Xalq artisti Roza Cəlilova yubileyi
münasibətilə evində ziyarət olunub
Azərbaycan rəqs sənətinin inkişafında
özünəməxsus yeri olan Xalq artisti Roza Cəlilovanın
mayın 17-də 95 yaşı tamam olub.
Bu münasibətlə mayın 18-də mədəniyyət
naziri Adil Kərimli və nazirliyin məsul əməkdaşları
yubilyar sənətkarı evində ziyarət ediblər.
Roza Cəlilovanı yubileyi münasibətilə təbrik
edən nazir sənətkara möhkəm
cansağlığı və fərəhli ömür
arzulayıb.
Qeyd olunub ki, Xalq artistinin Azərbaycan rəqs sənətinin
inkişafına verdiyi töhfələr Ulu Öndər Heydər
Əliyev və Prezident İlham Əliyev tərəfindən
yüksək qiymətləndirilib. O, respublikanın ali təltiflərinə
və Prezidentin fərdi təqaüdünə layiq
görülüb.
Sonra Azərbaycan mədəniyyətinin
inkişafındakı xidmətlərinə görə sənətkara
nazirliyin Fəxri diplomu təqdim edilib.
Xalq artisti Roza Cəlilova
yaradıcılığına verilən qiymətə və
təbrikə görə təşəkkürünü
bildirib. Sənətkar deyib ki, Ulu Öndər Heydər
Əliyev mədəniyyətimizin bütün sahələri
kimi, rəqs sənətinə də diqqət və
qayğı göstərib. O, mədəniyyətimizin
böyük himayədarı ilə bağlı xatirələrini
bölüşüb.
Qeyd edək ki, Roza Cəlilova 1929-cu ildə Qubada anadan
olub. 1947-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib.
İki il Opera və Balet Teatrının balet truppasında
çalışıb. 1949-cu ildə M.Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasının Mahnı və Rəqs
Ansamblında fəaliyyətini davam etdirib. 1965–1975-ci illərdə
ansamblın rəqs qrupuna rəhbərlik edib.
Rəqqasə uzun illər xoreoqraf kimi də fəaliyyət
göstərib. O, 1989-cu ildə yaratdığı
"Gülüstan" Mahnı və Rəqs Ansamblı ilə
populyarlaşaraq xarici ölkələrdən ardıcıl dəvətlər
almağa başlayıb. Sənətkarın repertuarında Azərbaycanın
milli rəqsləri ilə bərabər ərəb, fars, hind
və bir sıra başqa xalqların rəqsləri də
böyük yer tutub.
Mədəniyyət.- 2024.-22 may, №38.- S.3.