“Xarıbülbül” mədəniyyətləri birləşdirir

 

Xəbər verildiyi kimi, “Xarıbülbül” festivalında Azərbaycanla yanaşı Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan və Türkiyə təmsil olunur.

Cıdır düzündə qurulmuş səhnədə çıxışı alqışlarla qarşılanan qonaq kollektivlərdən biri də qardaş Özbəkistandan gəlmiş “Abbos” qrupu olub.

Qrupun yaradıcısı Abbos Qasımov artıq üçüncü dəfə Azərbaycana gəlib. O, 2015-ci ildə Şəkidə festivalda iştirak etdiklərini xatırladaraq qeyd edib ki, elə həmin vaxtdan onda Azərbaycan milli musiqisinə böyük maraq yaranıb. “Abbos” qrupunu 1998-ci ildə yaratdığını söyləyən A.Qasımov deyib ki, bir sıra ölkələrdə beynəlxalq festivallarda uğurla çıxış ediblər. İlk dəfə gəldikləri Şuşanın füsunkar təbiəti qoynunda çıxış etməsi ona xüsusi zövq verib.

Özbəkistanın “Navbahor” mahnı və rəqs ansamblının solisti Şerzod Kenjebaev də “Xarıbülbül” festivalında iştirak etməkdən məmnundur: “Festival iştirakçılara digər xalqların da adət-ənənələri ilə yaxından tanış olmaq imkanı yaradıb. Burada olarkən Azərbaycanın qədim “Yallı” rəqsini də öyrənmək imkanımız oldu”.

İndoneziyanın “Sendja Community” qrupu da festivalda öz milli musiqi nömrələri ilə çıxış edib. Qrupun üzvü Fariz bin Daniali deyib: “Azərbaycanda ilk dəfə çıxış edirik. Burada dinlədiyim musiqi əsərləri çox gözəldir. Şuşa haqqında da geniş məlumat əldə etdik. Öyrəndik ki, bu qədim diyar böyük musiqiçilərin vətənidir. Ölkənizlə bağlı maraqlı mədəni təəssüratlarım var. Qismət olarsa, yenə də gəlib böyük məmnunluqla Azərbaycanda keçirilən festivallarda iştirak edərik”.

 

Mədəniyyət.- 2024.- 15 may, ¹37.- S.3.