Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşlarla görüşləri keçirilir. Görüşlərdə sakinlərin problem və təklifləri dinlənilir, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımlar atılır.

Mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə növbəti vətəndaş qəbulu mayın 6-da Quba rayonunda gerçəkləşib.

Quba şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbuldan əvvəl nazir və rayonun icra başçısı İlqar Mahmudov Ümummilli liderin mərkəzin qarşısındakı abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Mərkəzin foyesində Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü və “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə nümayiş etdirilən Quba, Qusar və Xaçmaz uşaq incəsənət məktəbləri şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisinə baxış olub.

Qəbulda, əsasən, Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran rayonlarından olan vətəndaşlar iştirak ediblər. Vətəndaşların müraciətləri işlə təmin olunma, mədəniyyət sahəsi ilə bağlı təkliflər və digər məsələlərlə bağlı olub.

Adil Kərimli vətəndaşların fikirlərini, ayrı-ayrı məsələlərə dair xahiş və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı qəbulda iştirak edən nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.

Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi diqqətlə yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.

 

Mədəniyyət.- 2024.- 8 may, №35.- S.3.