Qara Qarayevin vəfatının
ildönümündə məzarı ziyarət olunub
Mayın 13-də dahi bəstəkar, Azərbaycanın
və keçmiş SSRİ-nin Xalq artisti Qara Qarayevin
(1918–1982) vəfatının 42-ci ildönümü tamam oldu.
Anım günü ilə əlaqədar Azərbaycan
Bəstəkarlar İttifaqının sədri Xalq artisti,
professor Firəngiz Əlizadə, ittifaqın katibləri –
Əməkdar incəsənət xadimləri, professorlar Zemfira
Qafarova, Cəlal Abbasov və başqa mədəniyyət
xadimləri Fəxri xiyabanda Qara Qarayevin məzarını
ziyarət ediblər.
Qara Qarayevin tələbəsi və onun məktəbinin
layiqli davamçısı Firəngiz Əlizadə və bəstəkarın
qızı Züleyxa Qarayeva-Bağırova xatirələrini
və ürək sözlərini söyləyərək
unudulmaz sənətkarın Azərbaycan musiqi mədəniyyətinin
inkişafındakı mühüm xidmətlərini
vurğulayıblar. Qara Qarayevin Azərbaycan Bəstəkarlar
İttifaqının tarixində töhfələri də xüsusi
qeyd olunub.
Qeyd edək ki, bu il Azərbaycan Bəstəkarlar
İttifaqının yaranmasının 90 illik yubileyidir. Bu
dövrün üçdəbirində təşkilata Qara
Qarayev rəhbərlik (1953-cü ildən ömrünün
sonunadək) edib.
XX əsrin dahi bəstəkarları – Üzeyir
Hacıbəyli və Dmitri Şostakoviçin varisi olan Qara
Qarayevin yetirmələri həm Azərbaycanda, həm də
onun hüdudlarından kənarda da bəstəkarın yolunu
layiqincə davam etdirirlər.
Fəxri xiyabanda anım ziyarətinə qatılanlar
musiqi sənətimizin böyük simaları, Bəstəkarlar İttifaqının
tarixində xüsusi yerləri olan Üzeyir Hacıbəyli,
Fikrət Əmirov, Tofiq Quliyev və Vasif Adıgözəlovun
məzarları üzərinə də gül dəstələri
qoyublar.
Mədəniyyət.- 2024.- 15 may, №37.- S.5.