Vyanadakı Azərbaycan Mədəniyyət
Mərkəzinin 11 yaşı münasibətilə konsert
Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin
yaradılmasının 11-ci ildönümünə həsr
olunmuş konsert keçirilib.
Mərkəzin rəhbəri Leyla Qasımova ötən
müddətdə həyata keçirilən layihə və tədbirlərdən
söz açıb. Bildirib ki, Azərbaycan mədəniyyətinin
Avstriyada təqdimatında və iki ölkə arasında mədəni
əlaqələrin inkişafında mühüm rol oynayan mərkəz
eyni zamanda Azərbaycan dilinin həm əcnəbilər, həm
də Avstriyada yaşayan soydaşlarımızın
övladları üçün tədrisi ilə bağlı
kurslar təşkil edir.
Konsertdə Avstriyada yaşayan azərbaycanlı
musiqiçilər Abuzər Manafzadə (fortepiano), Günel
Şirinova (soprano) və Ümid Gürci (bariton) Azərbaycan
bəstəkarlarının əsərləri və xalq
mahnılarından ibarət proqramla çıxış ediblər.
A.Manafzadə yeni işıq üzü görmüş
“İnsomnia“ albomundan bir neçə əsər səsləndirib
və imzalı diski Azərbaycan Mədəniyyət Mərkəzinə
təqdim edib.
Mədəniyyət.- 2024.- 15 may, №37.- S.1.