“Kuraj ana və uşaqları” Şəki səhnəsində

 

Mayın 12-də Şəki Dövlət Dram Teatrında alman ədibi Bertolt Brextin (1898–1956) “Kuraj ana və uşaqları” pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın premyerası olub.

Tamaşaya teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimli quruluş verib. Quruluşçu rəssam Mustafa Mustafayev, geyim üzrə rəssamı Sahib Əhmədov, bəstəkarı Firudin Allahverdi, mahnıların bəstəkarı Xatirə Orucova, baletmeysteri Çingiz Novruzəliyevdir.

Əsər Avropada baş verən Otuzillik müharibədən (1618–1648) bəhs etsə də, əslində, müəllifin özünün də iştirakçısı olduğu Birinci Dünya müharibəsi və ondan sonrakı bütün müharibələr haqqındadır.

Kuraj ana müharibə zamanı övladlarını itirsə də, həyata olan baxışını dəyişmir. Bütün müharibələrdə itkilərin olmasına rəğmən, əsərdə Kuraj ananın simasında insanlığın mahiyyəti, müharibədə qazananların əsl siması əks olunur.

Tamaşada rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Əbülfət Salahov, Rəhim Qocayev, aktyorlar Lalə Məmməd, Arzu Mustafayeva, Elvin Mabudov, Rəsul Məmmədrəhimov, Nərmin Abbasova, Aytac İsmayılzadə, Pərviz İsmayılov, Xəyal Salahov, İlkin Rüstəmov və başqaları ifa edirlər.

 

Mədəniyyət.- 2024.- 15 may, ¹37.- S.4.