İllər öncə
qəzetlər nədən yazırdı?
Milli Kitabxananın dövri mətbuat arxivindən (15)
Mətbuat xronikasında bu dəfə “Mədəniyyət”
qəzetinə – otuz il əvvələ nəzər
salacağıq. 1994-cü ilin mayı... Birinci Qarabağ
müharibəsində atəş yenicə kəsilib, amma cəbhədə
vəziyyət gərgindir. Bu günlərdə mədəniyyət
xadimləri də cəbhə bölgələrinə gedərək
hərbçilərimizə mənəvi dəstək
olurlar... Şuşanın işğalından iki il
ötür. Musiqimizin beşiyi ilə yanaşı, musiqi alətləri
fabriki də düşmən əlindədir... Və dahi
şair Məhəmməd Füzulinin 500 illik yubileyidir...
Seçmələrdə qəzetdəki orfoqrafiya
saxlanılıb.
***
Aktyorlar cəbhə bölgələrində
Azərbaycan xalq artisti, respublika Dövlət və
“Qızıl dərviş” mükafatları laureatı
Yaşar Nurinin rəhbərliyi ilə Milli Dram Teatrının
bir qrup aktyoru cəbhə bölgələrində
olmuşdur. Onlar yeddi gün ərzində
döyüşçülərlə
görüşmüş, Vətən müdafiəçilərinin
qarşısında rəngarəng proqramla
çıxış etmişlər.
Açıq səma altında və əsgər
kazarmalarında verilən tamaşalarda xalq artistləri
Yaşar Nurinin, Zemfira Əliyevanın, əməkdar artistlər
Hacı İsmayılovun, Elxan Ağahüseynoğlunun və
başqalarının çıxışları hərarətli
alqışlarla qarşılanmışdır. Söhbət
zamanı döyüşçülər arzu etmişlər
ki, incəsənət ustaları, o cümlədən teatr
xadimləri tez-tez cəbhə bölgələrinə gəlsinlər.
Onlar bildirmişlər ki, aktyorların, musiqiçilərin hər
bir çıxışı əsgərlərimizin
döyüş ruhunu yüksəldir, qələbəyə
inamını artırır.
“Tar” müəssisəsi kara gəlir
Şuşa işğal olunandan sonra musiqi alətlərinə
böyük ehtiyac duyulur. Musiqi alətləri fabriki
düşmən əlinə keçən gündən iki
ildən çox vaxt keçir. Bu ehtiyacı ödəmək
məqsədilə Lerik musiqi məktəbinin müəllimi Sərhəng
Qafarov “Tar” kiçik müəssisəsi
yaratmışdır. Müəssisə yaxın vaxtlarda ilk məhsulunu
buraxmışdır. İndi Lənkəran, Cəlilabad və
Biləsuvar rayonlarından buraya tar almağa gəlirlər.
Hamı Saday Mədətovun, Seyfəddin və Mirhəsən
Qafarovların düzəltdikləri tarları bəyənir və
onları böyük həvəslə alırlar. Bundan əlavə
müəssisə təmirlə də məşğul olur.
İndi bölgə musiqiçiləri alətlərini
düzəltdirmək üçün daha Bakıya,
Sumqayıta ayaq döymürlər. “Tar” müəssisəsi
başqa musiqi alətləri istehsal etməyi də qərarlaşdırıb.
Bunun üçün binaya ciddi ehtiyac var. Ümid edirik ki, Sərhəng
müəllimin başladığı tarixi təşəbbüsdən
Lerik İcra hakimiyyəti kömək əlini əsirgəməyəcək.
Dərbənd böyük Füzulini anır
Dərbəndin Cəliçoban kənd orta məktəbində
Məhəmməd Füzulinin anadan olmasının 500 illiyinə
həsr edilmiş ədəbi gecə keçirilmişdir. Azərbaycan
dili və ədəbiyyatı müəllimi Sadir Mamayevin dərs
dediyi şagirdlərin hazırladığı ədəbi-bədii
gecədə dahi şairin həyat və
yaradıcılığına həsr edilmiş məruzə
dinlənilmiş, ölməz sənətkarın şer və
qəzəlləri səslənmişdir.
“Mədəniyyət” qəzeti, 14 may 1994-cü il
Mədəniyyət.- 2024.- 15 may, ¹37.- S.6.