Rəssamlar
İttifaqının sərgi salonunda...
Azərbaycan Rəssamlar İttifaqının (ARİ)
V.Səmədova adına sərgi salonunda rəssam-dizayner
Esmiralda Tağızadənin fərdi yaradıcılıq sərgisi
açılıb. Sərgi rəssamın 70 illik yubileyinə
həsr olunub.
ARİ-nin katibi Xalq rəssamı Ağaəli
İbrahimov çıxışında rəssamı
“yaradıcılıq” sözünün mahiyyətini tam
açaraq təqdim edən sənətkar kimi dəyərləndirib.
Bildirib ki, Esmiralda Tağızadə Mədəniyyət və
İncəsənət Universitetinin Dizayn fakültəsini
bitirən ilk peşəkar rəssamlardandır. Onun ilk fərdi
sərgisi 2000-ci ildə təşkil olunub. Hazırda Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə
də məşğul olur.
Xalq rəssamı Arif Hüseynov, “Yeni Gallery”nin direktoru Rafael Gülməmmədli,
“Bakı” rəsm qalereyasının rəhbəri Eldəniz
Babayev çıxış edərək yubilyarı təbrik
ediblər.
Esmiralda Tağızadə qonaqlara təşəkkür
edərək sənətə gəlişindən,
keçdiyi yaradıcılıq yolundan söz açıb.
Qeyd edək ki, mayın 6-dan 13-dək davam edən sərgidə
rəssamın 70 əsəri yer alıb.
***
Vəcihə Səmədova adına sərgi salonda
keçirilən daha bir sərgidə rəssam-pedaqoq Xanım
Məmmədovanın əl işləri nümayiş olunub.
ARİ-nin katibi Ağaəli İbrahimov sərgi
münasibətilə müəllifə təbriklərini
çatdırıb. Bildirib ki, Xanım Məmmədova
Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini və
Azərbaycan Dövlət və Mədəniyyət
Universitetini (ADMİU) rəngkarlıq ixtisası üzrə
bitirib. ARİ-nin üzvü olan fırça ustası 2007-ci
ildən ADMİU-da dərs deyir. Respublikada və ölkəmizdən
xaricdə bir sıra sərgilərin
iştirakçısı olub.
Xalq rəssamı Xanlar Əhmədov da həmkarını
təbrik edib, onun əsərlərinin sənətsevərlər
tərəfindən hər zaman maraqla
qarşılandığını deyib.
Çıxışlardan sonra sərgi ilə
tanışlıq olub. Sərgidə rəssamın müxtəlif
texnikalarla işlənmiş 60-a yaxın əsəri təqdim
edilib.
Lalə
Mədəniyyət.- 2024.- 15 may, ¹37.- S.7.