Qarabağ məktəbinin
“Dəryanur” xalçası Latviya muzeyini bəzəyəcək
Mayın 21-də Azərbaycan Milli Xalça Muzeyində
Latviyanın Yanis Akuraters Muzeyi üçün toxunan
Qarabağ qrupuna aid “Dəryanur” xalçasının təqdimatı
keçirilib.
Tədbirdə Azərbaycan Milli İncəsənət
Muzeyinin direktoru Şirin Məlikova, Latviya Parlamentinin sədri
Daiga Mierina, Latviyanın Xatirə Muzeyləri Birliyinin direktoru
Rita Meinerte, Yanis Akuraters Muzeyinin direktoru Maira Valtere
çıxış ediblər.
2023-cü ildə Azərbaycan Milli Xalça Muzeyi və
Xatirə Muzeyləri Birliyi arasında imzalanmış
müqaviləyə əsasən həyata keçirilən
birgə layihənin iki ölkə arasında mədəni əlaqələrə
töhfə olduğu bildirilib. Diqqətə
çatdırılıb ki, Yanis Akuraters Muzeyində qorunan
ağ-qara arxiv fotosunda əksini tapan xalça azərbaycanlı
və xarici ekspertlər tərəfindən təhlil edilib,
onun Qarabağ qrupuna aid “Dəryanur” xalçası olması,
materialı, rəngləri və ölçüsü müəyyənləşdirilib.
Vaxtilə Yanis Akuratersin evində yer alan həmin sənət
nümunəsi Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi
texnologiya şöbəsində yenidən toxunub.
Sonra qonaqların iştirakı ilə “Dəryanur”
xalçasının hanadan kəsimi mərasimi keçirilib,
bu sənət nümunəsinin ərsəyə gəlməsində
əməyi olanlara təşəkkürnamə təqdim
olunub.
Layihənin rəhbəri Əməkdar mədəniyyət
işçisi Şirin Məlikovadır.
Mədəniyyət.- 2024.-22 may, ¹38.- S.1.