Azərbaycan və
Tacikistanın kino xadimləri arasında həmişə
sıx münasibətlər olub
Mayın 19-dan 23-dək ölkəmizdə Tacikistan Mədəniyyəti
Günləri keçirilir. Mayın 20-də mədəniyyət
günləri çərçivəsində Nizami Kino Mərkəzində
Tacik kinosu günlərinin açılış mərasimi
olub.
Tamaşaçılar ilk olaraq Azərbaycan-Tacikistan
dostluğunu nümayiş etdirən videoçarxı izləyiblər.
Videoçarxda Prezident İlham Əliyevin Tacikistana səfərindən
fraqmentlər də yer alıb.
Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar
incəsənət xadimi Cəmil Quliyev çıxış
edərək Tacikistandan gələn qonaqları və tədbir
iştirakçılarını salamlayıb. Deyib ki, dost
respublikalarımız coğrafi baxımdan uzaq olsa da, uzun illər
ərzində iki ölkə çox yaxın əməkdaşlıq
edib. Eyni zamanda kinematoqraflarımız arasında həmişə
sıx münasibətlər olub. Ötən əsrin 60-cı
illərinin əvvəlində görkəmli Azərbaycan bəstəkarları
Tofiq Quliyev və Arif Məlikov bir sıra tacik filmlərinə
musiqilər yazıblar. Azərbaycan aktyorları Fərhad
Yusifov, Bəşir Səfəroğlu, Rasim Balayev, Tariyel
Qasımov və Həmidə Ömərova dost ölkənin
bir neçə ekran əsərində rol alıblar.
Görkəmli tacik aktyoru Haşim Qadoyev “Dədə
Qorqud” və “Məlikməmməd” filmlərində çəkilib,
Komil Yormatov dəfələrlə Azərbaycan səhnələrində
çıxış edib. “Azərbaycanda bu gün keçirilən
Tacikistan Mədəniyyəti Günləri
kinematoqraflarımız arasında münasibətlərin
inkişafına öz töhfəsini verəcək”, – deyə
C.Quliyev bildirib.
“Tacikfilm”in baş direktoru Mahmadsaid Şoxiyon qeyd edib ki,
müstəqillik illərində iki ölkə arasında
diplomatik münasibətlər dinamik inkişaf edib və bu
gün qardaş xalqlarımızın xeyrinə mühüm
nəticələr əldə olunub. Tacikistan Prezidenti Emoməli
Rəhmon və Azərbaycan Prezidenti İlham Əliyev
arasındakı möhkəm və etibarlı təmaslar buna
böyük töhfə verib.
Tacikistan Kinematoqrafçılar İttifaqının sədri
Səfər Hakdodov bildirib ki, Tacikistan-Azərbaycan əlaqələri
mədəniyyətin müxtəlif sahələri, eləcə
də ədəbiyyat üzrə tarixi köklərə
bağlıdır: “Əminəm ki, iki ölkə arasında
əməkdaşlıq bundan sonra da inkişaf edəcək.
İki qardaş ölkə arasında əməkdaşlığın
mədəniyyət günləri çərçivəsində
davam etməsi sevindirici haldır”.
Sonra Tacikistan tərəfindən Azərbaycan Dövlət
Film Fondunun direktoru Cəmil Quliyevə xatirə hədiyyəsi,
Xalq artisti Tariyel Qasımova isə “Tacikistan kinosunun əlaçısı”
medalı təqdim olunub.
Daha sonra “Tacikfilm”in istehsalı olan “Rüstəm və
Sohrab” filmi nümayiş etdirilib. Boris Kimyaqarovun filmində
rollardan birini Tarıyel Qasımov oynayır. Filmin bəstəkarı
görkəmli Azərbaycan bəstəkarı Arif Məlikov,
dirijoru Niyazidir.
Əbülqasım Firdovsinin “Şahnamə” əsərinin
motivləri əsasında 1971-ci ildə lentə alınan
filmin süjeti cəngavər Rüstəmin qəhrəmanlığı
və şücaəti, gözəl Təhminəyə olan
sevgisi, Rüstəmin oğlu ilə çoxdan gözlənilən
görüşü, habelə xəbis və məkrli Kavus
şahın xəyanəti haqqında əfsanələrə
əsaslanır.
Mayın 21-də Nizami Kino Mərkəzində kinosevərlər
“Şöhrətlənən Sarəzm” sənədli filmini
izləyiblər. Mayın 22-də isə “Tale” (“Fortuna”) bədii
filmi göstəriləcək. Mədəniyyət günlərinin
sonuncu günü – mayın 23-də Nizami Kino Mərkəzində
(saat 16:00) Tacik kinosu günlərinin bağlanışı və
“Güzgü” bədii filminin nümayişi olacaq.
Lalə Azəri
Mədəniyyət.- 2024.-22 may, ¹38.- S.3.