Xalqlarımızı
ortaq mədəni dəyərlər birləşdirir
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin təşkilatçılığı ilə 19–23
may tarixlərində ölkəmizdə Tacikistan Mədəniyyəti
Günləri keçirilir. Bu münasibətlə Tacikistan
Respublikasının mədəniyyət naziri xanım
Matlubaxon Sattoriyenin rəhbərlik etdiyi geniş nümayəndə
heyəti Azərbaycana səfərə gəlib.
Mayın 21-də Azərbaycan Respublikasının mədəniyyət
naziri Adil Kərimli tacikistanlı həmkarı ilə
görüşüb.
Qonağı salamlayan nazir ölkəmizdə Tacikistan
Mədəniyyəti Günlərinin keçirilməsini əlamətdar
hadisə kimi səciyyələndirib. Qeyd olunub ki, iki ölkə
arasında mədəni-ədəbi əlaqələrin qədim
tarixi var. Hazırda dövlət
başçılarımız arasında olan dostluq münasibətləri,
yüksək səviyyəli qarşılıqlı səfərlər
bütün sahələrdə, o cümlədən mədəniyyət
sahəsində əməkdaşlığı daha da möhkəmləndirib.
Adil Kərimli 1-3 may tarixlərində Bakıda
keçirilən VI Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunda Tacikistan nümayəndə heyətinin aktiv
iştirakına görə həmkarına minnətdarlığını
bildirib. Nazir ICESCO-nun Azərbaycanda regional nümayəndəliyinin
açılması ilə bağlı hazırlıq işləri
barədə də qonaqlara məlumat verib.
Mədəniyyət günlərinin yüksək səviyyədə
təşkilinə və nümayəndə heyətinə
göstərilən qonaqpərvərliyə görə təşəkkürünü
bildirən Tacikistanın mədəniyyət naziri Matlubaxon
Sattoriyen mədəniyyətin xalqlarımızı
yaxınlaşdıran əsas amil olduğunu söyləyib,
eyni zamanda iki ölkənin ortaq mədəni dəyərləri
bölüşdüyünü diqqətə
çatdırıb.
Söhbət zamanı Matlubaxon Sattoriyen iki ölkə
arasında incəsənət təhsili sahəsində tələbə
mübadiləsinin əhəmiyyətli olacağını qeyd
edib. O, həmçinin gələn il Tacikistanda Azərbaycan Mədəniyyəti
Günlərinin keçirilməsi təklifini səsləndirib.
Xanım nazir azərbaycanlı həmkarını Tacikistana rəsmi
səfərə dəvət edib.
Görüşdə qarşılıqlı maraq
doğuran digər məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.
Mədəniyyət.- 2024.-22 may, №38.- S.2.