İki “Şekspir”ə bir yazı...

 

Ötən ay bir həftənin içində iki dəfə, ayrı-ayrı teatrların təqdim etdiyi “Şekspir”in girdabına düşdük. Görəsən, az qala hamının bir-birini tanıdığı teatr mühitində bir həftədə eyni müəllifin eyni əsərinin premyerası hansı ideyaya xidmət edir? Bu müqayisə və çəkiyə hesablanıbsa, çox əla. Necə deyərlər, bu meydan, bu da...

Bəllidir ki, Xalq yazıçısı Elçinin dram əsərləri rejissor və aktyor üçün özünüifadəyə meydan verən nümunələrdir. Teatrı, səhnə və onun imkanlarını ustalıqla mənimsəyən, bir növ teatrda yetişən dramaturq kimi onun pyesləri hər məqamda çağdaş və texniki həll baxımından rahat olduğundan istənilən zaman teatr üçün lazımlıdır. Əsas odur ki, onun ana ideyasını duyub hər nümunəyə öz rejissor açarını tətbiq edə bilən, əsərin mövzusu ilə “dialoqa” girişən rejissor olsun.

Elçin dramaturgiyasının ən sevdiyim özəlliyi həm də onun rejissordan dərin həssaslıq və intellekt tələb etməsidir. Müəllifin əsərlərində təxəyyül ön planda olduğundan istər-istəməz fantaziyanı işə salmalı, o qəhrəmanlara qoşulub vəziyyət və onun diktəsində bir həllə çalışmalısan. Məhz “Şekspir”i göz önünə gətirsək, buna heç də hər rejissor nail olmur...

Bakı Bələdiyyə Teatrının “Şekspir”inə Xalq artisti Mərahim Fərzəlibəyov quruluş verib. Tamaşanın quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssamı Tərlan Ələsgərlidir.

Rolları İlqar Musayev (Baş həkim), Ülviyyə Rza (Həkim), Hüsniyyə Mürvətova (Sara Bernar), Rəşad Kəsəmənli (İosif Stalin), Zülfiyyə Qurbanova (Ər-arvad), Tural Əhməd (Drob 13), Toğrul Rza (Veneralı), Elçin Muradov (Sanitar), Rəşid Soltanov (I Sanitar) və Namiq Cavadov (II Sanitar) canlandırırlar.

Rejissor əsərə fərqli prizmadan yanaşmağa çalışıb. Belə ki, onun “Şekspir”i  insanla dünya arasındakı oyun üzərində qurulub. Tərtibatda da bu fərqlənmə çağırışları ilk andan hakimiyyətini elan edir: ruhi-əsəb klinikasında (yəni səhnədə) daim yellənməkdə olan saat kəfkiri var və o dünyanın modelidir.

Biz səhnədə, tamaşanın vizual səhnə tərtibatında on oyun zərini görürük. Bu zərlərin hansı anlam daşıdığını qısa izah edək: əsərdə ümumilikdə 10 personaj var. Onun yarısı ağıllı (tibbi heyət), yarısı da dəlidir (xəstələr). Deməli, onlar həm özləri, həm dünya, həm də bizimlə oynayırlar. Beləcə, bizi də özlərinə qoşub dünya üzərindən “zər tuturlar”. Sadə, düşündürücü və birbaşa mənaya hesablanmış üslubdur. Üstəlik, bu tamaşa yalnız belə minimalist tərtibat istəyir.

Tamaşa boyu xoşbəxtliyə can atan tənha insanların cəhdlərini görürük. Gah gülürük, gah da... Amma ən çox onlara haqq qazandırırıq. Ya da bu yolla təsəlli edirik.

Xəstələrinə həsəd aparan, hətta onlara inanan, xoşbəxtliyi başqa planetdə axtaran Baş həkim İlqar Musayevin təqdimatında baxımlı alınmışdı. Qəhrəmanının inandıqlarına təsirli bir təqdimat vermişdi.

Ülviyyə Rzanın bədbin və monoton həyat yaşayan bezgin qəhrəmanı Həkim həqiqətinə sonacan özü də yad qaldığından biz onun məsələsinə dərindən nüfuz edə bilmədik. Üstəlik, rejissorun zərif və istedadlı aktrisaya bariton tembrlə danışmaq təlimatına heç cür anlam verə bilmədim. Sonadək səsi üzərində işləyən aktrisa bütün planlarda oyununu unutdu.

Sosiska oğrusu Sanitar Elçin Muradovun təqdimatında komik-dramatik çalarlarda zövqlü alınmışdı. Aktyor dəlilərin ruzisinə göz dikən qəhrəmanının sondakı Şekspir heyranlığını bütün xırdalığı ilə ifadə edə bildi.

Birmənalı olaraq, tamaşanın mükəmməl oyunçusu yar tapa bilmədiyindən özünü Ər-arvad elan edən xoşbəxt dəli Zülfiyyə Qurbanova idi. Obrazının daxili dünyasına ustalıqla varması, onun emosional çağırışlarını, kişi və qadın olaraq bədən dilində ifadəsi, səsi və hərəkətləri arasında ən incə detalları belə duyması alqışa layiqdir. Hərçənd, niyə Ər-arvad obrazında ondan məhz daha çox kişilik tələb olunduğu sual olaraq qalsa da. Zülfiyyə xanımın qadın kimi cazibəsi, aktrisa olaraq inandırmaq qabiliyyəti bizi bir canda iki əks qütbə köklədi.

Əməkdar artist Hüsniyyə Mürvətovanın Sara Bernarı zərif, məsum, təsirli, baxımlı idi. O həm qadın kimi hiyləgərliyini işə saldığı məqamlarda, həm də bir ruhi xəstə kimi yardıma ehtiyacı olmadığını təlqin edəndə orijinal oyun sərgilədi.

Eyni sözləri Rəşad Kəsəmənlinin İosif Stalini üçün deyə bilmirəm. Niyə? Çünki aktyor kimi “əriməyi”, belə deyək, dondan-dona girməyi bacarmır. Bir növ, replikaları uğrunda “döyüşən” sözəbaxan mizan artistliyində ilişib qalır. Əlindəki tənbəkisi və bığları olmasaydı, səhnədə Stalini “çıraq”la gəzərdik.

Üz ifadələrini, səsini yaxşı ram edən Tural Əhmədin Drob 13-ü yaxşı işlənmiş, oyun manerası baxımdan uğurlu idi. Bundan əvvəlki bir neçə oyununda qiraətçi təsiri bağışlayan T.Əhməd başqa planetdən gəldiyini iddia edən dəli səadətini mükəmməl çatdırdı.

Mənə görə, bu əsərin də, elə bu tamaşanın da ən günahsız sakini Veneralıdır. Cizgilərinə, tamaşaçı ilə vizual ünsiyyətinə çox vaxt özü xüsusi əmək sərf etmədən nail olan, belə demək mümkünsə, tamaşaçının o səhnədə olduğu zaman mütəmadi “müraciət” etdiyi Toğrul Rza özüylə prototip arasında gözlə görünəcək qədər zərif bir dairə cızmışdı.

M.Fərzəlibəyovun “Şekspir”i müəllifin fəlsəfəsinin vizual həlli, estetik parametrləri doğru-düzgün müəyyənləşdirməsi, mahiyyətin rasional ifadəsini yerində və özü də təyin olunan gediş zamanı verməsinə görə yaxşı kollektiv işi hesab edilməlidir.

***

İndi isə keçək Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru Əməkdar artist Loğman Kərimovun uzun müddətdir üzərində çalışıb, üzə çıxardığı “Şekspir”ə.

Məsələyə “Kim dəli, kim ağıllı” kontekstindən yanaşan heyətin bu tamaşasının  quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Asyaxanım Heydərovadır.

Rolları Əməkdar artist Nazir Rüstəmov (İosif Stalin), aktyorlar Emin Sevdiməliyev (Baş həkim), Sevinc Ağayeva (Həkim), Vüsal Məmmədov (Sanitar), Orxan Abışov (Drob 13), Püstəxanım Zeynalova (Sara Bernar), Mobil Qurbanov (Veneralı) və Zəhra Salayeva (Ər-arvad) ifa edirdilər.

Sözsüz ki, buradakı qəhrəmanlar da eyni məkanın (ruhi-əsəb klinikası) sakinləridir. Tərtibat da onu birbaşa deyir: ön planda xəstələrin yemək masası və baş həkimin kabineti, arxa planda da çarpayılar. Xəstələr də elə xəstə halında: ağ-çəhrayı, ağ-göy zolaqlı geyimlərində.

Bələdiyyəçilərin “Şekspir”indən fərqli olaraq, L.Kərimov rejissor yozumunda dəlisinə ağıllı, ağıllısına da dəli kimi baxış istəyir. Yaxşı fənddir: “Tamaşaçı, niyə boş-boş oturmusan, beynini işlət və kimin dəli, kimin də ağıllı olduğunu, bir zəhmət, özün müəyyən elə”. İndi bunu oxuyanda yəqin sizə də qəribə gələcək. Amma inanın, təxminən belə deyirdi o an səhnədə olub-bitən hər şey.

Doğrudur, çağdaş dünya teatrında səhnədən maneəsiz təmas – yəni interaktiv rabitədə oyun bir trenddir. Bir növ, rejissor aktyor vasitəsilə istədiyi məqamda tamaşaçını oyunun içinə salaraq onda yarana biləcək hər hansı ağlabatan və ya əksinə, ağılsız suala (öz oyun cəhdinə kənardan tamaşa imkanı olmadan) cavab tapır. Qısacası, deyir ki, gəl görüm, indi və buradakı vəziyyətə təklif edilən cavabın nə olacaq.

Loğman müəllimin səkkizliyinin lokomotivi sözsüz ki, N.Rüstəmov və O.Abışov idi. Buradakı Baş həkim xəstələrin xəyali dünyasını dərk etməyə çalışsa da, sonra anlayır ki, xəstə kimi müalicə olunan insanlar öz xəyal aləmlərində xoşbəxtdirlər. Bircə özündən başqa. Niyə özü? Çünki aktyor nə illah etdisə də, əslində, obrazının ana ideyasına nüfuz edə bilmədi... Maraqlıdır, bir aktyor səhnədə tamaşaçı ilə yaxın məsafədə ünsiyyətini niyə bu qədər qalın divarlar arxasından qursun ki?! Hərçənd boy-buxunu, fakturası, səs tembri onun ən kəskin silahıdır.

Bəzi məqamları, məsələn, Drob 13 ilə Şekspir əsərlərinə, xüsusən Cülyettaya vardığı anları çıxmaq şərtilə P.Zeynalovanın Sara Bernarı bəsit bir kabare müğənnisindən o yana getmədi. İtələyici səs, daim bir planda hərəkət və yalnız dramatik ovqatı əyləncəli, çılğın, səmimi, cazibədar və mehriban qadını silib-süpürüb səhnənin uzaq küncünə atdı və aktrisa heç cür “Sən dəlisən, mən dəli?” dilemmasından çıxa bilmədi.

Məhdud mizanda belə aktyor çevikliyini işlədə bilməyən M.Qurbanov gül kimi obrazına – məsum Veneralısına nəinki yad planetdə, heç kiçik səhnədə belə yurd salmadı.

Ümumiyyətlə, istər Veneralı, istər Sara Bernar, istərsə də Ər-arvadın geyim-kecimini, saç-başını, qısacası, xarici görünüşünü o kökə salmaq nəyə xidmət edirdi? Onsuz da hamımız gözəl bilirik ki, bunlar dəlidirlər. Daha, el dilində də deyildiyi kimi, dəlinin buynuzu olmur ki... Üstəlik, o forma aktyora oyun zamanı mane olursa, daha doğrusu, quruluş tələblərinə cavab vermirsə, lap pis...

Zəhra Salayevanın cəsarətli və dinamik oyun üslubu var. Tamaşaçı ilə tez ünsiyyətə girə bilir. Amma quruluşçu onun oyun yükünü, daha doğrusu, əsərdəki yerini düzgün müəyyən etməkdən çox, ondan şəxsiyyətin ikiləşməsinə fokuslanmağı tələb etdiyindən aktrisa necə oynamaqdan çox, nəyi nə zaman etməyin qarğaşasında qaldı.

Bələdiyyəçilərin oxşatmağa çalışdığı İ.Stalindən fərqli olaraq, N.Rüstəmovun Stalini yaxasında xaçla gəzən miskin bir rahibi andırdı. Axı o, bəşəriyyətdən əfv, günahlarından xilas gözləyir. Rejissorun dəfələrlə diz çökdürüb mərhəmət dilətdirdiyi qan çanağı Stalin N.Rüstəmovun klassik aktyor məktəbinə xas doğru və yerində tənzimlənmiş oyun çərçivəsində asan qavranılırdı.

Buna rəğmən, N.Rüstəmov əsərin bizə təqdim etdiyi Stalini arındırmaqla, daha doğrusu, özündə realizə edərək göstərdi. Bir növ, özü ilə obrazı arasında qurmuş olduğu vicdan məhkəməsində əvvəlcə Stalini edam etdi, sonra da ona bəraət “verdi”.

Tamaşanın ən mükəmməl, ən baxımlı və ən amansız dəlisi Drob 13 – Orxan Abışov idi. Məncə, Orxan Şuşa teatrının tapıntısıdır. Bir aktyor çəlimsiz canına bu qədər enerjini necə yığıb, görəsən? Və ən əsası, teatrın repertuarındakı digər tamaşalarda aparıcı kişi rollarında bu aktyoru niyə görmürük?! Onun qəhrəmanı, aktyorun sıxma-boğmaya sala-sala bu qədər mükəmməl ifadə etdiyi yad planetdən gələn bəxtəvər sakini yaxşı dəli olmuşdu...

Əslində, inanıram, inanmaq istəyirəm  ki, Loğman Kərimovun şıltaq və bir o qədər də məna yükü ilə təqdim etdiyi “Şekspir” özünə böyük tamaşaçı auditoriyası toplayacaq. Çünki rejissor müəllifin dərin fəlsəfəsini bu günün “Yumurta biş, ağzıma düş” arzulu tənbəl tamaşaçıları üçün seçilmiş menyu kimi qızılı sinidə təqdim edir...

 

Həmidə Nizamiqızı

Mədəniyyət.- 2024.- 15 may, ¹37.- S.6.