Tarı ilk dəfə ayaq üstə ifa etmişdi...

 

Həmid Vəkilovun 75 illiyinə həsr olunan xatirə gecəsi

 

Mayın 13-də Beynəlxalq Muğam Mərkəzində (BMM) tanınmış tarzən, pedaqoq, Əməkdar artist, professor Həmid Vəkilovun 75 illik yubileyinə həsr olunan xatirə tədbiri keçirilib.

Gecədə çıxış edən BMM-in direktoru Əməkdar artist Sahib Paşazadə, Xalq artistləri Vamiq Məmmədəliyev, Ağaverdi Paşayev sənətkarın həyat və yaradıcılığından, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açıblar. Bildirilib ki, tar ifaçılığında ənənə və novatorluqdan bəhs edilərkən Həmid Vəkilovun adı xüsusi hörmətlə yad edilir. Bu gün bir çox tarzənlər onun ifaçılıq xüsusiyyətlərindən bəhrələnir, qoyduğu yolu davam etdirirlər. Milli musiqi sənətimizdə öz dəst-xətti ilə seçilən Həmid Vəkilov tarı ilk dəfə ayaq üstə ifa edərək yeniliyə imza atıb. 1966-cı ildə isə Həmid Vəkilov tarın diapazonunu 2,5 oktavadan tam 4 oktavaya qədər genişləndirərək alətin kəllə hissəsini yeni sistemlə əvəz edib.

Qeyd olunub ki, tarzən özü tar ilə simfonik orkestr üçün bir neçə əsər yazıb. Bunlardan simfonik orkestr üçün “Şıdırğı” və “Çılğın” əsərləri, 3 hissəli “Konsert” və başqalarının adını çəkmək olar.

Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, sənətkar haqqında sənədli filmin müəllifi Səadət Təhmirazqızı bildirib ki, müasir dövrümüzdə tar aləti ifaçılıq sənətimizdə böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Həmid Vəkilov sənətkarlığı, ifaçılıq mədəniyyəti də gələcək nəsillərə ötürülərək əbədi yaşayacaq.

Tədbirin bədii hissəsində görkəmli tarzənlər H.Vəkilovun bəstələdiyi əsərləri səsləndiriblər.

Gecədə həmçinin BMM tərəfindən H.Vəkilovun “Tar və simfonik orkestr üçün Konsert ¹2” (tar və fortepiano üçün klavir) əsərinin çap edilmiş not variantı da təqdim edildi. Əsər ilk dəfə 2023-cü ildə Azərbaycan Dövlət Akademik  Filarmoniyasında simfonik orkestrin müşayiəti ilə Əməkdar artist Sahib Paşazadə tərəfindən ifa olunub.

Qeyd edək ki, Həmid Şamil oğlu Vəkilov 23 yanvar 1949-cu ildə Bakı şəhərində anadan olub. Uşaq yaşlarından musiqiyə maraq göstərib. 1962-ci ildə Bülbül adına Musiqi məktəbinə daxil olub. 1967-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına (indiki BMA) qəbul olunub. 1972-ci ildə təhsilini əla qiymətlərlə başa vurub.

Tarzən 1979-cu ildə Leninqradda (Sankt-Peterburq) keçirilən estrada artistlərinin 6-cı Ümumittifaq müsabiqəsinin laureatı olub. Zəngin repertuara malik olan musiqi xadimi Azərbaycanda və bir sıra ölkələrdə solo konsertlər verib. 1987-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.

H.Vəkilov 1992-ci ildən Türkiyədə ifaçı və pedaqoq kimi fəaliyyət göstərib. 2010-cu ildə vətənə qayıdan tarzən Milli Konservatoriyada çalışıb. 2020-ci ilin 16 noyabrında vəfat edib.

 

Lalə

Mədəniyyət.- 2024.- 15 may, ¹37.- S.1;3.