Azərbaycan və
Türkiyə teatrlarının əməkdaşlıq
perspektivləri müzakirə edilib
Ölkəmizin Türkiyədəki səfirliyinin nəzdindəki
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir
Abbasov Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi
Dövlət Teatrlar Baş İdarəsinin müdiri Tamer
Karadağlı ilə görüşüb.
Dövlət Teatrlar İdarəsində keçirilən
görüş zamanı Tamer Karadağlı ölkələrimiz
arasında mədəniyyət və teatr sahəsində əməkdaşlığın
əhəmiyyətindən danışıb, Ankarada Azərbaycan
Mədəniyyət Mərkəzinin yaradılmasının
buna töhfə verəcəyinə inandığını
söyləyib. Ölkəmizə səfərindən də
danışan Karadağlı Azərbaycan mədəniyyətinin
onda böyük maraq doğurduğunu qeyd edib.
Azərbaycan Mədəniyyət Mərkəzinin
mühüm layihələr həyata keçirəcəyini
deyən Samir Abbasov gələcəkdə keçiriləcək
mədəniyyət günləri çərçivəsində
teatr truppalarının qarşılıqlı
çıxışlarının dəstəklənməsi,
rejissorların və artistlərin qarşılıqlı
mübadiləsi ilə bağlı fikirlərini
bölüşüb.
Söhbət zamanı iki ölkənin teatrları
arasında əlaqələrin inkişafı, Azərbaycan
müəlliflərinin əsərlərinin Türkiyədə
teatr səhnələrində tamaşaya qoyulması, bu istiqamətdə
təcrübə mübadiləsi, qarşılıqlı səfərlərin
reallaşdırılması, memorandumların imzalanması barədə
təkliflər verilib. Samir Abbasov Türkiyədə hər il
keçirilən “Mədəniyyət Yolu” festivalında da Azərbaycan
teatrlarının iştirakı ilə əlaqədar iş
aparılacağını bildirib.
Görüşdə birgə layihələrin həyata
keçirilməsinə dair planın hazırlanması
razılaşdırılıb.
Mədəniyyət.- 2024.- 15 may, №37.- S.2.