“Kinomuzu yaradanlar... Kinomuzu
yaşadanlar”
Həsən Məmmədov “Böyük dayaq”la
anıldı
Mədəniyyət Nazirliyinin dəstəyi ilə
“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsi davam edir. Azərbaycan
Respublikası Kino Agentliyi, Nizami Kino Mərkəzi, Azərbaycan
Dövlət Film Fondu və Cəfər Cabbarlı adına
“Azərbaycanfilm” kinostudiyasının təşkilatçılığı
ilə keçirilən layihənin məqsədi milli kino ənənələrinin
təbliğidir.
Mayın 17-də Nizami Kino Mərkəzində
keçirilən layihənin növbəti tədbiri görkəmli
aktyor, Xalq artisti, Dövlət mükafatı laureatı Həsən
Məmmədova (1938–2003) həsr olunmuşdu.
Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət
xadimi Cəmil Quliyev unudulmaz sənətkarın Azərbaycan
kino sənətinə bəxş etdiyi müxtəlif obrazlar
haqqında danışdı. Bildirdi ki, əsl
yaradıcılıq orijinal təqdimat, fərdilik tələb
edir. Həsən Məmmədov da ekran obrazlarını bənzərsiz,
məzmunlu çalarlarla, yüksək sənətkarlıqla
təqdim edib. Onun çəkildiyi filmlər bu gün də
maraqla baxılır. O, “Böyük dayaq”, “Gün keçdi”,
“Arxadan vurulan zərbə”, “İstintaq”, “Dədə Qorqud”,
“Axırıncı aşırım”, “Sevil”, “Yeddi oğul istərəm”,
“Bir cənub şəhərində” və digər filmlərdə
yaddaqalan obrazlar yaradıb: “O, kino sahəsinə “Böyük
dayaq” filmində oynadığı Qaraş rolu ilə gəlmişdi.
Bu debütdən sonra qarşıda bizi sevə-sevə izləyəcəyimiz
neçə-neçə film gözləyirdi. Məlahətli
səsə, səmimi çöhrəyə malik Həsən
Məmmədovun yaratdığı obrazlara baxarkən hər
dəfə yeni nələrsə kəşf edirik.
Böyük sənətkarın daxili aləmində bir
ağayanalıq, kübarlıq hiss olunurdu. O, bənzərsiz
səsi ilə də milyonların qəlbini fəth
etmişdi. Həsən Məmmədovun kinoda həyat verdiyi
personajlar öz intellektual səviyyəsi, təbiətcə
sakitliyi və təvazökarlığı ilə
seçilir”.
Cəmil Quliyev sonra “Böyük dayaq” filmi haqqında
söz açdı. Dedi ki, 1962-ci ildə Həbib
İsmayılovun rejissorluğu ilə, Mirzə İbrahimovun
eyniadlı romanının motivləri əsasında çəkilən
film Azərbaycan kinosunun dəyərli nümunələrindəndir.
Filmdə Həsən Məmmədov, Ələsgər Ələkbərov,
Tamilla Rüstəmova, Leyla Rzayeva və digər
tanınmış aktyorlar rol alıb. Ekran işində o
dövrün Azərbaycan kəndini bütün xarakterik əlamətləri
ilə görürük. Bu həm ssenaristin və
quruluşçu rejissorun, rəssamın və operatorun, eyni
zamanda bəstəkarın və bütün aktyor
ansamblının xidmətidir. Filmin ssenari müəllifi Mirzə
İbrahimov, operatoru Xan Babayev, bəstəkarı Fikrət
Əmirov, rəssamı Məmməd Hüseynov, geyim üzrə
rəssamı Bədurə Əfqanlı, səs rejissoru
Əziz Şeyxovdur.
Çıxışdan sonra “Böyük dayaq” bədii
filmi nümayiş olundu.
Lalə
Mədəniyyət.- 2024.-22 may, №38.- S.5.