“Solmaz bir bahar kimi”
Cabbarlı haqqında film bərpadan sonra
nümayiş olundu
Mayın 2-də Dövlət Film Fondunda Mədəniyyət
Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin birgə
təşkilatçılığı ilə böyük
dramaturq, yazıçı, teatr və kino xadimi Cəfər
Cabbarlının (1899 –1934) 125 illik yubileyi münasibətilə
tədbir keçirildi.
Film Fondunun foyesində sənətkarın həyat və
yaradıcılığını əks etdirən fotosərgi
təşkil edilmişdi.
Tədbiri giriş sözü ilə Azərbaycan
Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət
xadimi Cəmil Quliyev açaraq milli kinematoqrafiyamızın
inkişafında C.Cabbarlının əvəzsiz xidmətlərindən
danışdı.
Qeyd etdi ki, 1979-cu ildə Cabbarlının 80 illik
yubileyinə həsr edilən “Azərbaycanfilm”
kinostudiyasında “Solmaz bir bahar kimi” filmi çəkilib. Filmin
ssenari müəllifi Seyfəddin Dağlı,
quruluşçu rejissoru isə Cahangir Zeynallı olub: “Filmi
böyük dramaturqun 125 illik yubileyi ərəfəsində bərpa
etdik. Film çox qiymətlidir. Ekran işində görkəmli
diktorumuz Aydın Qaradağlının səsi eşidilir.
C.Cabbarlı Moskvada yazıçı Maksim Qorki ilə qurultay
iştirakçıları arasında görünür. Bu
görüşü əks etdirən xronikal lentdən ilk dəfədir
ki, kinoda istifadə olunur. C.Cabbarlı görkəmli kino xadimi
Vsevolod Pudovkinlə söhbət edir. Bu epizod vaxtilə “Sevil”
bədii filminin çəkilişi vaxtı lentə
alınıb. Ekran əsərində “1905-ci ildə”, “Od gəlini”
pyeslərindən, “Sevil” tamaşasından parçalar, “Sevil”
və “Almaz” filmlərindən fraqmentlər var. Filmdə Sevil
və Almaz rollarının ifaçısı akademik İzzət
Orucova, yazıçı Mirzə İbrahimov, aktyor
Ağasadıq Gəraybəyli və başqaları
C.Cabbarlı haqqında söhbət açırlar”.
Yüksək sənətkarlıqla çəkilən
film Azərbaycan Komsomolu mükafatına, kinorejissor Cahangir
Zeynallı isə Cəfər Cabbarlı mükafatına layiq
görülüb.
Ədibin irsinin araşdırıcısı, professor
Asif Rüstəmli çıxış edərək C.Cabbarlının
həyat və yaradıcılığının yer
aldığı “Solmaz bir bahar kimi” sənədli filmi
haqqında danışdı. Bildirdi ki, sovet dövründə
Cabbarlı ilə bağlı bir-birindən maraqlı
üç film lentə alınıb. Adıçəkilən
bu film isə çox sənətkarlıqla yaradılıb.
Film görkəmli ədibin həyat və
yaradıcılığını özündə əks
etdirən dəyərli sənət əsəridir.
Əməkdar incəsənət xadimləri - kino tədqiqatçısı
Aydın Kazımzadə, kinorejissor Cahangir Zeynallı, Əməkdar
müəllim Nəcməddin Mürvətov görkəmli ədibin
Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərini
qeyd etdilər.
Sənətkarın nəvəsi Qəmər Seyfəddinqızı
çıxış edərək tədbirin təşkilatçılarına,
iştirakçılarına, sənədli filmin bərpasına
görə Dövlət Film Fondunun rəhbərliyinə və
kollektivinə təşəkkür etdi.
Çıxışlardan sonra “Solmaz bir bahar kimi” filmi
nümayiş olundu.
S.Fərəcov
Mədəniyyət.- 2024.- 8 may, ¹35.- S.6.