“Hər yanı gülşən Azərbaycan” – xor müsabiqəsi başa çatıb

 

Mədəniyyət Nazirliyinin dəstəyi, Mil-Muğan və Mərkəzi Aran RMİ-lərin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Hər yanı gülşən Azərbaycan” adlı III Regional xor müsabiqəsi haqqında məlumat vermişdik.

Müsabiqənin final mərhələsi mayın 7-də Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil edilib. Tədbirdə Mərkəzi Aran RMİ-nin rəisi Aydın Bəşirov, Mil-Muğan RMİ-nin rəisi Faiq Xudanlı, şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, mədəniyyət işçiləri iştirak ediblər.

Final mərhələsində hər iki RMİ üzrə fəaliyyət göstərən 6 uşaq musiqi və incəsənət məktəbinin xor kollektivlərinin çıxışlarını Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri Xalq artisti Gülbacı İmanova, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Əməkdar incəsənət xadimi Dilarə Əliyeva və Bakı Musiqi Akademiyasının dosenti, Əməkdar müəllim Aqil Qafulov qiymətləndiriblər.

Kürdəmir şəhər Uşaq incəsənət məktəbi Qran-pri mükafatını, Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1 nömrəli onbirillik Musiqi məktəbi I, Ağdaş şəhər 1 nömrəli Uşaq musiqi məktəbi II, Göyçay şəhər Arif Məmmədov adına Uşaq musiqi məktəbi isə III yeri qazanıblar. Beyləqan rayon Niyazi adına Uşaq musiqi məktəbi və Mingəçevir şəhər Bülbül adına 2 nömrəli Uşaq musiqi məktəbi isə diploma layiq görülüb.

Qaliblər mayın 16-da Saatlı rayon Mədəniyyət Mərkəzində təşkil olunacaq qala-konsertdə mükafatlandırılacaq.

 

Mədəniyyət.- 2024.- 15 may, ¹37.- S.4.