Mədəniyyətimizin böyük himayədarı

 

Bölgələrdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı müxtəlif səpkili tədbirlər təşkil edilib.

Füzuli rayonu Heydər Əliyev Mərkəzində (Horadiz şəhəri) “Ulu öndər Heydər Əliyev və Azərbaycan” adlı tədbir keçirilib. Tədbirdə “Dahi şəxsiyyət” sənədli filmi nümayiş olunub. Heydər Əliyevin Füzuli rayonuna səfərləri haqqında ətraflı söhbət açılıb. Müasir Azərbaycanın inkişaf strategiyasının, eləcə də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı böyük Zəfərin təməlində Heydər Əliyevin uzaqgörən siyasətinin dayandığı vurğulanıb. Bədii hissədə rayon mədəniyyət müəssisələrinin hazırladığı konsert proqramı təqdim olunub.

***

Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyi və Kosalar kənd Mədəniyyət evinin (Göygöl rayonu, Bəstə qəsəbəsi) birgə təşkilatçılığı ilə “Xalqın xilaskarı” adlı tədbir keçirilib. Çıxışlarda Ulu öndərin xalqımız və dövlətimiz qarşısında xidmətlərindən danışılıb, onun həyatı və siyasi fəaliyyətini əks etdirən fotostendlərə baxış keçirilib.

***

Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Quba rayon MKS və Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzi tərəfindən “Heydər Əliyev irsi milli sərvətimizdir” adlı tədbir keçirilib. Ulu öndərə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbir rayon Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış “Yaşa, mənim xalqım!” adlı konsert proqramı ilə davam edib.

Xaçmaz şəhər Uşaq incəsənət məktəbi və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Xatirələrdə yaşayan öndər” adlı tədbir keçirilib. Mərkəzin foyesində Xaçmaz şəhər Uşaq incəsənət məktəbi Rəssamlıq şöbəsi şagirdlərinin rəsm əsərləri nümayiş etdirilib.

***

Dağlıq Şirvan RMİ və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib. Əvvəlcə mərkəzin foyesində Ulu öndərin həyat və fəaliyyətini əks etdirən kitab və rəsm əsərlərindən ibarət sərgiyə baxış olub. Konsertdə Ulu öndərə həsr edilmiş musiqilər və şeirlər səsləndirilib, rəqs nömrələri ifa edilib.

Mirzə Ələkbər Sabirin Şamaxıdakı ev-muzeyində də “Heydər Əliyev irsinin öyrənilməsi və təbliği” mövzusunda tədbir təşkil edilib.

***

Şəki şəhər Heydər Əliyev Mərkəzində Ulu öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş şəhər müəssisə və təşkilatlarının əməkdaşlarından ibarət komandalar arasında intellektual yarış keçirilib. Şəki şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin “Xarıbülbül” komandası I, 4 nömrəli Uşaq musiqi məktəbinin “Balero” komandası II, şəhər MKS-nin “Səma” komandası isə III yerə layiq görülüb. Qalib komandaya diplom və kubok təqdim edilib.

Qəbələ rayon Mədəniyyət Mərkəzində Ümummilli liderin 101-ci ildönümünə həsr olunmuş Qəbələ rayon Uşaq incəsənət məktəbinin hesabat konserti təşkil edilib. Məktəbin xorunun, xalq çalğı alətləri ansamblının, fortepiano, xanəndəlik, xoreoqrafiya sinfi şagirdlərinin ifasında müxtəlif janrlarda musiqilər səsləndirilib.

***

Mərkəzi Aran RMİ-nin təşkilatçılığı ilə regional idarənin xidməti əhatəsinə aid olan şəhər və rayonlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları arasında keçirilən “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı bilik yarışının final mərhələsi gerçəkləşib. Ağdaş rayon Heydər Əliyev Mərkəzində keçirilən finala 7 rayondan komandalar qatılıb. Göyçay rayonu üzrə “Akkord” komandası I, Ucar rayonundan “Xəzinə” komandası II, Ağdaş rayonu üzrə “Xəzinə” komandası isə III yeri qazanıb.

***

Şərqi Zəngəzur RMİ-yə tabeli müəssisələrdə Ulu öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər təşkil olunub. Çıxışlarda qeyd edilib ki, müstəqil, qüdrətli Azərbaycan Ümummilli lider Heydər Əliyevin şah əsəridir. Tədbirlər konsert proqramı ilə davam etdirilib.

***

Saatlı rayonu üzrə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin iştirakı ilə “Əvəzolunmaz lider” adlı ümumrayon tədbiri keçirilib. Tədbirdə rayon Mədəniyyət Mərkəzinin əməkdaşları, Bülbül adına Uşaq musiqi məktəbi müəllimlərinin ifasında vətənpərvərlik ruhlu musiqilər ifa olunub.

İmişli rayon Mədəniyyət Mərkəzində təşkil edilən tədbirdə Ulu öndərin həyatı və siyasi fəaliyyətindən bəhs olunub. Daha sonra konsert proqramı təqdim olunub.

***

Şirvan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə orta ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri arasında keçirilən “Heydər Əliyev və bütöv Azərbaycan” adlı şeir qiraəti müsabiqəsinə yekun vurulub. Müsabiqənin qalibləri mükafatlandırılıb.

Şirvan Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Heydər Əliyev – 101. Yaşıllıq naminə həmrəylik” mövzusunda tədbir keçirilib.

Şirvan şəhər Mədəniyyət Mərkəzində isə “Azərbaycan tarixinə adını qızıl hərflərlə yazdıran dahi lider” adlı konsert təşkil edilib. Qiraət olunan şeirlər, rəqslər və musiqilər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

 

Hacıqabuldakı Heydər Əliyev Mərkəzində “Xəmsə” intellektual oyununun final mərhələsi keçirilib. Şəhər məktəblərindən 50 şagirdin iştirak etdiyi oyunda qalib komandalar diplomlarla mükafatlandırılıb.

Hacıqabul rayon Mədəniyyət Mərkəzində “Xalqa həsr olunmuş ömür” adlı konsert proqramı keçirilib. Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq incəsənət məktəbinin şagirdlərinin çıxış etdiyi konsert alqışlarla qarşılanıb.

***

Samux rayon Heydər Əliyev Mərkəzində Əməkdar rəssam Mübariz Əkbərovun əl işlərindən ibarət “Azərbaycan mədəniyyətinin himayədarı – Heydər Əliyev” adlı sərgi təşkil edilib. Rəssamın əl işlərinin ideya-sənətkarlıq məziyyətlərindən danışılıb. Əl işləri içərisində “Şah İsmayıl qılıncı”, “Zəfər qılıncı”, “Turan qılıncı” və s. əsərlər ziyarətçilərin marağına səbəb olub.

***

Qazax rayon MKS tərəfindən “Günəş ömürlü insan” adlı kitab bayramı keçirilib. Mədəniyyət mərkəzinin qarşısında keçirilən tədbirdə bir-birindən maraqlı musiqi nömrələri, bədii qiraət, çıxışlar və kompozisiyalar təqdim edilib.

Şəmkir rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev irsi milli sərvətimizdir” adlı tədbir təşkil edilib.

Gədəbəy Aşıq Məktəbində rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə “Yaşayır Ulu öndər, yaşayır qəlbimizdə” adlı konsert proqramı təqdim edilib. Uşaq incəsənət məktəbinin şagirdləri, Aşıq məktəbinin kollektivi və Mədəniyyət Mərkəzinin əməkdaşlarının hazırladığı musiqi nömrələri maraqla qarşılanıb.

***

Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Ordubad rayon Mədəniyyət Sarayında fotosərgi açılıb. “Sehrli Ordubad” adlı sərgidə peşəkar fotoqraf Aydın Mehdiyevin rayonun təbii gözəlliklərini, tarixi-mədəni irsini əks etdirən şəkillər nümayiş olunub.

***

Lənkəran şəhər Heydər Əliyev adına Xatirə parkında Lənkəran-Astara RMİ və Lənkəran-Astara RGİİ-nin təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 101-ci illiyinə həsr edilən rəsm əsərləri və fotoşəkillərdən ibarət sərgi keçirilib. Lənkəran Uşaq rəssamlıq məktəbi və “ZZ Art Center” rəsm kursunun birgə sərgisində fərqlənən müəlliflər diplom və təşəkkürnamələrlə təltif ediliblər.

Astara Dənizkənarı Park Bulvar Kompleksində rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Sən elə bir zirvəsən” adlı konsert proqramı keçirilib. Mədəniyyət mərkəzinin solistləri və “Sevinc” mahnı və rəqs ansamblı çıxış edib. Tədbir atəşfəşanlıqla yekunlaşıb.

***

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən “Heydər Əliyev və tarixi-mədəni irsimiz” adlı viktorina keçirilib. Ağstafa şəhər Heydər Əliyev prospektində və “Keşikçidağ” qoruğunun inzibati binası önündə keçirilən viktorinada qaliblərə qoruğun hədiyyələri təqdim edilib.

 

Mədəniyyət.- 2024.- 15 may, ¹37.- S.4.