Bakıda “Türk
dünyası” II Beynəlxalq Tələbə
Tamaşaları Festivalı keçirilir
Teatr sənəti sahəsində təhsil alan, hədəfi
təkcə ölkə miqyasına deyil, dünya səhnələrinə
də çıxmaq olan ümidverici gənclər növbəti
layihədə bir araya gəliblər. Sözsüz ki, ilk
olaraq Türk dünyasının sənət ocaqlarında təhsil
alan həmyaşıdları ilə birgə.
20-22 may tarixlərində Bakıda “Türk
dünyası” II Beynəlxalq Tələbə
Tamaşaları Festivalı keçirilir. TÜRKSOY, Elm və
Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı,
Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşən
festivalda beş ölkə – Azərbaycan, Türkiyə,
Özbəkistan, Qazaxıstan və
Qırğızıstan təmsil olunur.
Qardaş ölkələrdən mədəniyyət
və incəsənət profilli ali təhsil ocaqlarının
rektorları, müəllimləri, eləcə də aktyor sənəti
ixtisası üzrə təhsil alan tələbələrindən
ibarət nümayəndə heyətlərinin iştirakı
ilə sənət bayramı çərçivəsində
ilk tədbirlər ADMİU-nun ev sahibliyində baş tutdu.
ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqları
salamlayaraq “Türk dünyası” Beynəlxalq Tələbə
Tamaşaları Festivalının rəhbərlik etdiyi
universitetdə keçirilməsindən qürur duyduğunu
dedi, bu məsuliyyətli vəzifəni onlara həvalə
etdiyi üçün TÜRKSOY-un baş katibi Sultan Raevə
təşəkkürünü bildirdi. Vurğuladı ki, bu
kimi tədbirlər qardaş ölkələr arasında
uzunmüddətli mədəni əlaqələrin, təhsil
sahəsində əməkdaşlığın
inkişafının bariz nümunəsidir.
TÜRKSOY-un baş katibi Sultan Raev festival münasibətilə
hər kəsi təbrik edərək iştirakçılara
uğurlar arzuladı, yaradıcılıq sahələrində
təhsil alan istedadlı gənclərə inamını ifadə
etdi.
Festival proqramına uyğun olaraq qonaqlar ADMİU təmsilçilərinin
ifasında S.Şendilin “Qanlı Nigar” tamaşasına
baxdılar.
Sonra festival iştirakçıları ADMİU-nun
müəllimi, “dOM Teatrı”nın rəhbəri, rejissor Tərlan
Rəsulovun təqdimatında “İnteraktiv teatr” mövzusunda
seminara qatıldılar.
Həmin gün festivala həsr olunmuş mətbuat
konfransı da keçirildi.
TÜRKSOY-un baş katibi Sultan Raev, ADMİU-nun rektoru
Ceyran Mahmudova, Ankara Musiqi və İncəsənət
Universitetinin rektoru Erhan Özden, Özbəkistan Dövlət
İncəsənət və Mədəniyyət
İnstitutunun rektoru Eldor Şermanov, T.Jurgenov adına
Qazaxıstan Milli İncəsənət Akademiyasının
rektoru Arman Judebaev, Qırğız Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin rektoru Tumonboy
Koldoşovun iştirak etdiyi konfransda ölkələrarası
təhsil, sənət sahəsində əməkdaşlıq,
tələbə mübadiləsi, müştərək layihələr
ətrafında söhbət açıldı.
Sultan Raev ilki Özbəkistanda keçirilən festivalın
əhəmiyyətini vurğuladı, 30 illik zəngin yol
keçən TÜRKSOY-un bu kimi ideyaları daim dəstəklədiyini
bildirdi. Qeyd etdi ki, TÜRKSOY əlaqələrin intensiv hal
alması üçün yaradıcılıq istiqamətlərində
təhsil verən müəssisələrin və onların
sayəsində dünya mədəniyyətinə
inteqrasiyanı hədəfləyən gənclərin daha da
tanınması, ən azı öz həmyaşıdları,
gələcək həmkarları ilə təmasına
çalışır.
Baş katib bu məramla ötən il Azərbaycan,
Qazaxıstan, Qırğızıstan, Özbəkistan və
Türkiyənin mədəniyyət və incəsənət
profilli beş ali təhsil ocağının iştirakı ilə
yaradılan Türk Dünyası Sənət Universitetləri
Birliyindən də söz açdı.
Gələcək üçün fərqli istiqamətlərdə
planları olan və onların realizəsinə məhz bu
festivalla daha tez nail oluncağını deyən S.Raev
rektorların mayın sonuna planlaşdırılan ikinci
görüşündə bir sıra önəmli qərarların
alınacağını da bildirdi.
Rektor Ceyran Mahmudova ADMİU-da həyata keçirdikləri
önəmli tədbirlərdən və layihələrdən
bəhs etdi, bu festivalın universitet üçün
böyük əhəmiyyət kəsb etdiyini
vurğuladı. Rektor həmçinin tələbələrin
ilk sınaq, özünü nümayiş meydanı olan
festivalın münsiflər heyətində Türk
dünyasının nüfuzlu sənət xadimlərinin təmsil
olunduqlarını diqqətə çatdırdı.
Xatırladaq ki, festivalın münsiflər heyətinə
Əməkdar incəsənət xadimi, sənətşünaslıq
elmləri doktoru, professor İsrafil İsrafilov (sədr), sənətşünaslıq
üzrə fəlsəfə doktoru, professor, teatr tənqidçisi
Meruyert Jaksılıkova (Qazaxıstan), Özbəkistan
Dövlət İncəsənət və Mədəniyyət
İnstitutu Musiqili teatr sənəti kafedrasının
müdiri dosent Şerzod Muhammadiyev (Özbəkistan), Xalq
yazıçısı, rejissor, teatr tənqidçisi
Janış Kulmanbetov (Qırğızıstan) və rejissor,
aktyor, pedaqoq Murat Atak (Türkiyə) daxildir.
***
Mayın 20-də Azərbaycan Dövlət Akademik
Musiqili Teatrında festivalın təntənəli
açılış mərasimi keçirildi.
Mədəniyyət, Elm və Təhsil nazirlikləri,
AMEA, elm və təhsil ocaqlarının rəhbər şəxslərinin,
mədəniyyət və incəsənət xadimlərinin
iştirak etdiyi mərasimdə öncə TÜRKSOY-un 30 illik
tarixinə qısa videoçarxla nəzər salındı.
Türkdilli ölkələrin mədəniyyət səylərini
birləşdirən beynəlxalq təşkilatın bu
müddətdə böyük işlərə imza
atdığı vurğulandı.
Festivalın işinə uğurlar arzulayan
TÜRKSOY-un baş katibi Sultan Raev dedi ki, təşkilat gənclərlə
bağlı layihələri daim dəstəkləyir. O, qədim
və zəngin türk mədəniyyəti və irsinin
dünya miqyasında daha da tanınması işində
istedadlı gənclərə inamını ifadə edərək
festivalın da bu mərama xidmət etdiyini bildirdi.
ADMİU-nun rektoru Ceyran Mahmudova bu festival
ideyasını dəstəkləyən və realizəsinə
şərait yaradan qurumlara təşəkkür etdi.
Çıxışların ardınca festivalın bədii
proqramı təqdim olundu.
Azərbaycan Yazıçılar Birliyinin katibi
İlqar Fəhminin ssenari müəllifi, Əməkdar artist
Nicat Kazımovun rejissoru olduğu proqramda türk ulusunun
keçdiyi böyük tarixə sərkərdələrin,
dövlət qurucularının bədii obrazlarında nəzər
salındı, incəsənətin ayrı-ayrı istiqamətlərinin
zövqlü çələngi təqdim olundu.
Tamaşaçılar ADMİU-nun xalq
çalğı alətləri orkestri (bədii rəhbər
və dirijor Mustafa Aşurov), tələbə xoru (bədii rəhbər
və dirijor Təranə Yusifova), universitetin müəllim və
tələbələri, müxtəlif illərdə məzun
olmuş tanınmış aktyorlar, habelə Bakı
Xoreoqrafiya Akademiyasının tələbə və
şagirdlərindən ibarət rəqs kollektivlərinin
iştirakı ilə Türk dünyasının seçkin
musiqi və rəqs nümunələrini izlədilər.
***
Festivalın tamaşalarına gəlincə, qardaş
ölkədən tələbələrin səhnə işləri
Akademik Rus Dram və Milli Gənc Tamaşaçılar
teatrlarında nümayiş olunur.
Mayın 22-də Dövlət Milli Gənc
Tamaşaçılar Teatrında festivalın rəsmi
bağlanış və mükafatlandırma mərasimi
keçiriləcək.
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2024.-22 may, ¹38.- S.1;3.