Kitablarımız Qətərdə və Mərakeşdə sərgilənir

 

9-18 may tarixlərində Qətər Dövlətinin paytaxtı Dohada 33-cü Beynəlxalq Kitab Sərgisi keçirilir.

34 ölkədən 340 nəşriyyatın təmsil olunduğu sərgi bu il “Bilik sivilizasiyalar qurur” mövzusuna həsr edilib. Builki sərginin fəxri qonaq ölkəsi Oman Sultanlığıdır.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Qətərdəki səfirliyimizin dəstəyi ilə ölkəmiz sərgidə xüsusi stendlə təmsil olunur. 18 kvadratmetr sahədə qurulan milli stenddə 101 adda 200-ə yaxın nəşr nümunəsi təqdim olunur.

Milli stendimizdə nümayəndə heyəti tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, kitab sənəti, o cümlədən Şuşa şəhərinin 2024-cü il üzrə “İslam dünyasının mədəniyyət paytaxtı” seçilməsi barədə sərgi iştirakçılarına və ziyarətçilərə ətraflı məlumat verilir.

Sərginin açılış günündə İndoneziya, Rusiya və İranın Qətərdəki səfirliklərinin nümayəndələri stendimizi ziyarət ediblər.

Doha Beynəlxalq Kitab Sərgisi ilk dəfə 1972-ci ildə keçirilib. İki ildən bir keçirilən sərgi 2002-ci ildən etibarən hər il təşkil olunur.

***

Azərbaycan kitabları Mərakeşdə, Rabat Beynəlxalq Kitab Sərgisində də nümayiş etdirilir. Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyinin dəstəyi ilə ölkəmiz sərgidə ilk dəfə təmsil olunur.

Ümumilikdə 100 adda 200-yə yaxın kitabın yer aldığı milli stenddə Azərbaycanın tarixi, mədəniyyəti, kitab sənəti, o cümlədən Şuşa şəhərinin 2024-cü il üzrə “İslam dünyasının mədəniyyət paytaxtı” seçilməsi barədə sərginin iştirakçılarına və ziyarətçilərinə geniş məlumat verilir.

Mərakeş Krallığının Gənclər, Mədəniyyət və Rabitə Nazirliyi tərəfindən təşkil olunan sərgiyə 48 ölkə qatılıb.

Sərginin açılış mərasimində rəsmilər, diplomatik nümayəndələr, o cümlədən Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov və yerli media nümayəndələri iştirak ediblər. Milli stendimizi ziyarət edən Mərakeşin gənclər, mədəniyyət və rabitə naziri Məhəmməd Mehdi Bensəidə Azərbaycan mədəniyyəti, tarixi, mədəniyyət paytaxtımız Şuşa şəhəri ilə bağlı məlumat verilib və kitablar hədiyyə edilib.

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşı Ləman Eyyubovanın daxil olduğu Azərbaycan nümayəndə heyəti sərginin açılış günündə bir sıra tədbirlərə qatılıb.

UNESCO-nun fəxri iştirakçı olduğu Rabat Beynəlxalq Kitab Sərgisi mayın 19-dək davam edəcək.

 

Mədəniyyət.- 2024.- 15 may, ¹37.- S.8.