Ulu öndər ölkəmizdə muzeylərin inkişafına qayğı göstərib

 

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində Ümummilli lider Heydər Əliyevin doğum günü və 18 may – Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Heydər Əliyev və muzeylərimiz” adlı tədbir keçirilib. Əvvəlcə Ulu öndərə həsr olunmuş videoçarx nümayiş olunub.

Mərkəzin direktoru Əməkdar mədəniyyət işçisi Zərifə Məlikova çıxış edərək Heydər Əliyevin dövlətimizin möhkəmləndirilməsi və suverenliyi uğrunda gördüyü misilsiz işlərdən söz açıb.

Uzun illər muzey sahəsində səmərəli fəaliyyət göstərən, Heydər Əliyev irsinin tədqiqatçısı Əməkdar mədəniyyət işçisi Məhəbbət Mehdiyeva Ulu öndərlə görüşlərini xatırlayıb, xalqımızın firavan, sülh və əmin-amanlıq şəraitində yaşaması üçün dahi siyasətçinin atdığı addımlardan bəhs edib.

Mərkəzin elmi işlər üzrə direktor müavini İranə İbrahimova Beynəlxalq Muzeylər Şurasının (ICOM) builki “Muzeylər, təhsil və tədqiqat” devizinə uyğun mərkəz tərəfindən təşkil edilən təlimlər, istehsalat təcrübələri barədə məlumat verib.

Sonda mərkəzin baş fond mühafizi Pakizə Almazova Ümummilli lider Heydər Əliyevin bütün sahələrə olduğu kimi, muzey sahəsinə də göstərdiyi diqqət və qayğıdan  danışıb.

Tədbirdə Heydər Əliyevin muzeylərin təntənəli açılışında iştirakını əks etdirən fotolardan ibarət videoçarx nümayiş olunub. Həmin muzeylərin kolleksiyalarına daxil olan eksponatların Elmi Bərpa Mərkəzi tərəfindən bərpa və konservasiyasına dair təqdimat olub.

 

Mədəniyyət.- 2024.- 15 may, ¹37.- S.3.