
Fondun yubiley konserti həm iştirakçıları,
həm də repertuarı ilə rəmzi məna
daşıyıb. 20 yaşı tamam olan Heydər Əliyev
Fondu fəaliyyəti dövründə hər zaman gənc
istedadlara, onların təhsil almasına, beynəlxalq
müsabiqə və festivallarda iştirakına dəstək
olub, mədəniyyətimizin geniş təbliğinə
yönələn layihələr həyata keçirib. Fondun
ayrı-ayrı sahələrdəki layihələri, o
cümlədən muğam müsabiqələri, milli, klassik
və caz musiqisi ilə bağlı layihələri, müxtəlif
musiqi festivalları yeni istedadların üzə
çıxarılmasına, onların inkişafına təkan
verib.
Konsert proqramında məhz bu incəsənət xadimləri
– yaradıcılıqlarında Heydər Əliyev Fondunun iz
qoyduğu, dəstək göstərdiyi sənətçilər:
Azər Zadə (vokal), Azər Zeynalov (vokal), Ceyla Seyidova
(violin), Elçin Əzizov (vokal), Emil Əfrasiyab (piano), Elvin
Hoca Qəniyev (violin), Fərhad Bədəlbəyli (piano),
İsfar Sarabski (piano), Mirələm Mirələmov (xanəndə),
Murad Adıgözəlzadə (piano), Samir Cəfərov
(vokal), Təyyar Bayramov (xanəndə), İlham Nəzərov
(vokal) və digərləri çıxış ediblər.
Hər bir ifaçının
çıxışından əvvəl onların Azərbaycan
mədəniyyətinin hamisi olan Heydər Əliyev Fonduna təbriklərini
əks etdirən qısa videomaterial təqdim olunub.
İfaçıları Ü.Hacıbəyli adına
Azərbaycan Dövlət Simfonik Orkestri (dirijorlar: Xalq artisti Yalçın
Adıgözəlov, Əməkdar artist Fuad İbrahimov,
Mustafa Mehmandarov) müşayiət edib.
Azərbaycan Dövlət Xor Kapellasının (bədii
rəhbər Xalq artisti Gülbacı İmanova) və Azərbaycan
Dövlət Uşaq Filarmoniyasının xor kollektivinin (bədii
rəhbər Dilarə Əliyeva) iştirakı da konsertə
xüsusi rəng qatıb.
Gecədə Azərbaycan və dünya bəstəkarlarının
əsərləri ilə yanaşı, xalq
mahnılarımız, təsnif və muğamlarımız,
eləcə də bir sıra filmlərimizə
yazılmış bənzərsiz musiqilər səsləndirilib.
Yubiley konsertinə “Qarabağ” şikəstəsi ilə yekun
vurulub.
Mədəniyyət.- 2024.- 8 may, ¹35.- S.3.