Üzeyir Hacıbəylinin
Şuşadakı ev-muzeyi bərpa olunur
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da
Şuşada Üzeyir Hacıbəylinin Ev-Muzeyində
aparılan bərpa işləri ilə tanış olublar.
Dövlətimizin başçısına
görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, Heydər Əliyev Fondu Şuşa şəhərində
Üzeyir Hacıbəylinin Ev-Muzeyində bərpa işlərini
davam etdirir. Üzeyir Hacıbəylinin evi Şuşada XIX əsrdə
inşa olunub. Bina 1959-cu ildə ev-muzeyi kimi fəaliyyətə
başlayıb. Üzeyir Hacıbəylinin Ev-Muzeyi Şuşa
şəhəri işğal edilən tarixədək fəaliyyət
göstərib. Muzeydə dahi bəstəkarın həyat və
yaradıcılığı ilə bağlı 1700 eksponatdan
erməni işğalçı qüvvələrinin vəhşiliyi
nəticəsində yalnız 136-sı salamat qalıb, digərləri
məhv edilib.
Məlumat verilib ki, binadakı bərpa işlərinə
evin ilkin görünüşünə uyğun olaraq analizlərin
hazırlanması, bünövrələrin möhkəmləndirilməsi,
döşəmənin, fasadların və dam
örtüyünün bərpası, daxili və xarici bəzək
işləri, qapıların, pəncərələrin,
mühəndis-kommunikasiya sistemlərinin
quraşdırılması, həmçinin həyətyanı
sahənin yaşıllaşdırılması işləri
daxildir. Bu günədək bərpa layihəsinin
hazırlanması, ərazidə mövcud divar
daşlarının sökülərək, ölçülərinə
görə inventarlaşdırılması,
dağılmış hissələrdə bünövrələrin
qazılması və sahənin ümumi təmizlənməsi
işləri aparılıb. Həmçinin material analizi
üzrə nümunələr götürülərək
Türkiyədəki laboratoriyada tədqiq edilib, konservasiya və
restavrasiya hesabatları yerinə yetirilib.
Muzeyin memarlıq, konstruksiya həlli və mühəndis-kommunikasiya
sistemləri üzrə işçi layihələri
yekunlaşıb, bünövrənin armaturlanması icra
olunub. Ev-muzeyinin daxilində divarlar və arakəsmələr
hörülüb, döşəmənin bərpası
işləri görülüb. Həmçinin həyətyanı
sahədə tarixi görkəmə uyğun hörgü
işləri və dekorativ elementlərin qoyulması başa
çatdırılıb. 2022-ci ildə başlanan bərpa
işləri yekunlaşandan sonra muzeydə ekspozisiya qurulacaq.
Mədəniyyət.- 2024.- 15 may, №37.- S.1;2.