Ulu öndər Heydər Əliyevin əziz
xatirəsinə
Ümummilli lider Heydər Əliyevin anadan
olmasının 101-ci ildönümü münasibətilə
müxtəlif tədbirlər, konsertlər keçirilir. Bu tədbirlərin
cərgəsində Əməkdar artist, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, Akademik Opera və Balet
Teatrının solisti İlham Nəzərovun Milli İncəsənət
Muzeyində təşkil etdiyi konserti xüsusi vurğulamaq istərdik.
Mayın 8-də keçirilən “İlham Nəzərovun
tələbə və məzunları” adlı konsertin
proqramı Ulu öndərin Azərbaycan və xarici bəstəkarların
yaradıcılığından sevdiyi nümunələr –
operalardan ariyalar, duetlər və mahnılardan ibarət idi.
Heydər Əliyev geniş musiqi biliyinə malik idi. O,
azərbaycanlı bəstəkarların
yaradıcılığı ilə daima maraqlanar və onlara
dəstək olardı. Bu diqqətin nəticəsi olaraq yeni əsərlər
yaranır və Azərbaycan musiqi mədəniyyətinin
incisinə çevrilirdi.
Konsert Q.F.Hendelin “Yuli Sezar” operasından duet və
ariyalarla başladı. Əməkdar artistin yetirmələri
Nuray İsmayılova (soprano), Tofiq Zeynalov (kontratenor), Sevinc
Ağayeva (kontralto) barokko dövrü musiqisinin
ifaçılıq incəliklərini təfsirləri ilə
çox gözəl nümayiş etdirə bildilər.
Q.Donisetti və C.Rossininin operalarından ariyaları oxuyan
İsmayıl Əsədli və Kənan Rəhmanzadə isə
bariton və bas-bariton səs tembləri ilə musiqisevərlərin
zövqünü oxşaya bildilər. Süsən Abasova və
Günel Binnətli C.Gerşvinin caz musiqilərinə
müraciət edərək konsert proqramına rəng
qatdılar.
İ.Nəzərovun 6 yaşlı qızı Fidan Nəzərli
“Küçələrə su səpmişəm” xalq
mahnısını səsləndirməsi ilə
tamaşaçıların alqışına qərq oldu. Səhnəyə
ilk addımlarını atan Fidandan sonra Ramal İbişov
(bariton), Cavidan Babazadə (tenor) və Emil İsmayılov
(bariton) Azərbaycan bəstəkarlarının
(Ü.Hacıbəyli, C.Cahangirov, S.Rüstəmov, T.Quliyev,
M.Maqomayev və b.) musiqi nümunələrini ifa etdilər.
Dövlət Akademik Musiqili Teatrının solisti
Sübhan Rüstəmov tenor səsinin incəliklərindən
mükəmməl şəkildə faydalanaraq Ü.Hacıbəylinin
“Arşın mal alan” operettasından ariya, duet və Sevil
Əliyevanın “Ana” mahnısının gözəl təfsirinə
nail ola bildi.
Konsertin uğurlu keçməsində mütləq
şəkildə konsertmeysterlərin rolunu vurğulamaq
lazımdır. Svetlana Əhmədova, İlahə
İsmayılova, Nərgiz Eyyubova və Aydan Cəfərovanın
müşayiəti vokal ifaçıları üçün
ilham mənbəyinə çevrilirdi.
Ü.Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının baş müəllimi İlham Nəzərovun
tələbə və şagirdləri dərs ili ərzində
müxtəlif konsert salonlarında maraqlı proqramla
çıxış ediblər. Ümummilli lider Heydər
Əliyevin əziz xatirəsinə həsr edilmiş yekun
konsert də bu silsilənin sənət çələngi
oldu.
Yulizana Kuxmazova
sənətşünaslıq üzrə fəlsəfə
doktoru
Mədəniyyət.- 2024.- 15 may, ¹37.- S.5.