“Neytral zona”da qalanlar...
İt xilas olsa da, baş qəhrəmanın it
zülmü bitmir
Otuzdan artıq əsəri ölkənin müxtəlif
teatrlarında səhnəyə qoyulan, yazıçı
ömrünün əhəmiyyətli bir hissəsini
dramaturgiyaya həsr edən Əməkdar incəsənət
xadimi Firuz Mustafa bütün pyeslərində
çağdaş insanın ağrısını dağdan
arana, arandan dağa daşıyaraq haqq sözünü, həqiqətin
yolunu ustalıqla göstərir. Onun qəhrəmanları
mürəkkəb həyat burulğanında çox sadə
məqamlarda dolaşığa düşən insanlar olsalar
da, yazıçı ləyaqət prinsipinə əməl edərək
onların hər birinə mütləq bir missiya yükləyir.
Özü də bunu dramaturgiyanın məhdud imkanlarında
elə usta ölçü ilə paylayır ki, sən bəzən
ən əclaf tipaja da ya acıyır, ya da gülürsən.
Nifrət isə ya olur, ya da heç həndəvərindən
də keçmir.
Firuz Mustafanın “Neytral zona” pyesi bundan öncə
Qazax Dövlət Dram Teatrında, ardınca da Dərbənd
Azərbaycan Dram Teatrında (Dağıstan, RF) tamaşaya
qoyulub. Əsər sadə hekayəni nəql etsə də, bəşəri
anlamda insan və ona olan münasibətə, ya da münasibətsizliyə
dramaturqun sərt təpkisidir.
Pyes “Tərəfsiz bölgə” adı ilə
artıq Türkiyənin Trabzon Sənət Teatrının da
repertuarındadır. Azərbaycana böyük sevgisi olan əsl
teatr fədaisi və təəssübkeşi Necati Zenginin rəhbərlik
etdiyi heyət müəllifin aktual və bəşəri
kontekstdə çoxqatlı əsərinə özünəməxsus
yozum verməyə çalışıb.
Premyerası ötən il gerçəkləşən
tamaşa bu günlərdə (6–7 may) bizim teatrsevərlərə
də təqdim edildi. Mədəniyyət Nazirliyi və Azərbaycan
Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı
ilə həyata keçirilən “Qonaq teatr” layihəsi çərçivəsində
Trabzon Sənət Teatrı Bakıda çıxış
etdi.
Əsəri yazıçı-tərcüməçi,
ötən il qardaş ölkədə zəlzələ
qurbanı olmuş Abdulkadir Özkan türkcəyə
çevirmişdi. Tamaşanın quruluşçu rejissoru
Cemre Can Avçı, dekor, kostyum və rəsmlərin müəllifi
Murat Aslan və Lale İsgenderoğlu, işıq mühəndisi
Aygün Güner Aslandır.
Rolları aktyorlar Lale İsgenderoğu, A.Songül
Nadir, Kevset Nur Yılmaz, Süleyman Sarıkaya, Serkan Serbest,
Haktan Özkan, Seyman Ali Pervanoğlu, Mete Aslan ifa edirlər.
Yuxarıda da qeyd etdiyim kimi, əsər sadə insan
taleyinə laqeyd münasibətə usta eyhamdır.
Tamaşada iki dövlət sərhədi arasındakı
neytral zonada – tərəfsiz bölgədə öz sənədini,
yəni pasportunu və pullarını itirən qəhrəmanın –
Vasifin başına gələn qəribə hadisənin nəqlidir.
Tamaşa boyu həm komik, həm də faciəvi hadisələr
bir-birini əvəz edir. Çarəsizliyin tragikomik təzahürü
olan əsərdə bu boyda Yer üzünə
sığmayan, heç yanda yeri olmayan, bir kağız
parçasından dolayı inkar edilən insan taleyi təsvir
edilir.
Onu nə getdiyi, nə də gəldiyi keçid məntəqəsindən
içəri buraxmırlar. Hadisələrin gedişi
zamanı məlum olur ki, tərəfsiz bölgədə qalan
qəhrəmanın hər iki tərəfdə bir-birindən
xəbərsiz ailəsi və
uşaqları var. Çıxış yolunu hər iki tərəfdəki
arvadlarını köməyə çağırmaqda
görən çarəsiz Vasif problemin daha da böyüməsinə
nail olur. Bu da sərhəd keçid məntəqəsində
bütün günü mürgü vuran kiçik məmurlara
əsl mövzu olur. Onlar inkar etdikləri vətəndaşları
üzərindən əylənir və boz çöllükdəki
monoton həyatlarına, cansıxıcı növbə
müddətlərinə belə rəng qatmağa
çalışırlar.
Sənədlərini hər iki arvadından xəbər
alan Vasif onların köməyə gəlməsinə sevinə
bilmir. Çünki ikili vətəndaşlığı və
arvadları qarşısında cavab verməlidir. Gözlənilənin
əksinə olaraq, arvadları asanlıqla dostlaşırlar.
İndi onların bir məqsədi var: Vasifi xilas eləmək.
Amma bu elə də asan məsələ deyil.
Bir nəticə hasil olmur. Bu zaman hər iki dövlətin
insan haqlarını müdafiə edən əməkdaşları
neytral zonaya təşrif buyururlar. Hərə bir məsləhət,
beynəlxalq konvensiyalardan bir sitat gətirir. Amma çifayda.
Vasif yenə də çıxış yolunu tapa bilmir. Və belə məlum olur ki, onun
düşdüyü situasiyadan xilas olması heç də
asan məsələ deyildir. Pasportsuz qalan şəxsin tərəfsiz
bölgədən çıxması ən yüksək, yəni
dövlət səviyyəsində həll olunmalıdır. Məsələyə
hətta beynəlxalq qurumlar müdaxilə etməlidir.
Gərgin və zaman-zaman ona rəng qatan komik hadisələr
fonunda biz bürokratik əngəllər, onun fonunda
personajların iç dünyası, psixologiyasına nüfuz
edə bilirik.
Bu arada tərəfsiz bölgədə məftillər
arasında ilişib qalan bir itin də hekayəsini dinləyirik.
Sərhədçi Vasifə təsəlli verirmiş kimi
“Burada qalan tək sən deyilsən. O yazıq it də
neçə gündür hürür. Amma sənədi
olmadığından onu sərhəddən buraxa bilmirik” deyib
irişir.
Sonra hadisələr kəskin şəkildə dəyişir.
Hüquq müdafiəçilərinin məsləhəti ilə
ərlərini müdafiə şüarları ilə hər
iki ölkənin yüksək məmurlarının
qarşısında etiraz edən qadınlar
döyülüb-söyülür və kor-peşman geri
dönürlər. Əvəzində itin bəxti
açılır. Bəlli olur ki, sən demə, o, Avropa
ölkələrindən birinin rəhbərinin
xanımının iti imiş və axtarışdadır.
İt hörmət-izzətlə sərhəddən
götürülərək beynəlxalq təşkilatın
təyyarəsi ilə sahibəsinin yanına göndərilir.
Amma Vasifin it zülmü bitmir ki, bitmir...
Maraqla izlənilən tamaşa alqışlarla
qarşılandı. Ardınca qonaq teatr mənsubları təltif
olundular. Trabzon Sənət Teatrının bədii rəhbəri
Necati Zenginə Türkiyə-Azərbaycan mədəni əlaqələrinin
inkişafındakı xidmətlərinə görə
ATXİ-nin mükafatı, “Tərəfsiz bölgə”
tamaşasının orijinal həllinə görə
teatrın yaradıcı heyətinin üzvlərinə isə
ittifaqın fəxri fərmanları verildi.
Həmidə
Mədəniyyət.- 2024.- 15 may, ¹37.- S.7.