Naxçıvanda yubilyar rəssamın sərgisi

 

Naxçıvan Muxtar Respublikası (NMR) Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda Əməkdar rəssam Həmzə Sadiqovun 75 illik yubileyi münasibətilə “Rənglərin harmoniyası” adlı fərdi yaradıcılıq sərgisi açılıb.

Mayın 17-də keçirilən tədbirdə NMR Rəssamlar Birliyinin sədri, millət vəkili Ülviyyə Həmzəyeva rəssamın həyat və yaradıcılığından bəhs edib, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafanın və komitə üzvlərinin təbriklərini çatdırıb.

Muxtar respublika Ali Məclisinin sədr müavini Anar İbrahimov deyib ki, Həmzə Sadiqov təkcə yaradıcılığı ilə deyil, çalışdığı vəzifələrdə də hər zaman Vətənə bağlılığını sübut edib. O, ötən əsrin 90-cı illərində Ulu öndər Heydər Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsi uğrunda apardığı mübarizədə yer alıb, eyni zamanda torpaqlarımızın müdafiəsində fədakarlıq göstərib.

Yubilyara NMR Rəssamlar Birliyinin təşəkkürnaməsi təqdim olunub.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Xalq rəssamı Hüseynqulu Əliyev və başqaları sənətkarın yaradıcılığından söz açıb, təbriklərini çatdırıblar.

Həmzə Sadiqov əməyinə göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Sonra müəllifin 60-a yaxın əsərinin yer aldığı sərgiyə baxış olub.

 

Mədəniyyət.- 2024.-22 may, №38.- S.4.