“Obrazlarım, məni
sevdirən qəhrəmanlarım daim yol yoldaşımdır”
Hacı İsmayılov: “Aktyorların
oynadığı rollar onların həyatlarına da təsir
edir. Bunu özümdə də, başqalarında da
görmüşəm”
Bu aktyoru həm də ona görə çox istəyirəm
ki, şan-şöhrətin verdiyi üstünlüyü
yoxdur. Ələlxüsus da yaş ötdükcə bəzi sənət
xadimlərinə xas şöhrətpərəstlik həndəvərindən
belə keçməyib. Sadə, sakit, həlimxasiyyətli.
Sanki qarşımızdakı elə onun özü yox, məşhur
qəhrəmanı Mustafa müəllimdir. Hətta mənə
elə gəlir ki, daha çox Mustafa özü Hacı
İsmayılovdur.
Beləliklə, həmsöhbətim teatrımızda
daha çox ikincidərəcəli obrazlar oynamasına rəğmən
öz planında ən yaxşı, milli kinomuzda hər birinin
ayrıca yeri olan rollar ustası, Azərbaycan realist aktyor məktəbinin
görkəmli nümayəndəsi, Xalq artisti, Dövlət
mükafatı laureatı, “Şöhrət” ordenli Hacı
İsmayılovdur. 80 yaşı tamam olan sənətkar bir ilə
yaxındır ki, həm də Azərbaycan Teatr Xadimləri
İttifaqının sədr əvəzidir. Onunla söhbətimiz
də elə burada baş tutdu.
– Hacı müəllim, son vaxtlar sizi tapmaq çətinləşib.
Sizin üçün necə, bu qədər işin öhdəsindən
gəlmək çətin deyilmi?
– Çətinləşib deyəndə ki, mən həmişə
tapılıram. Sadəcə, teatrda məşqlər,
ittifaqda tədbirlər, maşallah, bir az çoxdur. Həm də
nə yaxşı ki, çoxdur. İşə gəldikdə,
çətin deyil. Çünki 10 il sədr müavini
olmuşam. Rəhmətlik Azərpaşa Nemətov məni dəvət
etmişdi. Onun dövründə burada işlər
görmüşük: müxtəlif tədbirlər, yubileylər,
tamaşalar və s. Yəni bu iş də mənim
üçün mühüm təcrübə oldu. Bu gün
də, kollektiv, sağ olsun, əl-ələ verib
çalışırıq. Yəni fəaliyyətimiz davam
edir. Ötən ilin may ayından 10-a yaxın teatr kollektivini
“Qonaq teatr” layihəsi çərçivəsində
Bakıya dəvət etmişik. Bundan başqa, Türkiyədən
– Antalya və Trabzondan iki kollektiv burada çıxış
etdi ki, bu da ittifaq təcrübəsi üçün yeni idi.
Sözsüz ki, bu layihələri də Mədəniyyət
Nazirliyi ilə birgə reallaşdırırıq.
Qısacası, iş qrafikimiz sıxdır və məncə,
ötən müddətdə nəzərəçarpacaq
işlərə nail olmuşuq.
– ATXİ teatr xadimlərinin hüquqlarını tənzimləyən,
yəni aktyorların da bir növ ata evi missiyasındadır.
Bu mənada, ehtiyac duyulduqda ittifaq teatr təmsilçisinin
hüququnu qoruya, ona qahmar çıxa bilirmi?
– Bəli, dəstəyimiz həmişə var və
olacaq da. Amma ittifaqın nizamnaməsində də qeyd olunub ki,
ATXİ Azərbaycanda teatr sənətinin inkişafına,
mövcud məsələlərin həllinə köməklik
göstərən təşkilatdır. Həll edən,
sözsüz ki, müvafiq olaraq Mədəniyyət
Nazirliyidir. Biz bacardıqca kömək edirik. Elə bizim
gördüyümüz işlərin hamısı teatr, teatr
sənətinin ölkəmizdə inkişafı
üçündür. Əsas məqsədimiz istedadlı gənclərin
– aktyorların, rejissorların, dramaturqların cəlb
olunmasıdır. Bildiyiniz kimi, bizdə dramaturgiya, rejissor,
aktyor, eksperimental rejissura və menecment laboratoriyaları var.
Artıq biz 4-cü ildir ki, həmin laboratoriyaların fəaliyyətini
geniş ictimaiyyətə təqdim edirik. Onların
festivalını təşkil edirik. Bir cəhətə sevinmək
lazımdır ki, bu laboratoriyalara gələnlər, orada
iştirak edənlər arasında peşəkarlarla
yanaşı, peşəkar olmayan istedadlı gənclər də
var. Onlar nə isə öyrənib, fəaliyyətlərinə
bu yöndə davam edirlərsə, nə xoş.
– Bir müddət öncə kino sahəsində iki
ittifaqın birləşməsinə şahid olduq. Proses
ümumən geniş rezonans doğurdu. Bu gün ATXİ-də
də sədrliyə iddialılar çoxdur. Sizcə, ittifaq sədri
kimlər ola bilər və niyə?
– İnşallah, oktyabrda teatr xadimlərinin növbəti
konfransı keçiriləcək və yeni sədr seçiləcək.
Düz qeyd etdiniz ki, iddialılar çoxdur. Sadəcə, mən
bir şeyi qeyd edim ki, uzun illər ittifaqa rəhbərlik
etmiş Azərpaşa müəllimdən sonra bu iddiaya
düşənlərin sayı daha da çoxaldı. Amma
onlar bir şeyi unutmasınlar ki, bu ittifaqa rəhbərlik edənlər
Azərbaycan mədəniyyətində tanınmış
insanlar olublar. İndiyədək sədrlik edən 10 şəxsin
hamısı Xalq artisti idi. Hamısı da aktyor və
rejissorlar. Yeganə teatrşünas Mehdi Məmmədov idi. O
da rejissor, aktyor, sonra teatrşünas olub. Yəni ittifaqa rəhbərlik
etmək istəyənin nüfuzu olmalıdır, sözü
keçməlidir. Elə-belə, mən teatr aləmindəyəm
deyə gəlib ora sədrlik etməklə olmur. Kim bunu bu qədər
asan hesab edir və belə düşünürsə, səhv
edir. Qaldı ki iddialılara, bura gəlmək istəyinə,
bu, onların şəxsi fikri, arzusu, azad düşüncəsidir.
Amma mənə elə gəlir ki, bura gələn xalq tərəfindən,
dövlət tərəfindən tanınmalıdır. Ən
əsası da buranın işini bilməlidir. Elə adam
olmalıdır ki, onun xalq qarşısında xidmətləri,
nüfuzu olsun. Gedib kiməsə nə isə deyəndə
bilsinlər ki, bu şəxs sənətdə yetişən,
ona xidmət edən adamdır. Yəni otaqda oturub əmr verməklə
iş bitməz. Bura yaradıcı, ictimai təşkilatdır.
– Ruhu şad olsun, Azərpaşa Nemətov da, siz deyən
kimi, nüfuzlu, sözükeçən adam idi. Hərçənd
ondan da gileyli olanlar çox idi...
– Azərpaşa Nemətov unikal adam idi. O, daim
düşünürdü və yüksək səviyyəni,
ittifaqın hörmətini saxlamağa
çalışırdı. Hər şeylə
razılaşıb, hər adamı qəbul eləmirdi.
Ağıllı insanıydı deyə, o adamın niyə gəldiyini,
nə istədiyini gözəl başa düşürdü.
Bu mənada ondan inciyənlər, narazı qalanlar da olurdu. Amma
unutmaq olmaz ki, o, peşəkar insan idi, şəxsiyyət idi.
Yenə də deyirəm, çalışırdı ki,
ittifaqın adı uca olsun, təşkilat kimi nüfuzunu
saxlasın.
– Gəlin, sizli-bizli oktyabradək səbir edək və
keçək aktyor Hacı İsmayılovla söhbətə.
– (Gülür) Vallah, elə bayaqdan aktyor Hacı
danışırdı. Mənim üçün səlahiyyət,
vəzifə, nüfuz, şöhrət sənətimdə,
xalqımın, dövlətimin sevgi və diqqətindədir.
– Lap gözəl. Hacı müəllim, Azərbaycan
kinosunun unikal Mustafası sizsiniz. Onun bir lotereyada udmaq arzusu
vardı. Sizin necə, şansınızı sınamaq istəyiniz
olubmu?
– (Gülür). Aktyorların oynadığı rollar
onların həyatlarına da təsir edir. Bunu özümdə
də, başqalarında da görmüşəm. Mən o
lotereyanın çoxdankı həvəskarıyam.
Ara-sıra bir-ikisini alıb pozuram, həvəsimi
öldürürəm. Qabaqlar udmaq daha yaxşı, asan idi.
İndi çətinləşib. Yadımdadır, sovet
vaxtı aldığım 30 qəpiklik lotereyadan radio
udmuşdum. Rəhmətlik atam günün xeyli hissəsini o
radioya qulaq asmaqla keçirərdi. Şansdır da o da. Al,
sına. Şəkili Mustafa demişkən, “heç olmasa, bir
dənə latarenni bilet al”.
– Teatrda fəaliyyətə başlayıb, kinoda məşhurlaşdınız.
Necə deyərlər, lotereya biletinizi kinoda uddunuz. Bu mənada
özünüzü kinoya minnətdar
sayırsınızmı?
– Hər iki sənətə minnətdaram. Kinoya
çəkilmədən öncə teatr aktyoru olmuşam və
1967-ci ildən fasiləsiz teatrda fəaliyyət göstərirəm.
İrəvan, Sumqayıt və hazırda
çalışdığım Akademik Milli Dram teatrları.
Mənim üçün teatr həyatdır. Orada
yaşayıram. Kino isə məhəbbətdir. Nə xoş
ki, şans kimi o da sənət taleyimdə mənim
üçün yaxşı gətirdi və kinoda qısa
zamanda tanındım. Amma hərdən düşünürəm
ki, kinoda daha çox işlər görə bilərdim. Onun həcmi,
auditoriyası, imkanları daha genişdir. Aktyorlar burada sənətlərini
daha rahat büruzə verə bilirlər, nəinki teatrda. Teatr
kinoya nisbətən bir qədər qapalıdır. Teatrda
tamaşaçını qrimlə, geyimlə, səslə
qismən aldada, inandıra bilərsən. Amma kinoda belə
deyil. Kino səmimiyyət və təbiiliyi sevir.
Çünki orada hər şey iri plandadır və
tamaşaçının gözündən heç nə
yayınmır. Mən bu mənada bir aktyor kimi görkəmli
rejissorumuz Rasim Ocaqova minnətdaram. Onun sayəsində kəşf
olundum və kinoda yolum açıldı.
– Müqayisəniz maraqlıdır deyə
soruşacağam. Peşəkar Azərbaycan teatrı 151-ci
ilini yaşayır. Zamana görə milli kinomuzdan daha
yaşlı teatrımızın indiki halda ən ümdə
vəzifələri hansılardır?
– Teatrın vəzifələri daha çoxdur. O məbəddir,
tərbiyə ocağıdır. Orada çalışanlar isə
fədaidirlər. Xüsusən də bölgədə
çalışan aktyorlar. Çünki aldıqları
maaş azdır. Əlavə qazanc yerləri də, demək
olar ki, yox. Düzdür, aktyor, teatr adamı elə onda da, indi
də varlı olmayıb onsuz da. Amma müqayisədə
Bakıda çalışan aktyorlar onlara nisbətdə maddi
baxımdan daha geniş imkanlara malikdirlər. Seriallar, reklamlar,
dublyaj və s. var. Amma bölgələrdə bu imkanlar
azdır. Bu mənada əsl fədakar insanlar onlardır.
Az şeyə qane olublar.
Çünki sənətə məhəbbətləri daha
çoxdur və onu qoyub gedə bilmirlər.
– Bu mənada ittifaqdan hər hansı dəstək
görürlərmi və ittifaqın belə bir imkanı
varmı?
– Əslində, elə bir imkanımız yoxdur. Olan vəsaitlə
biz tədbirlər təşkil edir, onların paytaxt
tamaşaçıları ilə görüşünə
şərait yaradırıq. Bildiyiniz kimi, bir neçə il
öncə ittifaqlara dövlət tərəfindən müəyyən
vəsait ayrılmışdı. Biz o vəsaitin əsas hissəsini
Ağdam və Füzuli teatrlarına sərf etdik. Onların səhnə
geyimləri, texniki imkanları bərbad idi. Sözsüz ki,
dövlət, əsas qurum kimi Mədəniyyət Nazirliyi bu
problemləri həll etməyə çalışır. Amma
bu elə də asan deyil. Məsələn, çox
yaxşı olardı ki, teatrlar heç olmasa, kommunal xərclərdən
azad olunsun. Bu kimi güzəştlər təkcə bizdə
deyil. Bunu birdən-birə yox, müəyyən faizdə
azalma ilə də eləmək olar. Çox istərdim ki,
özəl şirkətlər də, böyük qurumlar da
arabir teatrlara dəstək olsunlar. Dövlət olaraq bu gün
əsas məsələmiz Qarabağın dirçəlişidir.
Min şükür ki, əzəli torpaqlarımıza
qovuşduq və hazırda dövlətimiz azad
Qarabağımızı yenidən qurur. Bütün bunlara rəğmən
dövlətimiz mədəniyyət sahəsinə, teatra da
diqqətlə yanaşır, maddi təminatına dəstək
üçün addımlar atır və buna görə
dövlət başçımıza daim minnətdarıq.
– Necə düşünürsünüz, bu gün
Azərbaycan teatrı geniş tamaşaçı kütləsini
cəlb etməyə, cəmiyyətə sənətlə həqiqəti
göstərməyə qadirdirmi?
– Mən sizə bir həqiqəti deyim ki, digərlərini
deyə bilmərəm. Mən
çalışdığım teatrın
tamaşalarının sonunu çox diqqətlə izləyirəm.
Yəni təzim məqamını. Bu qənaətə gəlmişəm
ki, yeni nəsil tamaşaçı yaranıb. O nəsil ki,
teatra gəlmirdi. Əvvəllər teatra gələnlər
daha çox ya yaşlı nəsil, ya da ziyalılar idi. Amma
indi tamaşa salonuna baxanda çoxluq olaraq gəncləri
görürəm və çox sevinirəm. Bu, çox
yaxşıdır və inanıram ki, digər teatrlarda da belədir.
Yəni tamaşaçıların teatra, sənətə tələbatı,
ehtiyacı yaranıb. Axı teatr yeganə sənətdir ki,
o, insanla nəfəs-nəfəsə, üz-üzə
dayanır. Yəni canlı sənət olduğu
üçün yeni nəsil tamaşaçı teatrdan
intellekti, zövq və düşüncəsinə uyğun fərqli
mövzu və janrlı nümunələr görür.
– Sizin nəsildən olan aktyorların sayı
azalıb. Ötənlərdə bir tədbirdə
çıxışınız məni kövrəltdi. Deyəsən,
çox darıxırsınız...
– Hə, həm də necə. Axı mən onlarla
teatrda, səhnədə bir ömür sürmüşəm.
– 80 yaşa çatmağın sevinci
böyükdür, yoxsa nostalgiyası? Bu sualı bir neçə
həmyaşıdınız olan həmkarınıza da
vermişəm.
– Vallah, heç təsəvvür etməzdim ki, 80 il
yaşayaram. Min şükür Yaradana, mənə də bu
yaşı görməyi nəsib elədi. Azərbaycan
teatrında elə görkəmli aktyorlar olublar ki, heç
40-ı, 50-ni görməyiblər.
Yaradıcılıqlarının ən parlaq zamanında həyatla
vidalaşıblar. Çünki bu sənət məşəqqətli,
fiziki və mənəvi cəhətdən əzab-əziyyətlidir
axı. Düzdür, tamaşaçı onun parlaq, populyar tərəfini
görür. Amma bizlər ora çatana qədər nələrdən
keçməmişik. Eh, əslində, yaş bir az da genetik
məsələdir yəqin. İndi deyirəm nə
yaxşı ki, bu yaşa çatdım. Çünki həyat
çox maraqlıdır. Deyir yaşlanmaq, qocalıq
seçilmişlərə verilən hədiyyədir. Hər
adama bu imkan verilmir. Min şükür.
– Kinoda baş rollarınız olsa da, teatrda sizi daha
çox ikinci planın qəhrəmanı saymaq olar. İndi
geriyə dönüb baxanda bu barədə nə
düşünürsünüz? Əgər aktyorun bu məsələdə
taleyi rejissordan asılıdırsa...
– Aktyor cəhd edir. Amma sözsüz ki, rejissor təyin
edir bunu. Bir də niyə elə
düşünürsünüz ki, mən baş rollarım
olmayıb? Məsələn, “Sizi deyib gəlmişəm”də,
“Alın yazısı”nda baş rollar oynamışam. Aktyorun
ampluasını təyin edən rejissorlar olur. Düzdür,
cavan vaxtı mənim də Hamlet oynamaq arzularım vardı.
Amma artıq o hisslər də çox uzaqdadır. Aktyor kimi nə
rol verilibsə, onunla razılaşmışam. İlk rolum
“Xırs quldurbasan”da Kərəm olub. Onun da cəmi iki
sözü vardı: “Qaçsa, qaçar e”. Onu elə
deyirdim ki, tamaşaçı gülürdü. Rejissorlar da mənə
ondan sonra inandılar və zamanla daha böyük rollar verməyə
başladılar.
– Hacı müəllim, səhnədə də,
kinoekranda da əsas qəhrəmanlarınız yazıq,
fağır, sakit, sadəlövh adamlar olublar. Həyatda necə?
– Bəli, oynadığım obrazlar təbiətcə
belədir. Oynadığım rolların insani keyfiyyətləri
çoxdur deyə kənardan elə görünürlər.
Onları çox sevirəm. Təmiz, saf, vicdanlı
adamlardır. Fağır, yazıq sözünü qəbul
etmirəm. Özümə gəlincə, sadəlövh deyiləm.
– Deməli, həyatda Mustafa müəllim deyilsiniz?
– Mustafa mənim daxilimdədir. Amma bir az fərqli.
– “Bəyin oğurlanması”ndakı operatorun təbiri
ilə desək...
– (Gülür) Hə, “Elə səni görməsələr
yaxşıdır”ı deyirsiniz? Maraqlıdır ki, o filmlərdəki
obrazların sözləri qısa zamanda belə əzbərə
çevrildi. Ötənlərdə bir tədbir vardı. Birdən
işıqlar söndü. Əhvalımı pozmadan
tamaşaçılardan “Ay camaat, məni eşidirsiz?” deyə
soruşdum. Ardınca “Elə məni görməsəniz
yaxşıdır” dedim və zal qəhqəhəyə qərq
oldu. Obrazlarım, məni sevdirən qəhrəmanlarım
daim mənimlə bax belə yol yoldaşıdır.
Yaxşı ki, bir-birimizi yarı yolda qoymamışıq.
Söhbətləşdi: Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2024.-22 may, ¹38.- S.7.