Məşhur nəslin parlaq nümayəndəsi
Soltan Hacıbəyov-105
Mədəniyyət tariximizdə dərin iz qoyan bəstəkarlardan
biri də Azərbaycanın və SSRİ-nin Xalq artisti,
Dövlət mükafatı laureatı Soltan Hacıbəyov
olub. Görkəmli bəstəkar geniş
yaradıcılıq fəaliyyəti dövründə
Üzeyir Hacıbəyli ənənələrinə söykənərək,
həmçinin S.Prokofyev və D.Şostakoviçin nailiyyətlərindən
bəhrələnərək, musiqinin müxtəlif
janrlarında dəyərli əsərlər yaradıb. Bəstəkarın
anadan olmasından 105 il ötür.
Soltan İsmayıl oğlu Hacıbəyov 8 may 1919-cu
ildə Şuşa şəhərində dünyaya göz
açıb. Üzeyir Hacıbəylinin əmisi nəvəsidir.
Erkən çağlardan musiqiyə maraq göstərib.
İkisinifli ibtidai məktəbi bitirdikdən sonra, 1930-cu ildə
Üzeyir bəy onu Bakıya gətirir. O, burada orta təhsili
başa vurur, sonra sənədlərini orta ixtisas musiqi məktəbinə
verir. Truba sinfində oxuyur. Eyni zamanda Musiqili Komediya
Teatrında dirijor kimi çalışır. Gənc
Soltanın yaradıcılıq fəaliyyəti də məhz
bu dövrdən başlayır. İlk əsərlərini –
“Pioner kantata”sı və “Qızılgül” musiqili
komediyasını bəstələyir.
Soltan Hacıbəyovun məqsədi bəstəkarlıq
üzrə ali təhsil almaq, professional olmaq idi. O, 1939-cu ildə Azərbaycan
Dövlət Konservatoriyasının Bəstəkarlıq
şöbəsinə (professor Boris Zeydmanın sinfi) qəbul
olunur. Tələbə ikən müxtəlif janrlı musiqi əsərləri
bəstələyir. İki prelüd və fortepiano
üçün sonata, “Çiçəklərin söhbəti”,
“Neft haqqında nəğmə” mahnıları,
“Quşcuğaz”, “Tənha yelkən ağarır”
romansları, simli kvartet, simfonik variasiyalar məhz tələbəlik
dövrünün əsərləri idi.
Bir çox müasirləri olan sənətkarlar kimi o
da II Dünya müharibəsi mövzusunda əsərlər
yazır. Onun “Döyüşçülər nəğməsi”
və 416-cı Taqanroq diviziyasına həsr etdiyi xalq
çalğı alətləri orkestri üçün
marşı, eyni zamanda I simfoniyası bu dövrdə
yazılan əsərlər arasında fərqlənir və
diqqəti çəkir. Bu simfoniya 1944-cü ildə Tiflisdə
Zaqafqaziya respublikalarının musiqi ongünlüyündə
ifa olunur və sənətsevərlər tərəfindən
maraqla qarşılanır. Ongünlükdə iştirak edən
görkəmli sovet bəstəkarı Reynhold Qliyer Soltan
Hacıbəyovun bu əsərini yüksək qiymətləndirərək
yazır: “Onun bacarığına şübhə ola bilməz.
O, böyük zövqə malik, musiqinin texniki xüsusiyyətlərinə
sahib bir bəstəkar olacaqdır”.
Gənc bəstəkar tədricən ittifaq
miqyasında tanınır. 1945-ci ildə Türkmənistan
Opera və Balet Teatrı Soltan Hacıbəyova “Kəminə və
Qazı” adlı opera yazmağı sifariş edir. “Şur”
muğamı üzərində qurulan əsərin simfonik
parçası “Karvan” adlanır. Karvan yollarını musiqi
dili ilə canlandıran bəstəkar təsviri lövhələrə
geniş yer ayırır. Fərqli-fərqli lövhələrlə,
rəngarəng səslərlə hüdudsuz səhrada
karvanın həzin və ahəstə hərəkətini sənətkarlıqla
yaradır... “Karvan” simfonik lövhəsini dinləyərkən
bir anlıq qumlu Asiya çölləri göz önünə
gəlir. Aramla irəliləyən dəvə karvanı gah
sakit, gah da həyəcanlı anlar yaşadır... 1955-ci ildə
bəstəkar əsəri yeni redaksiyada hazırlayır.
Niyazinin dirijorluğu ilə böyük orkestr tərəfindən
ifa olunur. Sonralar “Karvan” simfonik əsəri bir çox sovet
dirijorunun repertuarında yer alır. Qısa müddət ərzində
dünyaya səs salır, Amerikada lentə alınır,
Macarıstan, Yaponiya, Bolqarıstan və digər ölkələrdə
ifa olunur.
Bəstəkar yaradıcılıq dünyasında
uşaqlara da geniş yer verib. O, 1953-cü ildə “Oynaq topum”,
“Laylay”, “Bənövşə”, “Bahar gəldi”, “Yolka”, “Pioner
marşı” və s. əsərlərini yazıb. Müəllif
“İsgəndər və Çoban” uşaq operasını isə
Bakı Pioner evinin sifarişi ilə ərsəyə gətirib.
Operanı Nizami Gəncəvinin məşhur “İskəndərnamə”
poeması əsasında yazıb.
1950-ci ildə “Gülşən” baletini yazan bəstəkar
əsərdə diqqəti insanların
qarşılıqlı münasibətinə və əxlaqi
keyfiyyətlərinə yönəldir. Əsər Azərbaycan
Dövlət Opera və Balet Teatrının səhnəsində
oynanılan ikinci balet tamaşası olur.
Soltan Hacıbəyov daha sonra vokal musiqisi sahəsində
də çalışır. “Sarı bülbül”, “Leyla”,
“Qarabağ şikəstəsi” adlı xalq mahnı və
muğamlarını xalq çalğı alətləri
orkestri üçün işləyir. Azərbaycan və rus
klassik bəstəkarlarının ənənələri
üzərində də dayanır. Nəticə etibarilə,
yeni ruhlu və milli koloritli əsərlər
yaratmağa nail olur. Soltan Hacıbəyov 1964-cü ildə ən
parlaq əsərindən daha birini – orkestr üçün
konsertini yazır. Bu əsər milli simfonik musiqi mədəniyyətimizə
gözəl bir töhfə kimi qiymətləndirilir.
Görkəmli sənətkar eyni zamanda bir sıra səhnə
əsərinə də musiqilər bəstələyib. Bu
sırada M.İbrahimovun “Məhəbbət”, “Kəndçi
qızı”, S.Vurğunun “İnsan”, S.S.Axundovun “Eşq və
intiqam”, S.Rəhmanın “Əliqulu evlənir” və s. adlı
tamaşalara yazdığı musiqilər maraqla
qarşılanıb.
Soltan Hacıbəyov yaradıcılıq ezamiyyətlərində
olduğu ölkələrin bəstəkar və
musiqiçiləri ilə dostluq əlaqələri qurub. O, səfərlərdən
qayıtdıqdan sonra həmin ölkələrlə
bağlı bir sıra əsərlər bəstələyib.
“Bolqar süitası”, “Çex rəqsi”, “Salam, Ukrayna” və
“Hind süitası” əsərləri bu qəbildəndir.
Soltan Hacıbəyov 1948-ci ildə Azərbaycan
Dövlət Konservatoriyasına müəllim kimi dəvət
olunub. Azərbaycan Dövlət Filarmoniyasının bədii
rəhbəri, sonra isə direktoru vəzifəsinə irəli
çəkilir. 1969-cu ildə Ü.Hacıbəyli adına Azərbaycan
Dövlət Konservatoriyasının rektoru vəzifəsinə
təyin edilən bəstəkar ömrünün sonunadək
bu vəzifədə çalışıb.
Azərbaycan musiqi mədəniyyətinin
inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilən
bəstəkar 1958-ci ildə “Əməkdar incəsənət
xadimi”, 1960-cı ildə Azərbaycanın, 1973-cü ildə
isə SSRİ-nin “Xalq artisti” fəxri adlarına layiq
görülüb.
Diqqətəlayiq əsərləri ilə musiqi mədəniyyətimizi
zənginləşdirən bəstəkar 19 sentyabr 1974-cü
ildə vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Savalan Fərəcov
Mədəniyyət.- 2024.- 15 may, ¹37.- S.6.