Beynəlxalq Muzeylər
Günü nə ilə yadda qaldı?
Beynəlxalq Muzeylər Günü (18 may) bu il də
ölkəmizdə müxtəlif tədbirlərlə yadda
qaldı. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü
ilə 47 il öncə – 1977-ci ildə təsis edilən əlamətdar
gün hər il müxtəlif devizlər altında qeyd olunur.
Bu ilin mövzusu “Muzeylərdə təhsil və tədqiqat”
adlanırdı.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə bu il də Beynəlxalq Muzeylər Günündə
muzeylərdə “açıq qapı” elan olundu. Əlamətdar
günlə bağlı paytaxtda və bölgələrdə
fəaliyyət göstərən muzeylərdə müxtəlif
tədbirlər keçirildi.
Azərbaycan Milli İncəsənət Muzeyində
“Muzeydə kino” layihəsi üzrə şairə
Xurşidbanu Natəvanın Ağdamda və
Şuşadakı heykəllərinin tarixçəsindən
bəhs edən film (Azərbaycan və ingilis dillərində)
nümayiş olunub.
Muzeydə həmçinin 1920–1980-ci illər Azərbaycan
rəngkarlığı və qrafikası haqqında
mühazirə, “Gizli və aşkar” sərgisi çərçivəsində
inklüziv ustad dərsi, “Uşaqlar üçün incəsənət
tarixi” və “Kamin ətrafında hekayətlər” adlı
layihələr həyata keçirilib. “Açıq qapı”
günündə muzeyin ümumilikdə 4735 ziyarətçisi
olub.
***
Azərbaycan Milli Xalça Muzeyini həmin gün 4981
nəfər ziyarət edib. Onlar üçün Azərbaycan
dilində ödənişsiz ekskursiyalar təşkil olunub.
Muzeydə dahi şair Məhəmməd Füzulinin
530 illiyinə həsr olunmuş “Sənətdə bənzərsiz
eşq” sərgisi açılıb. Sərgidə Xalq rəssamları
Lətif Kərimov, Eldar Mikayılzadə, Aydın Rəcəbov,
sənətşünaslıq üzrə elmlər namizədi
Cəfər Müciri və rəssam Gülmurad Bəbirovun
dahi şairə həsr olunan xalçaları nümayiş
etdirilir. Ekspozisiyada həmçinin Xalq rəssamı Kamil
Əliyevə aid “Füzuli” xalçasının eskizi, Rafiq Qəmbərovun
“Füzuli” dekorativ pannosu, həmçinin ilk dəfə olaraq
görkəmli sənətkar Lətif Kərimovun Füzuliyə
dair kitablara verdiyi bədii tərtibatlardan elementlər yer
alır. Xalça Muzeyinin kolleksiyasından olan nümunələrin
sərgisi mayın 30-dək davam edəcək.
Muzeyin balaca dostları üçün isə Uşaq
şöbəsinin əməkdaşları tərəfindən
hazırlanan “Leyli və Məcnun” kölgə teatr
tamaşasının premyerası, ustad dərsləri
keçirilib.
***
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyini “açıq qapı” aksiyası zamanı 1500 nəfərə
yaxın şəxs ziyarət edib.
Muzeyin Xaqani Şirvani adına Aran regional filialında
“açıq qapı” günündə şəhid ailələri,
hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri
muzeyin zəngin ekspozisiya ilə tanış olublar.
***
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyində “Muzeydən təhsilə” adlı tədbir
keçirilib. Sağlamlıq imkanları məhdud uşaqlar
üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi
şagirdlərinin iştirak etdiyi tədbirdə muzeyin
direktoru Əməkdar mədəniyyət işçisi Alla
Bayramova açılış nitqi söyləyib. Muzeyin və
onun bütün filiallarının fəaliyyəti, ali və
ümumtəhsil müəssisələri ilə əməkdaşlıq
haqqında məlumat verilib.
Sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının,
Azərbaycan Milli Konservatoriyası nəzdində Respublika
İncəsənət Gimnaziyasının tələbə və
şagirdlərinin ifalarında muzey əməkdaşlarının
elmi araşdırmaları nəticəsində aşkara
çıxarılıb redaktə və nəşr etdirdiyi əsərlərdən
ibarət konsert proqramı təqdim olunub.
Muzeyin Qədim musiqi alətləri ansamblı da konsert
proqramı ilə çıxış edib. Eyni zamanda
xüsusi internat məktəbinin musiqi qabiliyyətli şagirdləri
ansamblın müşayiəti ilə öz məharətlərini
göstəriblər.
***
Milli Azərbaycan Tarixi Muzeyində “Muzey eksponatları
şagirdlərin rəngli dünyasında” layihəsi çərçivəsində
mayın 16-da “Naxçıvanın maddi mədəni irsi muzey
arxeologiyası və etnoqrafiyası müstəvisində”
adlı sərgi-tədbir keçirilib. 5 nömrəli
Uşaq-gənclər inkişaf mərkəzi şagirdlərinin
muzey eksponatları əsasında çəkdikləri rəsm
əsərlərindən ibarət sərgi təşkil
edilib.
Mayın 17-də muzeydə “Breyn-rinq” intellektual
yarışması keçirilib. Muzeylə bərabər, bir
sıra qurumların təmsil olunduğu yarışmada 8
komanda öz biliyini nümayiş etdirib. Qaliblər
mükafatlandırılıb.
Bundan başqa, muzey Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə həyata keçirilən “Bir muzeyin sirri” adlı layihədə
iştirak edib.
Beynəlxalq Muzeylər Günü münasibətilə
təşkil olunan “açıq qapı” aksiyasında muzeyi
2050 nəfər ziyarət edib.
***
Mayın 18-də Azərbaycan İstiqlal Muzeyində
konsert proqramı təşkil olunub. Uşaq İnkişaf Mərkəzi
nəzdində fəaliyyət göstərən
“İnklüziv Art Studio”nun uşaqları
çıxış edib, çəkdikləri rəsmlər
sərgilənib
Ziyarətçilərə eksponatlar haqqında ətraflı
məlumat verilib. “Açıq qapı” günündə
muzeyi 2200 nəfər ziyarət edib.
***
Əlamətdar gün və “Yaşıl dünya
naminə həmrəylik ili” münasibətilə Cəfər
Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi
mayın 18-də “Təbiəti duyaraq sev!” adlı tədbir
keçirib.
Muzeyin və 1 nömrəli Uşaq-gənclər
inkişaf mərkəzinin birgə təşkilatçılığı
ilə keçirilən tədbirdə ekoloji problemlər ətrafında
söhbət aparılıb. Mərkəzin təsviri sənət
qalereyasının dərnək üzvləri təbiətə
qayğı mövzusunda rəsmlər çəkiblər.
***
Bülbülün Memorial Muzeyində keçirilən
tədbirdə muzeyin direktoru Fərqanə Cabbarova əlamətdar
günün tarixi haqqında məlumat verib, həmkarlarını
və muzeysevərləri bayram münasibətilə təbrik
edib.
Tədbirdə Sağlamlıq imkanları məhdud
uşaqlar üçün 5 nömrəli Respublika xüsusi
internat məktəbinin şagirdləri Azərbaycan və
xarici ölkə bəstəkarlarının əsərlərindən
ibarət konsert proqramı ilə çıxış ediblər.
***
Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyində
“Muzeydə istedadını kəşf et və təcrübə
qazan” adlı ustad dərsləri təşkil edilib. Mütəxəssislər
tərəfindən gənclərə bəstəkarlıq,
aktyorluq və “Oyun dizayneri” (“Game designer”) üzrə dərslər
keçilib.
“Açıq qapı” günündə muzeyi
çoxsaylı yerli vətəndaşlar və xarici qonaqlar
ziyarət ediblər. Muzey əməkdaşları tərəfindən
qonaqlara Azərbaycan, rus və ingilis dillərində
ekskursiyalar keçirilib. Muzeydə gün boyu klassik musiqilər
səsləndirilib.
Mədəniyyət.- 2024.-22 may, ¹38.- S.1;3.