Kitabların cazibəsini artıran rəssam
Təsviri incəsənətdə kitab
qrafikasının özünəməxsus yeri var. Kitab tərtibatında
müxtəlif illüstrasiyalar məzmunu zənginləşdirir,
oxucu üçün maraq mənbəyinə səbəb
olur. Kitaba çəkilən illüstrasiyalar, üz
qabığı, ümumi tərtibat, kitabın məzmunu,
ideyası ilə vəhdət təşkil edir, insanın
şüuruna, qəlbinə yol tapır. Kitabın tərtibatında
kompozisiyanın təşkili dekorativliyi, emosionallığı,
cazibəliliyi, dövrün üslubuna uyğunluğu, əsərlərin
psixoloji tərəfini əks etdirməklə yanaşı,
kitabın bədii obrazını da yaradır.
Qrafik rəssam Azər Ələkbərov Azərbaycanda
nəşr olunmuş bir çox uşaq ədəbiyyatına,
həmçinin bədii ədəbiyyat və klassiklərin kitablarına
illüstrasiyalar çəkmişdir. O, 22 may 1956-cı ildə
Naxçıvanda ziyalı ailəsində dünyaya göz
açmışdır. Doğulub boya-başa
çatdığı qədim Naxçıvan
torpağının əzəmətli qayaları,
yaşıl ormanları, laləli dağları – bir sözlə,
sirli-sehrli təbiətinin min bir rəngə çalan əsrarəngiz
mənzərələri hələ uşaqlıqdan Azəri
məftun etmişdi. Elə incəsənətə, rəssamlığa
marağı da burdan qaynaqlanırdı.
Gördüklərini kətan üzərində əks
etdirmək bacarığı Azər Ələkbərov, bir
Tanrı lütfü idi. O, fərqli duyumu, məxsusi yanaşması
ilə yaradıcılıq aləminə üz tutmuş,
gördüklərini, görmək istədiklərini ağ vərəqə
köçürməyə başlamış və bir-birindən
maraqlı əsərlər yaratmağa nail olmuşdur. Rəssamlığa
olan sonsuz məhəbbəti, bu sənətə
vurğunluğu ilə orta məktəbi bitirdikdən sonra
1973-cü ildə Ə.Əzimzadə adına Rəssamlıq
Məktəbində təhsilini davam etdirməyə qərar
vermiş, bu təhsil ocağını fərqlənmə
diplomu ilə başa vurmuşdur. Məqsədi sevdiyi sahənin
bütün incəliklərinə vaqif olmaq, ali təhsil almaq
idi. Beləliklə, rəssam Ukraynanın Xarkov Dövlət
Dizayn və İncəsənət Akademiyasının Dəzgah
və kitab qrafikası fakültəsini də fərqlənmə
diplomu ilə bitirmişdir.
Azər Ələkbərov vətənə
döndükdən sonra yenicə yaranmış
“Yazıçı” nəşriyyatında əmək fəaliyyətinə
başlayır. Həmin illərdə görkəmli naşir,
professional poliqrafçı Əjdər Xanbabayevin min bir əzabla,
böyük həvəs və gələcəyinə tükənməz
inamla yaratdığı “Yazıçı” nəşriyyatı
fəaliyyətinin ən məhsuldar dövrünü
yaşayırdı. 40 cildlik “Xalq ədəbiyyatı”, 100
cildlik “Dünya ədəbiyyatı kitabxanası” silsiləsindən
kitablar burda nəşr olunur və nəşriyyat iki ildən
bir bu kitabları Moskvada keçirilən Beynəlxalq Kitab
Yarmarkasında nümayiş etdirir, uğur qazanırdı. Azər
nəşriyyatın məhz bu çağında gəlmiş
və özü ilə yeni ab-hava gətirmişdi. Təkcə
zahiri görkəmi ilə yox, həm də səmimiyyəti
ilə, insanpərvərliyi, ünsiyyət qurmaq
bacarığı ilə, ağlı, qabiliyyəti, yüksək
zövqü və kitablara verdiyi tərtibatı ilə
başqalarından seçilirdi. Onun H.K.Andersenin “Düyməcik”,
“Su pərisi” nağıllarına, E.Hofmanın “Oyuncaq”,
V.Haufun “Yalançı şahzadə”, Qrimm
qardaşlarının “Ağ və Qırmızı gül”
və s. nağıl əsərlərinə çəkdiyi
qrafik illüstrasiyalara biganə qalmaq mümkün deyil.
İbrətamiz məsəllərlə, M.Ə.Sabir, A.Səhhət,
C.Məmmədquluzadə, C.Cabbarlı kimi ustad sənətkarların
əsərlərindən nümunələrlə dolu,
şifahi və yazılı ədəbiyyatdan seçmələr
əsasında tərtib olunmuş “Gəlinin cehiz
kitabı”nın (1994) rəssamı və bədii redaktoru,
gözəllik haqqında məlumatlarla dolğun “Gözəlliyin
sirri” (2002) kitabının rəssamı olmuşdur. Azər
Ələkbərov “Qanun” nəşriyyatının “Kamillik”
seriyasından “Kamillik elmi” (2001) kitabına və bu qəbildən
bir sıra nəşrlərə bədii tərtibat
vermişdir.
Mütaliəni çox sevən, həm klassik, həm
də müasir Azərbaycan ədəbiyyatına dərindən
bələd olan rəssam çəkdiyi hər bir
illüstrasiyanı əsərin məzmunu ilə
uzlaşdırır, vəhdət təşkil etməsinə
nail olur, ən cüzi bir çalarda əsərin məğzini
tamaşaçıya çatdıra bilirdi. Çəkdiyi
illüstrasiyalarla əsəri daha da oxunaqlı etməyi,
oxucuda maraq oyatmağı bacarırdı.
Məşhur fransız rəssamı Delakrua deyirdi:
“İstər mənzərə, qrafika, istərsə də
heykəltaraşlıq olsun, hər bir incəsənət əsərinin
ilk dəyəri gözləri sevindirməsidir”. Bu sözləri
bütünlükdə yaradıcılığında
orijinal süjet və ifadə axtarışlarına xüsusi
meyil edən, qara tuş, qələm vasitəsilə incə ştrixlərlə
ifadəli rəsmlər ərsəyə gətirmiş rəssam-qrafik Azər Ələkbərovun
yaradıcılığına da aid etmək olar.
Səməd Vurğunun, Nəriman Həsənzadənin
şeirlər kitabı, Fikrət Qocanın, Ramiz Duyğunun əsərləri,
Çingiz Abdullayevin “Müqəddəs olmaq arzusu”, Sabir Rüstəmxanlının
“Göy tanrı”, Elmira Axundovanın “Yaşamaq anı”,
“Şüşə saray” (siyasi detektiv), “Bu bizik” kitablarına
verdiyi tərtibat, çəkdiyi illüstrasiyalar öz
işinin ustası olan rəssamın yüksək
professionallıqla, böyük ustalıqla yaratdığı
əsərlərdir.
Azər Ələkbərov
işgüzarlığı, sənət
inadkarlığı, zəhmətsevərliyi ilə öz
yolunu müəyyənləşdirən rəssamlarımızdan
idi. Sənətinə hədsiz dərəcədə
bağlı olan rəssam təkcə rəsm əsərləri
yaratmır, eyni zamanda sevib-seçdiyi sənətin sirlərini
öyrənir və öyrədirdi. O, Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasının Qrafika fakültəsində
və İncəsənət Gimnaziyasında işləməklə
yanaşı, “Gənclik”, “Nurlar”, “Yurd”, “Əbilov, Zeynalov və
oğulları” nəşriyyatları, “Qanun”, “Gənclik”,
“Ulduz” jurnalları ilə də əməkdaşlıq edirdi.
Həmin dövrdə onun “Mənim Abşeronum”, “Doğma ellər”,
“Naxçıvan”, “Xatirələr” kimi rəngli novella,
nağıl, esse, detektiv və şeir kitablarına çəkdiyi
çoxsaylı illüstrasiyaları dərc olunmuşdu.
Nəhayətsiz rənglər dünyasında gözəllik
duyğularını fırçası ilə ifadə edən
Azər Ələkbərov gördüklərindən heyrətlənən,
çəkdikləri ilə heyrətləndirə bilən rəssam
idi. O, sadəcə, maraq xətrinə deyil, yaratmaq və
yaratdığına yaşamaq vəsiqəsi verə bilmək
həvəsi ilə yaşayırdı. Rəssamın əsərləri
təkcə respublikada deyil, yaxın və uzaq xaricdə də
sərgilənir və hər yerdə özünün
tamaşaçısını tapırdı.
Beynəlxalq eklibris sərgisində (2003)
nümayiş etdirilən “Heydər Əliyev və müstəqil
Azərbaycan” mövzusuna həsr olunan əsəri rəssamın
yaradıcılığında xüsusi yer tutur. “General Arif
Heydərov” (2006), “Heydər Əliyev və Azərbaycan Ordusu”
(2002), Sara Aşurbəylinin “Şirvanşahlar dövləti”
(2006) və s. kitabların tərtibatı da onun
yaradıcılıq nümunələrindəndir.
Mənalı və xatirələrdə xoş izlər
buraxan bir ömür yaşamış Azər Ələkbərov
uzun sürən xəstəlikdən sonra 4 avqust 2006-cı ildə
əbədiyyətə qovuşmuşdur. O,
yaradıcılığının ən bəhrəli
çağlarında dünyasını dəyişsə də,
yaratdığı əsərlərdə, tərtibatını
verdiyi kitablarda, rəğbətini qazandığı
dostlarının, hörmətini qazandığı tələbələrinin,
sənətə dəyər verən insanların
yaddaşlarında yaşayacaq.
Könül Əzimova
sənətşünaslıq üzrə fəlsəfə
doktoru
Mədəniyyət.- 2024.-22 may, ¹38.- S.6.