Şuşada musiqi “cəng”i
– xalqların sənət çələngi
“Arzumuz budur ki, heç vaxt bu səma altında bir daha
top səsləri eşidilməsin”
Şuşa Azərbaycanın bir çox dahi mədəniyyət
xadimlərinin vətənidir. Şuşada doğulmuş,
burada boya-başa çatmış görkəmli mədəniyyət
xadimləri bizim qürur mənbəyimizdir. Şuşa nəinki
Azərbaycanda, bütövlükdə Qafqaz bölgəsində
və daha böyük coğrafiyada tarixən mədəniyyət
ocağı kimi tanınırdı. Şuşanın mədəniyyət
xadimlərinin fəaliyyəti hər zaman böyük diqqət
cəlb edirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev bu sözləri mayın 11-də Şuşanın
Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq
Musiqi Festivalının və “Şuşa – İslam
dünyasının mədəniyyət paytaxtı 2024” ilinin
açılış mərasimində
çıxışı zamanı deyib.
Mədəniyyətimizin paytaxtı, söz-sənət
beşiyi Şuşa 2024-cü ildə “İslam
dünyasının mədəniyyət paytaxtı”
missiyasını da daşıyır. Bununla bağlı qərar
ötən ilin 25-26 sentyabrında Qətərin paytaxtı
Dohada İslam Dünyası Mədəniyyət Nazirlərinin
12-ci Konfransında qəbul olunub. Prezident İlham Əliyev
ötən ilin noyabrında “Şuşa – İslam
dünyasının mədəniyyət paytaxtı 2024” ilə
bağlı tədbirlər haqqında sərəncam
imzalayıb. Builki “Xarıbülbül” Beynəlxalq Musiqi
Festivalının proqramı da İslam dünyası ölkələri
arasında mədəni əlaqələrin inkişafına
töhfə olaraq xüsusi tərtib edilmiş, sənət
bayramına ICESCO ölkələrindən ifaçılar və
yaradıcı kollektivlər dəvət olunmuşdu.
Festivalın və “Şuşa – İslam
dünyasının mədəniyyət paytaxtı 2024” ilinin
açılış mərasimində Prezident İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva, ICESCO-nun
baş direktoru Salim bin Məhəmməd əl-Malik, müxtəlif
ölkələrdən nazirlər, digər rəsmi qonaqlar,
diplomatlar iştirak ediblər.
Dövlətimizin başçısı tədbirdə
çıxış edib.
Şuşa şəhərinin “İslam
dünyasının mədəniyyət paytaxtı” elan
olunması haqqında qərara görə ICESCO-ya, onun rəhbərliyinə,
təşkilata üzv ölkələrə təşəkkürünü
bildirən Prezident İlham Əliyev deyib ki, biz bunu İslam
dünyasının Azərbaycana növbəti dəstəyinin,
hörmətinin əlaməti kimi qəbul edirik: “Birinci dəfə
deyil ki, Azərbaycan şəhəri bu şərəfli ada
layiq görülür. 2009-cu ildə Bakı, 2018-ci ildə isə
Naxçıvan şəhəri də “İslam
dünyasının mədəniyyət paytaxtı” elan
edilmişdi. Bu dəfə isə Azərbaycanın mədəniyyət
paytaxtı Şuşa bu şərəfli adı
daşıyacaq”.
Azərbaycanın İslam dünyasında həmrəyliyin
gücləndirilməsi üçün böyük səylər
göstərdiyini deyən İlham Əliyev vurğulayıb
ki, ölkəmizdə bir çox beynəlxalq tədbirlər,
musiqi festivalları, mədəni tədbirlər
keçirilir. Şuşa şəhərinin İslam
dünyasının mədəniyyət paytaxtı olması
bizə əlavə imkan verəcək ki, öz mədəniyyətimizi
həm müsəlman ölkələrinin ictimaiyyətinə,
həm də dünya ictimaiyyətinə çatdıraq.
Mədəniyyət paytaxtımız həm də qəhrəmanlıq,
zəfər və sülhün rəmzidir
Prezident daha sonra deyib: “Biz 28 il Şuşasız
yaşayırdıq. Həm şuşalılar, həm
bütün Azərbaycan xalqı bu illəri mənəvi əzab
illəri kimi öz yaddaşlarında saxlayırlar və
saxlayacaqlar. Dünən (10 may – red.) Şuşa şəhərinin
dirçəldilməsi istiqamətində növbəti addım
atılmışdır, ilk sakinlər uzun fasilədən
sonra öz doğma şəhərinə qayıdıb burada
məskunlaşmışlar. Şuşanın tarixi
simasının bərpası istiqamətində fəal
işlər gedir. Şuşa, sözün əsl mənasında,
dirçəlir. Şuşanın bir çox tarixi və dini
abidələri işğal dövründə
işğalçılar tərəfindən tamamilə
dağıdılmışdır. Hazırda dörd məscid
yenidən qurulub, digər məscidlərdə təmir-bərpa
işləri aparılır.
Bu işğala baxmayaraq, Şuşa öz ruhunu – Azərbaycan
ruhunu qoruyub saxlaya bildi. Biz Şuşa azad olunandan sonra
Şuşaya qayıtdıqda bir daha hər birimiz bunu
görmüşük və dəfələrlə
görürük. Şuşaya gələn hər bir insan əyani
şəkildə görür ki, burada Azərbaycan ruhu var.
Şuşa işğal, əsarət dövründə əyilmədi
və biz – Azərbaycan xalqının nümayəndələri
Şuşaya qayıtmalı idik. Qan tökərək, şəhidlər
verərək, – Allah bütün şəhidlərimizə rəhmət
eləsin, – Şuşanın azad edilməsi, şəhər
döyüşləri nəticəsində azad edilməsi
tariximizin parlaq səhifəsidir.
Qeyd etdiyim kimi, Şuşa mədəniyyət
ocağı kimi tanınsa da, hazırda, eyni zamanda, qəhrəmanlıq
rəmzidir, zəfər rəmzidir və sülhün rəmzidir.
Çünki məhz Şuşanın azad olunmasından sonra
işğalçılar tam anladılar ki, müqavimət
göstərmək onlara heç nə verməyəcək və
beləliklə, bu gün biz Şuşanı tam haqlı
olaraq sülhün rəmzi kimi qiymətləndirə bilərik”.
Dövlətimizin başçısı diqqətə
çatdırıb ki, builki “Xarıbülbül” festivalı
Şuşanın “İslam dünyasının mədəniyyət
paytaxtı” elan olunmasına həsr edilib: “Bu gün bir
çox müsəlman ölkələrinin kollektivləri
bizim üçün müqəddəs olan Cıdır
düzündə öz məharətlərini ifadə edəcəklər.
Bu, birlik bayramı olacaq, bu, həmrəylik bayramı olacaq.
Eyni zamanda, Azərbaycan xalqının əyilməz ruhunu
nümayiş etdirən bu məkan həm işğala qədər,
həm işğal dövründə, həm də
işğala son qoyulandan sonra hər birimiz üçün
doğma və əzizdir. Bizim qəhrəman əsgər-zabitlərimiz,
bax, bu sıldırım qayalara dırmaşaraq yüngül
silahlarla şəhəri düşməndən azad etmişlər.
Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında
daim sülh olacaq. Arzum budur, əminəm, bütün Azərbaycan
xalqının arzusu budur ki, qoy, heç vaxt bu səma
altında bir daha top səsləri eşidilməsin. Qoy, bundan
sonra burada ancaq musiqi sədaları səslənsin”.
***
ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik
mərasimdə çıxış edib.
Çıxışına Şuşanın tərənnümü
ilə başlayan qonaq deyib: “O, sanki əzəmətli
dağlarının zirvələrinə yüksəlib ki,
yeni nailiyyətini fəxrlə bildirsin. 2021-ci ildə Azərbaycanın
mədəniyyət paytaxtı oldu. 2023-cü ildə isə
o, “Türk dünyasının mədəniyyət
paytaxtı” seçildi. Amma 2024-cü ilin bu günündə
o, İslam dünyasının mədəniyyət paytaxtı
kimi özünəməxsusluq bayrağını və
dühasını daşıyır. Hər dəfə əhatə
genişlənir, coğrafiya böyüyür. Üç il
mədəniyyət paytaxtı adına layiq olan az sayda belə
şəhər var. Bu, dərin bir işarədir. Bu, nailiyyətə,
imkanlara və ehtirama işarədir. Bu, Şuşa şəhəridir
– paklıq, saflıq və xoş ab-hava şəhəri.
Şəhərin adı da elə buradan gəlir. Bizlərdən
kimsə dünyada adı saflığa və təmizliyə
uyğun gələn başqa şəhər
tanıyırmı? Buranın havası təmiz, insanların
hissləri pakdır. Buna görə də təəccüblü
deyil ki, Şuşa bütünlüklə Qafqazda musiqinin
paytaxtıdır, təsviri sənətin məkanıdır,
gözəl Azərbaycan xalçasının vətənidir,
musiqi, fikir və şairlər yurdudur”.
ICESCO rəhbəri qeyd edib ki, Şuşanın
mütəfəkkirləri, yaradıcı insanları şəhərin
Qafqaz müsəlman kimliyini öz qələmlərində
daşımışlar: “Onun zənginliyinə aşiq
olmuş mütəfəkkirləri, şairləri, sənətkarları
yaddaşlara əbədi həkk olmuşdur. Biz bunlara şairlər
Xurşidbanu Natəvanı, Molla Pənah Vaqifi, Qasım bəy
Zakiri, xanəndə Cabbar Qaryağdıoğlunu,
ifaçı Mirzə Sadıqı, yazıçı Nəcəf
bəy Vəzirovu, bəstəkar Üzeyir Hacıbəylini,
dramaturq Əbdürrəhim bəy Haqverdiyevi, mütəfəkkir
Əhməd Ağaoğlunu və başqalarını aid edə
bilərik. Dünən böyük xanəndə
Bülbülün evində olanda divarlar, mebellər,
ağacların kölgələri dil açıb bizə
deyirdi ki, bu ev Şuşada keçmişlə indinin əlaqəsini
göstərir, övladların ata-babalarının irsi ilə
əlaqəsini sübut edir, enməyən bir bayrağa
işarə edir”.
Salim bin Məhəmməd əl-Malik Şuşa şəhərində
aparılan genişmiqyaslı quruculuq-abadlıq işlərində
Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər
Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd edib. Bildirib ki,
Şuşanın otuzillik işğaldan azad edilməsini ICESCO
da sevinclə qarşılayıb: “Azərbaycan xalqını
sevindirən onu da sevindirdi. Buna görə də təşkilat
vədlərinə sadiq qaldı. ICESCO fəxr edir ki, Prezident
İlham Əliyev onun planlarını və Azərbaycanla
bağlı proqramlarını dəstəkləyir və təşkilat
da öz növbəsində ona öz vəfa borcunu yerinə
yetirir. Azərbaycanın zəkalı oğulları ICESCO-da fəaliyyət
göstərir, orada təcrübəli ekspertlər kimi
çalışırlar”.
Baş direktor ICESCO-nun Azərbaycanın
işğaldan azad edilmiş ərazilərinə irs
missiyası göndərən ilk beynəlxalq təşkilat
olduğunu da xüsusi vurğulayıb. “Təşkilat bundan
sonra da Azərbaycanla olan özünəməxsus etibarlı əlaqələrinə
sadiq qalacaq, onun yanında olacaq, onun sivilizasiyada tutduğu yolu
müdafiə edəcək, sevinc və qürur
anlarını onunla birlikdə qeyd edəcək. Onun
oğullarının və qızlarının həyata
keçirdiyi quruculuq işlərini dəstəkləyəcək.
Paklıq ətrinin və saflıq müşkünün
daşıyıcısı olan şuşalı İslam
dünyası mübarək olsun. Onun sevgisini bölüşən,
hər zaman onu görməyə can atan İslam dünyalı
Şuşaya eşq olsun!”.
***
Çıxışlardan sonra açılış
konserti keçirilib.
“Xarıbülbül”ün bütün
iştirakçılarının yer aldığı
açılış kompozisiyasının müşayiəti
ilə Qarabağ atından ibarət süvari dəstə
ICESCO-ya üzv ölkələrin bayraqları ilə
Cıdır düzünə daxil olub.
Qeyd edək ki, Heydər Əliyev Fondunun və Mədəniyyət
Nazirliyinin təşkilatçılığı ilə
keçirilən festivala ICESCO-ya üzv ölkələrdən
Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya,
İran, Qazaxıstan, Qətər, Qvineya, Mərakeş,
Özbəkistan və Türkiyədən ifaçı və
kollektivlər qatılıb.
Açılış konsertində Azərbaycandan Xalq
artistləri Arif Babayev, Gülyanaq Məmmədova, Polad
Bülbüloğlu, Zeynəb Xanlarova, Zülfiyyə
Xanbabayeva, Əməkdar artistlər Sevda Ələkbərzadə,
Rəşad İlyasov, Qazaxıstandan Əməkdar artist
Əlişer Kərimov, Qvineyadan Aboubakar Silla, Özbəkistandan
Xalq artisti Nəsibə Abdullayeva, Türkiyədən
Hüsnü Şənləndirici, həmçinin
“Aşıqlar qrupu”, Azərbaycan Dövlət Rəqs
Ansamblı, “Natiq” ritm qrupu, Birləşmiş Ərəb
Əmirliklərindən “Almazyood”, İndoneziyadan “Sendja
Community”, Qətərdən “Qılınc rəqqasları”, Mərakeşdən
“Tizwit” qrupları, Özbəkistandan “Navbahor” Mahnı və Rəqs
Ansamblı, Türkiyədən “Anadolu atəşi” rəqs
qrupu və digərləri çıxış ediblər.
Konsert iştirakçıların ifasında
festivalı rəmzi olaraq təcəssüm etdirən “Səsin
gəlsin, Xarıbülbül” mahnısı ilə
yekunlaşıb.
Festivalın konsertləri mayın 12-də
Şuşada, ayın 13-də isə Laçında davam edib.
Mədəniyyət.- 2024.- 15 may, ¹37.- S.1;2.